İkitərəfli, üçtərəfli, dördtərəfli görüşlərə ehtiyac qalmaz...
ABŞ Prezidenti Trampın rusiyalı həmkarı Putinlə Alyaska görüşündən sonra növbəti ikitərəfli və üçtərəfli (Ukrayna Prezidenti Zelenski daxil omaqla) görüşlərin keçiriləcəyi söylənilir. Hətta Fransa Prezidenti Avropa liderlərinin də iştirakı ilə dördtərəfli görüşün keçirilməsinin vacibliyini qeyd edib. “Əgər təhlükəsizlik zəmanətlərindən danışırıqsa, bu, bütün Avropa qitəsinin təhlükəsizliyinə aiddir. Ona görə də dördtərəfli görüşə ehtiyac var”, - deyə Makron vurğulayıb.
“Röyters” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü Macarıstanda baş tuta bilər.
“Tramp Avropa liderlərinə deyib ki, Putin aşağıdakı ardıcıllığı təklif edib: əvvəlcə Zelenski ilə Putin arasında görüş, sonra ABŞ prezidentinin iştirakı ilə üçtərəfli sammit”, - mənbə bildirib.
Almaniya kansleri Fridrix Merz də Ukrayna prezidenti ilə Kreml rəhbəri arasında görüşün yaxın iki həftə ərzində baş tuta biləcəyini deyib.
Yerli ekspertlər bu barədə nə düşünürlər sualı ilə bir neçə politoloqa müraciət etdik.
Politoloq Vüqar Dadaşovun fikrincə, Vladimir Putinin Alyaskada Donald Trampla görüşü nə Ukraynada müharibəni dayandırmaq, nə də dediyi kimi, sülh yaratmaq məqsədi daşıyırdı. Vladimir Putin Alyaskadakı görüşü Donald Trampı yumşaltmaq və ABŞ–Rusiya münasibətlərində müəyyən qədər güzəştlərə nail olmaq üçün fürsət bilirdi. Görüş və danışıqlar da formal xarakterli idi: “Əvvəla, əgər rəsmi Kreml Ukraynada başladığı müharibəni bitirmək istəyirsə, həm döyüş aktivliyini azaldar və həm də də diplomatik kanallarla hərəkətə keçərdi. Putin Ukraynada işğalını daha genişləndirə bilsə də, əhəmiyyətli hərbi uğurlar qazansa da, yenə də müharibəni dayandlrmayacaq. Putin timsalında Rusiya Ukrayna müharibəsini bütünlüklə SSR-nin və imperiya nüfuzunun bərpası üçün həlledici mərhələ və proses hesab edir. Putin nəinki Alyaska görüşündə, digər platformalarda belə, üçtərəfli formatda Ukrayna prezidenti Zelenskinun iştirakına imkan vermir, onun legitimluyini qəbul etmir. Təbii ki, Putin formal və nəticəsiz danışıqlara getməklə, özünü danışıqlar aparan tərəf kimi təqdim etmək istəyir.
Qaldı ki, Donald Trampın Ukraynaya, Zelenskiyə təsir imkanlarına, sözsüz ki, Donald Trampın artlq imkanları məhduddur. Birincisi, Donald Tramp ABŞ üçün Ukraynadan təbii ehtiyatlarla bağlı müqaviləni artıq əldə edib. İkincisi, Ukraynaya verilən silahların ödənişini isə Avropa İttifaqının üzərinə yükləyib. Üçüncüsü, Alyaskada görüş ərəfəsində Avropa İttifaqının bütövlükdə Ukraynaya dəstək nümayiş etdirməsi və müttəfiqlərin açıq mövqe ortaya qoyması Donald Trampın təkbaşına Rusiya ilə hər hansı bir sövdələşməsinə imkanı məhdudlaşdlrmışdı."
