Paşinyan hakimiyyəti hazırda bir tərəfdən ölkədə müxalifətin güclənməsi və artan siyasi-ictimai narazılıqlarla, digər tərəfdən isə xarici siyasət məkanında həm Azərbaycan qarşısında sərt reallıqlarla, həm də Rusiyadan birbaşa asılılıq dilemmasıyla üz-üzə qalıb... Belə vəziyyət rəsmi İrəvanı üstəlik, ABŞ və Qərblə Rusiya arasında geostrateji balans axtarışına da vadar edir, bütün bunlar isə Paşinyan hakimiyyəti üçün xüsusilə də, növbəti parlament seçkiləri ərəfəsində “geopolitik labirint” xarakteri daşıyır...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ermənistan hazırda geopolitik dilemma qarşısında qalmış kimi görünür. Belə ki, baş nazir Nikol Paşinyan bir müddət öncə Ağ Evdə Ermənistan adından , Azərbaycan və ABŞ ilə üçtərəfli anlaşma imzalayıb. Həmin üçtərəfli anlaşma ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni rəsmən paraflanmış oldu. Bu, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması və regionda yeni mərhələsinin başlanması baxımdan, strateji xarakter daşıyan addımlardan biri sayılır. Və buna paralel olaraq, ABŞ-ın Zəngəzur dəhlizinin həm açılmasında, həm də gələcək fəaliyyətində birbaşa iştirakını təsdiqləyən sənədin imzalanması Cənubi Qafqaza yeni inkişaf perspektivləri vəd edir.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidenti ilə üçtərəfli anlaşma imzalanmasından ciddi şəkildə narahatdır. Çünki Ağ Evdə əldə olunmuş anlaşmalar Cənubi Qafqazda geopolitk situasiyanı tamamilə dəyişməyə başlayıb. Belə ki, ABŞ bu regionda əsas geopolitik oyunçu statusu qazanmağa çox yaxındır. Buna paralel olaraq, Rusiya isə Cənubi Qafqazda güncə sıxışdırılmış vəziyyətə düşmüş kimi görünür. Və bu səbəbdən də, son vaxtlar Rusiyanın Cənubi Qafqaz regionu üzərində olduqca radikal ssenarilər qurmağa çalışdığı müşahidə edilir.
Təbii ki, bütün bunlar ilk növbədə Ermənistanı çətin vəziyyətə salmağa başlayıb. Belə ki, rəsmi İrəvan Rusiyanın Ermənistana təzyiqlərinin olduqca ağır nəticələr verə biləcəyini tam dəqiqliyi ilə anlayır. Çünki Ermənistanda erməni kilsəsi, oliqarxiya və radikal-revanşist siyasi düşərgənin timsalında Rusiyanın genişmiqyaslı agentura şəbəkəsi fəaliyyət göstərir. Kreml məhz bu agentura şəbəkəsinin vasitəsilə Paşinyan hakimiyyətinin devrilməsinə çalışır. Və bu baxımdan, Paşinyan hakimiyyəti Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində priventiv manevrlər etməyə məcburdur.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın Ermənistan vətəndaşlarına son müraciətində əsas narahatlıq doğuran mövzulara reallığa uyğun şəkildə münasibət bildirib. İlk olaraq, erməni baş nazir vurğulayıb ki, Ermənistanı indiki blokada şəraitindən çıxararaq, müstəqil inkişaf mərhələsinə keçirtmək üçün “Qarabağ hərəkətı” ilə bağlı mövzulardan tamamilə və birdəfəlik imtina olunmalıdır. Baş nazir Nikol Paşinyan birmənalı şəkildə vurğulayıb ki, bu möğzu bəzi xarici dövlətlər tərəfindən həmişə Ermənistanın dövlət müstəqilliyinə qarşı istifadə olunub. Və erməni baş nazirin “Qarabağ problemi”ni icad edən Rusiyanı nəzərdə tutduğu isə qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Ağ Evdə imzalanmış üçtərəfli anlaşmadan sonra bu addımı Ermənistana xəyanət kimi dəyərləndirən, siyasi manipulyasiyalar ilə sülh prosesini bloklamağa çalışan da elə məhz Rusiyanın agentura şəbəkəsinin təmsilçiləridir. Onların sırasına daxil olan politoloq İşxan Saqatelyan da Vaşinqton anlaşmalarını Paşinyan hakimiyyətinin siyasi kursunun iflası və Azərbaycana yeni güzəştlərin edilməsi kimi dəyərləndirib. Onun fikrincə, baş nazir Nikol Paşinyan Ağ Evdə Azərbaycanın maraqlarına cavab verən bütün siyasi-hüquqi öhdəlikləri öz üzərinə götürüb. Və indi “Qarabağ hərəkatı”ndan imtina etməklə, həmin öhdəliklərin icrasına başlayıb.
Rusiyaya bağlı müxalifət düşərgəsinin ümumi mövqeyi ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinin onun xarici siyasətinə hələlik sükutla reaksiya verməsini “dəstək” kimi təqdim edir. Bu düşərgənin təmsilçiləri hesab edirlər ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri Paşinyan hakimiyyətindən xilas olmaq üçün son şans ola bilər. Onların fikrincə, məhz seçkilərdə siyasi hakimiyyət dəyişikliyi sayəsində Ermənistanı “Rusiyanın daha etibarlı təhlükəsizlik çətiri” altına qaytarmaq mümkündür. Əks halda, Ermənistanın itkiləri davamlı xarakter daşıya bilər.
Göründüyü kimi, Kreml Ermənistandakı agentira şəbəkəsinin dili ilə Rusiyanın bu ölkənin mövcudluğu üçün əvəzolunmazlığını təbliğ etməyə çalışır. Eyni zamanda, Kreml Ermənistanı Azərbaycanla sülh sazişi imzalamaqdan və ABŞ-la yaxınlaşmaqdan yayındırmaq üçün Paşinyan hakimiyyəti ilə birbaşa təzyiqli təmaslara da cəhd göstərir. Bu baxımdan, Rusiyanın regional siyasətini təmsil edən səxslərdən birinin - baş nazirin müavini Aleksey Overçukun İrəvana son səfəri diqqəti çəkir. Bu səfər çərçivəsində Ermənistan-Rusiya münasibətləri, xüsusilə də Avrasiya İqtisadi İttifaqında (Aİİ) əməkdaşlıq mövzuları müzakirə edilib. Və Kremlin “rəsmi elçi”si ABŞ-ın Zəngəzur dəhlizinin açılmasında iştirakı təsdiqləndikdən sonra Ermənistana Aİİ-dən qovulmaq təhlükəsi ilə bağlı təhdid mesajı çatdırıb.
Ona görə də, baş nazir Nikol Paşinyan hazırda bir tərəfdən ABŞ-ın Ermənistana yerləşməsini və Azərbaycanla daha tolerant ritorikanı təmin etmək, digər tərəfdən isə Rusiya ilə münasibətlərin açıq qarşıdurna müstəvisinə keçmə təhlükəsindən yayınmaq barədə düşünmək məcburiyyətində qalıb. Belə üçtərəfli manevr üçbucağının arasında qalınması isə müəyyən mənada, Ermənistan üçün geopolitik dilemma anlamı daşıyır. Və bu baxımdan, Ermənistan üçün hazırda yeganə təhlükə təhdidinin məhz Rusiyadan qaynaqlandığı qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın gələcək inkişaf perspektivlərinin önünü açmaq baxımından, Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını əsas dəyişməz prioritet kimi qəbul etdiyi müşahidə olunur. Çünki rəsmi İrəvan üçün bu, Ermənistanın Qərblə yaxınlaşma strategiyasının bibaşa tərkib hissəsi hesab edilir. Eyni zamanda, Kreml ilə iqtisadi-ticari əməkdaşlığın saxlanılmasına yönəlik məcburi cəhdlər isə Ermənistanın enerji, təhlükəsizlik və miqrasiya sahələrində Rusiyadan dərin asılılığından qaynaqlanır. Və bütün bunlar Paşinyan hakimiyyəti üçün xüsusilə də, növbəti parlament seçkiləri ərəfəsində “geopolitik labirint” xarakteri daşıyır.
Göründüyü kimi, nəticə etibarilə, Paşinyan hakimiyyəti hazırda bir tərəfdən ölkə daxilində müxalifətin güclənməsi və artan siyasi-ictimai narazılıqlarla, digər tərəfdən isə xarici siyasət məkanında həm Azərbaycan qarşısında sərt reallıqlarla, həm də Rusiyadan birbaşa asılılıq dilemmasıyla üz-üzə qalıb. Belə vəziyyət isə rəsmi İrəvanı ABŞ və Qərblə Rusiya arasında geopolitik balans axtarışına vadar edir. Ancaq bütün istiqamətlər üzrə təzyiqlər durmadan artdığından, Ermənistan adından atılan hər yeni addım Paşinyan hakimiyyətinin geopolitik manevr imkanlarını daha da daraldır.