Bu bir həqiqətdir ki, kimin başlatmasından asılı olmayaraq bütün müharibələr böyük insan tələfatına, dağıntılara və iqtisadi çətinliklərə səbəb olur. Belə bir deyim də var ki, müharibələri nadanlar başlayır, müdriklər tamamlayır. Şübhəsiz ki, insaların həyatına sağalması mümkün olmayan, nəticələri uzun müddət davam edən ən qanlı müharibələrin sonu da sülhlə bitir. Buna görə də tərəflər münaqişəni dayandırmaq və sülhə nail olmaq üçün danışıqlar aparmağa məcbur olurlar. Bəzən bu sülh müqavilələrlə, bəzən isə sadəcə müharibənin dayandırılması ilə nəticələnir.
2020-ci ilin payızında çoxillik Ermənistan-Azərbaycan müharibəsi ordumuzun zəfəri ilə başa çatan kimi dövlətimizin başçısı Ermənistana sülh təklif etdi. Özü də "mən qalibəm, mən bunu edərəm" ritorikası ilə yox, müdrikcəsinə, sühün region ölkələrinə, o cümlədən müharibədən məğlub çıxmış, iqtisadi cəhətdən zəif olan Ermənistanın özünə də daha çox fayda verə biləcəyini izah etməklə, xilasedicilik missiyası ilə...
Azərbaycan Prezidenti bir daha Cənubi Qafqazı Avropa və Asiya ilə daha geniş regional nəqliyyat şəbəkələrini birləşdirən Zəngəzur dəhlizi (TRIPP) ideyasını irəli sürdü. Həmin dəhlizin əsas əhəmiyyəti onun regional dinamikasını yenidən formalaşdırmaq potensialında olmasındadır. Bu, Azərbaycana Türkiyəyə birbaşa çıxış imkanı verir, regionda iqtisadi və siyasi əlaqələri gücləndirir. Ermənistan üçün isə bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradır, potensial olaraq ənənəvi marşrutlardan asılılığını azaldır. Dəhliz həm də tarixən etnik və ərazi münaqişələri ilə yadda qalan regionda sülh və sabitliyin möhkəmləndirilməsi potensialı yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərinin nəticələri ilə bağlı yerli media nümayəndələrinə müsahibəsində bu barədə demişdi: "Ermənistanın baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz. Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib".
Sözsüz ki, müharibənin vurduğu yaralar, mənəvi-psixoloji zədələr sağalmasa da, iki qonşu ölkə və xalqlar arasında kin, küdurət, nifrət əbədi davam etməməlidir. Nə yaxşı ki, xalqlar arasında milli, dini düşmənçilik toxumu səpib müharibədən mənfəət götürmək istəyənlərdən, insanların həyatı, qanı bahasına öz xoşbəxt həyatlarını, ailələrinin, övladlarının gələcəklərini qurmağa, xalqı aldadıb vəzifə kürsüsünə yüksəlib "karyera" tutmağa çalışanlardan fərqli olaraq Ermənistanda da sülh üçün çalışan, iki xalqın mehriban qonşuluq şəraitində yaşamasını arzulayan qüvvələr var və onlar heç də az deyil.
Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrini bayram günü kimi qiymətləndirib. Fikirlərini "X" hesabında yazan diplomat "Davamlı sülhə gedən yolda tarixi gün. Cənubi Qafqazda sülh, əməkdaşlıq və sabitliyin yeni səhifəsi. Sülhə layiq olan regionumuz üçün bayram günüdür", - qeyd edib.
İranın İRNA agentliyinə müsahibəsində Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın fikirləri isə daha maraqlıdır: "3+3" formatında növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır. Hesab edirəm ki, biz indi Ermənistan və Azərbaycan arasında münasibətlərdə yeni bir dövrə qədəm qoyuruq. Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə regionda nəqliyyat marşrutlarının açılmasıdır. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı, o cümlədən Naxçıvan-Culfa xətti üçün yeni imkanlar açacaq ki, bu da İranın Ermənistana və son nəticədə Qara dənizə çıxışını təmin edəcək".
Xarici işlər nazirinin müavini Ermənistanın "3+3" formatı kimi regional mexanizmlərin gələcək roluna münasibətilə bağlı sualı cavablandıraraq "Biz inanırıq ki, "3+3" formatı regional layihələrin müzakirəsi üçün uyğun platforma yarada bilər. Nazirlərin son bəyanatına görə, növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır və biz Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələr planlaşdırırıq", - deyə bildirmişdir.
Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətini başa vuraraq İrəvana qayıdıb və avqustun 8-də imzalanan Vaşinqton bəyannaməsi ilə bağlı xalqa müraciət edib. Bu müraciət son günlər erməni müxalifətinin mediada dolub-daşan manipulyativ açıqlamalarına, sadə insanların fikrini çaşdıran bəyanatlarına son qoymaq məqsədinə xidmət edirdi:
"Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz".
O, Qarabağı könüllü tərk etmiş erməniəsilli şəxslər barədə də danışmışdır: "Bu barədə bildirmişdim, təkrar edirəm ki, onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır".
N.Paşinyan xatırlatmışdır ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar - birincisi, "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişi paraflayıblar, ikincisi, Birgə Bəyannamə qəbul ediblər.
"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq", - N.Paşinyan deyib. Baş nazir onu da vurğulamışdır ki, əldə olunan razılaşmalar iki xalq arasında düşmənçilik səhifəsini bağlamaq üçün yol açır.
"Biz müharibəni bir alət kimi birdəfəlik rədd etdik və istisna etdik, bu isə yeni mərhələnin başlanğıcı deməkdir. Bu, yenidən nəzərdən keçirilməli olmayan və dəyişdirilməməli olan faktdır. Bu, iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır", - deyə siyasətçi bildirib.
N.Paşinyanın sözlərinə görə, Ermənistanda insanlar sülh arzulayırdılar, lakin "sülh" sözünün özü çox vaxt tənqidlə qarşılanır, ondan istifadə edənlər isə bəzən qınanırdılar.
"Ona görə də sülh bizim üçün yad bir şeydir. Amma sizdən xahiş edirəm: gəlin bu reallığı qiymətləndirək. Bu o deməkdir ki, sülhün nə olduğunu və onun necə göründüyünü sıfırdan öyrənməliyik", - N.Paşinyan deyib.
Avqustun 8-də Bəyənatın imzalanması mərasimində çıxış edən dövlətimizin başçısı xüsusi olaraq vurğulamışdır: "Bu gün tarixi gündür, sülh günüdür. Biz müharibəni qalib kimi başa vurduq və indi regiona qalib sülhünü gətiririk".
Elşən QƏNİYEV,
"Azərbaycan"