AZ

Türkiyənin vergi rekordçusu odur

Türkiyədə 2024-cü ilə dair ən çox gəlir vergisi ödəyən şəxs, ixracat gəlirləri ilə tanınan Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar oldu.

Gəlir İdarəsi Başqanlığı (GİB) 2024 vergitutma dövrünə dair ən çox gəlir vergisi ödəyən mükəlləflərin siyahısını açıqlayıb. Siyahının zirvəsində müdafiə sənayesində öncül işləri ilə tanınan Selçuk Bayraktar yer alıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayraktar 2 milyard 767 milyon 587 min 718 lirə gəlir vergisi ödəyərək Türkiyənin ən çox vergi ödəyən şəxsi olub. Onu qardaşı Lütfü Haluk Bayraktar izləyib. O, 2 milyard 528 milyon 619 min 921 lirə vergi ödəyərək siyahıda ikinci yerdə qərarlaşıb.

Siyahının üçüncü sırasında adının açıqlanmasını istəməyən bir mükəlləf yer alıb. Dördüncü sırada iş adamı Mustafa Rahmi Koç 757 milyon 755 min 302 lirə vergi ilə qərarlaşıb. Mehmet Ömer Koç isə 356 milyon 169 min 109 lirə ilə 12-ci sırada yer alıb. İlk 10-luqda diqqət çəkən digər ad isə Erman Ilıcak olub - o, 372 milyon 720 min 505 lirə vergi ödəyərək 10-cu sırada yer alıb. Bir çox mükəlləfin isə adının açıqlanmasını istəmədiyi bildirilib.

2024-cü il üçün Türkiyə üzrə ümumilikdə 5 milyon 132 min 895 mükəlləf gəlir vergisi bəyannaməsi təqdim edib. Bu bəyannamələrlə 1 trilyon 407 milyard 889 milyon 486 min 11 TL gəlir bəyan olunub. Bu məbləğ üzərindən 418 milyard 465 milyon 820 min 799 TL gəlir vergisi hesablanıb.

Ən çox vergi ödəyən ilk 100 mükəlləfin şəhərlərə görə bölgüsü də açıqlanıb. Nəticələr belədir:

İstanbul - 75 mükəlləf

Ankara - 10 mükəlləf

İzmir - 6 mükəlləf

Qaziantep - 5 mükəlləf

Eskişehir - 2 mükəlləf

Bursa - 1 mükəlləf

Karabük - 1 mükəlləf

Ümumilikdə Türkiyə üzrə hər bir mükəlləf orta hesabla 274 min 288 TL gəlir bəyan edib, bunun üzərindən orta hesabla 81 min 526 TL vergi tutulub.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
78
7
milli.az

10Mənbələr