“Qarabağ” “Ferentsvaroş” üzərində qazandığı 3:1 hesablı parlaq qələbə ilə Macarıstanı şoka saldı.
Təmsilçimiz 2022-ci ilin yayında məhz “Groupama Arena”dakı qarşılaşmada da bu rəqibi üzərində eyni hesablı qalibiyyətə sevinmişdi.
Sadəcə, həmin matçlar Çempionlar Liqasının pley-off yox, III təsnifat mərhələsi çərçivəsində baş tutmuşdu.
Çərşənbə axşamı Budapeştdə qeydə alınan nəticə Macarıstan mətbuatında da xüsusi yer tutub. Macar həmkarlarımız “Fradi”nin gözlənilməz məğlubiyyətini ictimaiyyətə müxtəlif başlıqlarla təqdim edib.
m4sport.hu saytı təqdim olunan reportaja “3 il əvvəl olduğu kimi – “Qarabağ” səfərdə “Fradi”ni 3:1 hesabı ilə məğlub etdi” sərlövhəsi ilə işıqlandırıb.
Reportajın son iki cümləsindən isə belədir:
“Azərbaycan çempionu iki top fərqli ilə çıxacağı cavab matçını səbrsizliklə gözləyə bilər. Çünki gələn həftə hər şey onların xeyrinə işləyəcək”.
csakfoci.hu saytı oyuna xüsusi yer verib. Futbolçuların matçsonrası fikirləri, azarkeşlərin tribunalarda yaratdığı ab-havanın videogörüntüləri saytı bəzəyir.
“Ferentsvaroş”un yenilgisinə həsr olunmuş reportaja isə “yenə ÇL, yenə “Qarabağ”, yenə 1:3” sərlövhəsi seçilib.
nemzetisport.hu - Macarıstanın ünlü idman saytı qarşılaşmanı bu cür təsvir edib:
“İkinci hissəyə qara komanda gəldi. “Fradi” Budapeştdə “Qarabağ”a 2 top fərqi ilə uduzdu”.
Ruznyak György adlı həmkarımız son cümlə ilə “Ferentsvaroş”u məğlub olduğuna görə mədəni şəkildə ələ salıb:
“Cavab matçı gələn çərşənbə Bakıda keçiriləcək. “Ferentsvaroş” 2020-ci ildən sonra yenidən Çempionlar Liqasının ən güclüləri arasında olmaq arzusuna çatmağa bir addım da yaxınlaşdı – 1:3”.
Komandalar arasında cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