O, qeyd edib ki, Vaşinqtonda baş tutan Tramp - Zelenski görüşünün bu ilin aprel ayında Ağ evdə keçirilən Tramp - Zelenski görüşü ilə mahiyyət və prinsipi eyni olsa da, psixoloji cəhətdən çox fərqlidir. Zelenskinin səmimi və daha ehtiyatlı qəbul edilməsi, təbii ki, Zelenskinin Tramp üzərində psixoloji üstünlüyündən irəli gəlir. Tramp - Zelenski təkbətək görüşündən Rusiya - Ukrayna müharibəsi ilə bağlı müəyyən nəticələr əldə olunsa da, onlar ictimayətə açıqlanmayacaq. Tramp - Zelenski görüşündən sonra planlaşdırılan üçtərəfli Tramp - Putin - Zelenski görüşündəTramp -Zelenski görüşündə əldə edilmiş ancaq açıqlanmayan razılaşmalar elan edilə bilər. Əgər, avqustun 18-də Tramp - Zelenski görüşündən Rusiyanı qaneedici nəticə olmayıbsa, planlaşdırılan üçtərəfli görüş heç baş tutmaya bilər: “Ukrayna Rusiyanın tələbləri uyğun torpaqlarını Rusiyaya güzəştə gedəcəyi inandırıcı deyil. Düşünürəm ki, Zelenski artıq onun Ukrayna torpaqlarını güzəştə getmək səlahiyyətində olmadığını və ərazi və suverenlik məsələlərinin konstitusiyaya uyğun referenduma aid olduğunu bildirməklə həm Trampa mədəni-diplomatik yox, Putinə isə rədd cavabı verir. Əbəs deyil ki, Tramp Zelenski ilə görüş öncəsi, "əgər Ukrayna ilə razılaşmasa olmasa, ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirəcək" açıqlaması Ukrayna və Rusiyanın ortaq məxrəcə gəlmək ehtimalını sıfırlayır. Müharibə davam edəcək və müharibənin davamı, Rusiyadan başqa əksər oyunçuların maraqlarına uyğundur”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva isə deyib ki, ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin Alyaskada baş tutan görüşü beynəlxalq siyasətin ən çox müzakirə olunan hadisələrindən birinə çevrildi. Görüşün yeri təsadüfi seçilməmişdi: Alyaska həm ABŞ və Rusiya sərhədlərinin yaxınlığı, həm də geosiyasi simvolizmi ilə diqqət çəkir. Bu, Vaşinqtonun Moskva ilə münasibətlərə yeni format axtarışının göstəricisi idi. Tramp görüşdən öncə uğur ehtimalını “yüzdə 25” adlandıraraq nəticələrin qeyri-müəyyənliyinə işarə etmişdi. Lakin danışıqlardan sonra yaranan mənzərə göstərdi ki, tərəflər heç bir fundamental dəyişiklik əldə etməsələr də, öz siyasi mesajlarını açıq şəkildə ifadə etməyi bacardılar. Putin Ukrayna məsələsində geri addım niyyətində olmadığını nümayiş etdirdi, bu isə Kremlin mövqeyinin sərtliyini bir daha ortaya qoydu”.
Z.Qarayeva əlavə edib ki, görüşün atmosferi də simvolik məqamlarla yadda qaldı: “Putinin qısa müddətə Alyaskada olması, mətbuat konfransında sərt və saymazyana ritorikası, nahara qatılmaması Rusiya liderinin özünü “şərtləri diktə edən tərəf” kimi göstərmək istəyinin ifadəsi idi- “ABŞ mediası bunu “işğalçının diplomatiyada da özünü qalib kimi təqdim etməsi” kimi şərh etdi. Tramp isə Avropa liderlərini də dolayısı ilə prosesin içinə cəlb etməklə Moskva qarşısında vahid mövqe nümayiş etdirmək niyyətində idi. Beləliklə, o, həm Putinə qarşı sərt görünmək, həm də Avropanı öz liderliyi ətrafında toplamaq üçün fürsət yaratdı”.
Politoloqun sözlərinə görə, nəticə etibarilə, Alyaska görüşü yeni sazişlərin imzalanması ilə deyil, tərəflərin güc nümayişi ilə yadda qaldı: “Putin mövqeyini sərtləşdirərək geri çəkilmə niyyətində olmadığını göstərdi, Tramp isə bu sərtlik fonunda özünü həm danışıqlar aparan, həm də Qərbin birləşdirici lideri kimi təqdim etməyə çalışdı. Görüş, əslində, iki tərəfin də siyasi imic uğrunda apardığı mübarizənin səhnəsinə çevrildi”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, ABŞ Prezident Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa dövlətlərinin liderləri ilə görüşdən çıxan əsas iki nəticədən danışmaq mümkündür. Birincisi, Ukrayna Prezidenti ərazi mübadiləsinin müzakirəsinin əleyhinə deyil. Ancaq o bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə təkbətək və Trampın iştirakı ilə üçtərəfli görüşün nəticələrini gözləmək istəyir. İkincisi, Ağ Ev sahibi müharibə dayandırıldıqdan sonra Ukraynaya təhlükəsizlik təminatının veriləcəyini bildirib.
“Bu o deməkdir ki, NATO üzvlüyü xaricində Ukraynaya elə bir təhlükəsizlik təminatı verilməlidir ki, Rusiyanın gələcəkdə Ukrayna ərazilərinə iddiası və ya hərbi müdaxiləsi mümkün olmasın. Trampın açıqlamalarından görünən odur ki, ABŞ Ukraynanın təhlükəsizliyini təminat altına almaq üçün bu ölkəyə qoşun hissələri göndərməyəcək. Bu məsələni Avropa dövlətləri öz aralarında həll etməlidir. Kiyev üçün təhlükəsizlik təminatı və Rusiyadan qorunmağın yolu bu ölkədə Qərb ölkələrinin hərbi bazalarının yerləşdirilməsidir. Ağ Ev bunun maliyələşməsində iştirak etməyəcək, bu yükü Avropa dövlətləri daşımalı olacaqlar.
Rusiya Prezidenti Vladimir Putin Donald Trampla Alyaskadakı görüşdə istədiyi əraziləri aldıqdan sonra Qərb ölkələrinin Ukraynaya təhlükəsizlik təminatının verilməsinin əleyhinə olmadığını söyləyib. Bu o deməkdir ki, Kreml sahibi Avropa ölkələrinin bir qrupunun Ukraynada hərbi bazalarının yerləşdirilməsinin əleyhinə olmayacaq. Əsas məsələ müharibənin dayandırılması üçün “ərazi mübadiləsinin” hansı prinsip üzrə həyata keçiriləcəyidir. Rusiya 4 bölgəni – Donetsk, Luqansk, Xerson və Zaporojyenin tamamını işğal etməyə çalışır. Belə bir versiya var ki, Vladimir Zelenski bu ərazilərin işğal olunan hissəsindən imtina mövzusunu müzakirə etməyə hazırdır. Çünki Ukrayna üçün bundan sonra işğal altındakı əraziləri geri qaytarmaq çox çətin olacaq. Ancaq Ukrayna bu itkilərini heç zaman hüquqi olaraq tanımayacaq. Bu, Krıma da aiddir. Əgər Zelenski müharibəni dayandırmaq və razılaşma əldə etmək üçün belə bir ağrılı qərara imza atacaqsa, bu, Ukrayna Konstitusiyasına zidd olacaq. Zelenski Konstitusiyanı dəyişdirmək üçün referendum keçirməli olacaq. Ümumiyyətlə mümkün razılaşma Vladimir Zelenskinin reytinqinə zərbə olacaq və Ukraynada gələcək razılaşmadan narazıların sayı çox olacaq.
Hadisələrin başqa istiqamətdə inkişafı da mümkündür. Zelenski Putinlə gələcək görüşdən nəticə əldə etməsə, müharibə davam edəcək. Avropa ölkələri Ukraynanın Rusiya qarşısında məğlub olmasını istəmirlərsə, bu ölkəyə maliyyə və hərbi dəstəyi artırmalı olacaqlar. Bu halda müharibəyə bu və ya digər formada qarışan ölkələrin resursları tükənməkdə davam edəcək. Hansı tərəfin insani və hərbi resursları daha sürətlə tükənərsə, həmin tərəfin məğlubiyyət günü yaxınlaşacaq”- politoloq qeyd edib.
Cavid