Bakı, 21 avqust, AZƏRTAC
Dubay Beynəlxalq Hava Limanı (DXB) dünyada ilk süni intellekt texnologiyalar bazasında işləyən dəhlizi istifadəyə verib.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, AI sistemi eyni vaxtda on nəfərə qədər insan xidmət göstərəcək. Sistem fiziki olaraq sərnişinləri nəzarət məntəqələrinə gəlməmişdən əvvəl tanıya bilir. Dubayın Rezidentlik və Xaricilərlə İş üzrə Baş İdarəsinin (GDRFA) baş direktoru general-leytenant Məhəmməd Əhməd Əl Marri bildirib ki, AI dəhlizi prosedurların həyata keçirilməsini sürətləndirir və hava limanının buraxılış qabiliyyətini ikiqat artırır. Sistem şübhəli pasportları birbaşa müvafiq şöbənin ekspertlərinə yönləndirməklə pozuntuları da aşkar edir.
Dubay Hava Limanı 2024-cü ildə beynəlxalq sərnişin axınının həcmi baxımından dünyanın ən işlək hava limanı statusunu qoruyub saxlayıb. Qabaqcıl texnologiyaların tətbiqi gözləmə vaxtını azaldır və bütün prosedurları səyahətçilər üçün rahat prosesə çevirərək, izdihamın qarşısını alır.