AZ

Qərbin Azərbaycana məhrəmliyi artır - Ermənistan yeni şok dalğasında...


Azərbaycan və ABŞ liderləri arasında münasibətlər bu gün erməni cəmiyyətində, xüsusən də diaspor dairəsində ciddi əndişə ilə qarşılanır. Bu fonda “armenianreport” poralı yazır ki, Azərbaycan yeni geosiyasi şəraitdə yenə uğurlu manevrlər edir:

“Bütün dünyanın Vaşinqtondakı sammiti izlədiyi vaxtda Donald Tramp bir daha nümayiş etdirdi ki, onun üçün siyasət, hər şeydən əvvəl, şəxsi simpatiyalar və sövdələşmələr oyunudur. Bu yaxınlarda o, Azərbaycan prezidenti İlham Əliyevin şəninə fəxrlə təriflər söylədi. Ağ Evin rəhbəri Bakıya birbaşa hərbi yardımı məhdudlaşdıran 907-ci düzəlişin məhz onun hakimiyyəti dövründə dayandırılmasından məmnun olduğunu da gizlətmir.

Tramp həm də başqa bir şeylə fəxr edir: bütün prezidentliyi dövründə o, heç vaxt Qarabağ məsələsinə görə Azərbaycana heç nə deməyib. Üstəlik, o, faktiki olaraq erməni xalqının maraqlarının onun üçün əhəmiyyətsiz olduğunu nümayiş etdirib. Tramp özünü xristian dünyasının müdafiəçisi kimi təqdim etməyi xoşlayır, lakin Ermənistan Azərbaycanla savaşı məhz onun dövründə uduzub. Bu, onun əvvəlki prezidentlik dövründə də olub, indi də davam edir. Bəli, Tramp məmnuniyyətlə eyni xətti davam etdirir - Bakıya himayədarlıq edir və erməni tərəfinin mövqeyinə məhəl qoymur. Bəs Vaşinqton masasında Trampın yanında oturan Volodimir Zelenski daha yaxşıdırmı? Qarabağ müharibəsi başlayandan Ukrayna açıq şəkildə Azərbaycanın tərəfindədir. Kiyev 2020 və 2023-cü illərdə Bakını dəstəklədi, onun siyasətinə haqq qazandırdı. Ukrayna diplomatiyası Əliyevi dəstəkləmək üçün sərt anti-erməni xətti tutmadımı? Bəli, dinc ukraynalılara yazıqdır. Lakin onların taleyi Vaşinqtondan kürəyini sığallamaq üçün ölkəni müharibə ocağına atmağa hazır olan Kiyev rejiminin girovlarının taleyidir. Və bu cür ikiüzlülük hər yerdədir. Beləliklə, Almaniya kansleri Olaf Şolz Ukraynanı dəstəklədiyini bir daha bəyan etmək üçün Vaşinqtona gəldi. Amma unutmayaq: uzun illər Azərbaycan neftinin və qazının əsas istehlakçısı Almaniya olub. Ermənistan 2020-ci ildə kömək stəyəndə Almaniya susdu. Baş nazir Keir Starmer Avropa siyasətində yeni oyunçudur, lakin Londonun Bakı ilə bağlı köhnə xətti açıq şəkildə ona yaxındır. Britaniya Azərbaycan nefti və qazı ilə uzun və möhkəm əlaqələrə malikdir. London 1990-cı illərdən Azərbaycanın neft sektoruna fəal şəkildə sərmayə qoyur və istisnasız olaraq Bakıya dəstək verir. Bu, sadəcə olaraq inkar edilə bilməyən bir şeydir. Baş nazir Corciya Meloni də fərqlənmir. İtaliya təkcə Azərbaycan qazını almır, o, Bakının enerji sektorunda əsas tərəfdaşlarından biridir. Bu günlərdə dünya ABŞ-da gördü ki, Qərb Ukraynanı dəstəkləməkdə həmrəydir. Amma həmin Qərb Ermənistana dəstək vermir. Növbəti kimdir? Ermənistan nəticə çıxarmalıdır. Vaşinqtonda toplaşan ölkələr ermənilərin dostu deyil. Onlar Azərbaycanla əməkdaşlığı davam etdirirlər.

