AZ

Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Əgər bu gün dillər susdurulursa, sabah xalqların özü susdurula bilər

Son iki ildə Rusiya Federasiyasında yaşayan türkdilli xalqların – tatarların, başqırdların, noqayların, qumuqların, qaraçay və balkarların, saxaların, tuvların və başqalarının dil və mədəniyyət hüquqları daha da dar çərçivəyə salınıb. Rəsmi Moskva “millətlərin dostluğu” şüarını gözə soxsa da, gerçəklik bambaşqadır.

Təhsil: ana dilinin saatları əridilir

2025-ci ildən etibarən məktəblərdə “ana dili” fənninin adı dəyişdirilərək “Rusiya xalqlarının dili” adlandırılıb. Həftəlik dərs saatı isə bir sinif üçün cəmi 1-ə endirilib. Tatarıstanın Elm və Təhsil Nazirliyinin hesabatına görə, 2025-ci ilin əvvəlində tatar dilində dərs keçən məktəblərin sayı 15%-dən çox azalıb.

Başqırdıstanda başqırd dilində dərs deyən müəllimlərin sayı son 5 ildə 2 dəfə azalıb.

Bütün bunlar Tatarıstandan Başqırdıstana, Yakutiyadan Altaya qədər bütün türk icmalarını çox narahat edir. Müəllimlər açıq deyirlər: rus dili tədris prosesində hökmran olduqca, milli dillər sadəcə “əlavə dərs” statusundan yuxarı qalxa bilməyəcək.

Muxtariyyət simvolları silinir

Tatarıstanın ən böyük siyasi rəmzi – “prezident” titulu artıq tarixə qovuşub. Region rəhbəri bundan sonra yalnız “rais” və ya “qlava” adlana bilər. Bu dəyişiklik federativ prinsiplərin zəiflədilməsinin bariz nümunəsi kimi qiymətləndirilir. Başqırdıstanda isə milli-mədəni fəallığın sərt şəkildə cəzalandırılması – Fail Alsınovun işi və onun ardınca baş verən kütləvi etirazların dağıdılması, bu siyasi kursun digər tərəfidir. İnsan Hüquqları üzrə “OVD-Info” təşkilatının məlumatına görə, həmin etirazlarda 1000-dən çox insan saxlanılıbmış.

Müharibənin kölgəsi: itkilər kimlərin üzərinə düşür?

Ukrayna müharibəsi rusiyalı türklərin həyatına da ağır təsir göstərib. Tatarıstan, Başqırdıstan, Tuva, Yakutiya və digər regionlardan on minlərlə gənc cəbhəyə göndərilib. Hesabatlara görə, döyüş itkilərində türk və ümumilikdə qeyri-rus xalqların payı proporsionaldan qat-qat yüksəkdir. “Mediazona” və BBC-nin 2024-cü il dekabr hesabatına görə, cəbhədə həlak olanların siyahısında tatar, başqırd, noqay, tuv və yakut gənclərin payı əhalidəki nisbətlərindən 2–3 dəfə artıqdır.

Məsələn, Tuva əhalisi RF əhalisinin 0,3%-ni təşkil etsə də, itkilərdə payı 1,2% olub. Bu göstərici Başqırdıstan və Yakutiyada da bənzərdir.  Bu isə demoqrafik tarazlığa ciddi təhlükə yaradır.

“Ana dilim” proqramları – vitrinmi, gerçəklikmi?

Rusiya hökuməti müxtəlif  “dil və mədəniyyət festivalı”, “Ana dilim” tipli layihələrlə xalqlara guya qayğı göstərdiyini nümayiş etdirir. Amma bu layihələr real təhsil və hüquqi müstəvidə heç nəyi dəyişmir: rus dili yenə də üstün mövqedədir, milli dillər isə zorla folklor səviyyəsinə endirilir. UNESCO-nun 2025-ci ilin may hesabatında qeyd olunur ki, təhlükə altında olan dillərin siyahısında RF-də 10-dan çox türk mənşəli  dil (noqay, salar, qaraqalpaq, dolqan və s.) var.

2024–2025-ci illər göstərdi ki, Rusiya üçün “millətlərin bərabərliyi” daha çox siyasi şüardır. Gerçəkdə isə türk xalqlarının mədəni və dil hüquqları daraldılır, siyasi muxtariyyətləri zəiflədilir, fəalları təqib olunur. Müharibə isə bu mənzərəni daha da qaranlıqlaşdırır.

ATƏT-in 2024-cü il dekabr yekun hesabatında vurğulanır: “Rusiya Federasiyasında milli azlıqların dil və mədəniyyət hüquqları sistemli şəkildə daraldılır. Xüsusilə federativ subyektlərdə muxtariyyət institutu formallığa çevrilib.”

“Freedom House”un 2025-ci il üçün “Dünyada azadlıqlar” reytinqində Rusiya “azad olmayan ölkə” statusunda qalıb və “etnik azlıqların hüquqları” indikatorunda 100 baldan cəmi 6 bal toplayıb.

Türk dünyası üçün bu vəziyyət təkcə mədəni məsələ deyil, həm də geosiyasi çağırışdır: əgər bu gün dillər susdurulursa, sabah xalqların özü susdurula bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
ayna.az

2Mənbələr