Bəli, Rusiya ideal deyil. Bəli, Moskvanın öz maraqları var. Amma Bakını dəstəkləyən, eyni zamanda öz oyunları naminə ukraynalıları ətçəkən maşına atanlarla bu gün həqiqətən də ancaq Rusiya üzləşir. Ermənistan cəmiyyətinin anlamaq vaxtıdır: Qərb heç vaxt müttəfiq olmayıb və olmayacaq”. Ermənistanın “Qraparak” nəşri isə yazır ki, əslində Rusiyaya da etibar yoxdur: “Hakimiyyət nümayəndələri deyirlər: 100 il Azərbaycanla düşmən olmayacağıq ki? Fərz edək ki, düz deyirlər, həqiqətən də daim düşmən qala bilmərik. Burada sual yaranır: bəs nə etməliyik ki, düşmən olmayaq? Əgər Nikol Paşinyanın baş nazirliyi davam etsə, cavab aydındır – Azərbaycanın bütün tələblərini yerinə yetirməliyik. Yəni, manqurtlaşıb, azərbaycanlıların quluna çevrilməliyik. Bu cür düşünən adamlar bu gün Ermənistanı idarə edirlər. 44 günlük müharibədən sonrakı müxalifət hərəkatlarından fərqli olaraq, bu dəfə hərəkat küçədə paralel olaraq yox, daha sistemli şəkildə formalaşır. Bu isə ümid yaradır ki, hakimiyyət nə qədər müqavimət göstərsə də, nəticə başqa olacaq. Üstəlik, əgər Ermənistanın baş naziri Nikol yox, adekvat biri olsaydı, Ermənistan Trampla Putinin gecə danışıqlarından fayda götürə bilərdi. Çünki əgər Ermənistan Qərbdən ümid gözləməyə davam etsə, ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasından zərər görəcək ölkələr Ukrayna və Ermənistan olacaq”. “Eurasianet” nəşri isə bu fonda maraqlı bir mqəama diqqət edərək yazır ki, Tramp yalnız Rusiyanın Ukraynada müharibəni dayandırmaq səylərinin hərəkətverici qüvvəsi deyil, həm də Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında təxminən 40 il davam edən münaqişənin həllinə dair səylərin mərkəzindədir: “Rusiya Qafqazda Trampın ilkin sülh planına ciddi maneəyə çevrilib. Bu planın əsas elementi TRIPP tranzit dəhlizinin yaradılmasıdır, bu dəhliz Azərbaycanı Ermənistan ərazisi vasitəsilə onun eksklavı olan Naxçıvanla birləşdirməlidir. Dəhlizin idarəçiliyi isə ABŞ qurumlarının əlində olmalıdır. dəhlizin funksional detalları hələ hazırlanmalıdır. Kreml və İran ABŞ-nin nəzarətində olan dəhliz ideyasına şübhə ilə yanaşır. Bir çox rusiyalı ekspert TRIPP-i Moskva üçün potensial geosiyasi fəlakət hesab edir. Erməni politoloq Semyon Bağdasarov proqnozlaşdırıb ki, nəticədə Ermənistanda ABŞ hərbi bazası yaradılacaq və İrəvan oradakı rus bazasını bağlayacaq. “Rusiya sərhədləri yaxınlığında güclü ABŞ-Türkiyə körpüsü yaranır. Bu, son dərəcə əlverişsiz ssenaridir”, - deyə Bağdasarov bildirib. O xəbərdarlıq edib ki, TRIPP Ermənistanda Ukraynada baş verəndən daha pis hərbi toqquşmanın başlanğıcı ola bilər. Eyni zamanda, rus millətçi ideoloq Aleksandr Duqin Trampın sülh təşəbbüsünü “alçaldıcı” və rus milli kimliyinin mövcudluğuna təhdid adlandırıb. “Bu ağrı, bu təhqir hər birimiz üçün, hər bir rus insanı üçün sillə kimi qəbul edilməlidir”, - deyə Duqin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin Trampın iştirakı ilə imzaladığı birgə bəyannaməni şərh edərkən qeyd edib”.

Ramil QULİYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr