Bəhruz Quliyev: “Bu məsələdə reallıq və prioritetlər düzgün müəyyən olunmalıdır”
İran və Ermənistan yol tikintisi sahəsində əməkdaşlığı genişləndirmək üçün yeni razılığa gəlib. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin sözlərinə görə, tərəflər ikinci Nurduz körpüsünün inşası, mövcud körpünün tamamlanması, terminalların idarə olunması və yük maşınları üçün ödənişlərin tənzimlənməsi barədə ilkin razılıq əldə ediblər.
Nazir bildirib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə strateji şəkildə birləşdirəcək layihənin icrası da irəliləyir: “Culfaya dəmir yolu xətti artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər çəkilməsinə dair qərar qəbul olunub. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzit üçün mühüm rol oynaya bilər”.
Zəngəzur dəhlizi açılmamış Culfadan İrəvana dəmir yolunun çəkilməsi mümkündürmü? Dəhliz açılmamış İran bunu necə edə bilər və niyə olmalıdır ki? Yaxşı olardı, gəlib birinci Zəngəzur dəhlizinin açılmasını təmin edərdiz, ondan sonra Culfadan İrəvana dəmir yolunun çəkilməsini gündəmə gətirərdiz.
“İranın Zəngəzur dəhlizini kənara qoyaraq belə təşəbbüslər irəli sürməsi, əslində daha çox siyasi mesaj xarakteri daşıyır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, İranın Zəngəzur dəhlizini kənara qoyaraq belə təşəbbüslər irəli sürməsi, əslində daha çox siyasi mesaj xarakteri daşıyır: “Əvvəlcədən qeyd edim ki, İran və Ermənistanın yeni nəqliyyat layihələri barədə razılaşmaları diqqətlə izlənilməlidir. İranın Yol və Şəhərsalma naziri Fərzanə Sadiqin açıqlamaları göstərir ki, tərəflər yalnız ikinci Nurduz körpüsü və terminalların idarəçiliyi ilə kifayətlənməyib, həm də Culfadan İrəvana dəmir yolunun çəkilməsi ideyasını gündəmə gətiriblər. Nazir bu xəttin guya Fars körfəzi ilə Qara dəniz arasında strateji tranzit rolunu oynayacağını bildirir. Amma burada bir mühüm sual ortaya çıxır: Zəngəzur dəhlizi açılmamış halda Culfadan İrəvana dəmir yolunun çəkilməsi mümkündürmü? Əlbəttə ki, real mexanizm baxımından bu, olduqca çətin görünür. Çünki Ermənistanla İranın istənilən layihəsi bölgədə ümumi razılaşdırılmış regional kommunikasiyalar sistemindən kənarda həyata keçirilərsə, onun dayanıqlı olması sual altına düşür. İranın Zəngəzur dəhlizini kənara qoyaraq belə təşəbbüslər irəli sürməsi əslində daha çox siyasi mesaj xarakteri daşıyır. Doğrusu, ən sağlam yanaşma bu olardı ki, birinci növbədə Zəngəzur dəhlizinin açılması təmin edilsin. Bu dəhliz açıldıqdan sonra istənilən əlavə layihə - istər Culfadan İrəvana dəmir yolu, istərsə də digər alternativ xətlər – daha asan, daha səmərəli və daha az risqlə reallaşdırıla bilər. Ümumilikdə isə alternativ kommunikasiyaların açılması bölgədə iqtisadi əməkdaşlığın genişlənməsi, tranzit imkanlarının artması və siyasi münasibətlərin sabitləşməsi baxımından əhəmiyyətlidir. Ancaq bu məsələdə reallıq və prioritetlər düzgün müəyyən olunmalıdır. Əvvəlcə razılaşdırılmış beynəlxalq öhdəliklər, yəni Zəngəzur dəhlizi həyata keçirilməlidir. Əks halda, Ermənistan-İran xətti kimi təşəbbüslər sadəcə kağız üzərində qalacaq və regionun əsas oyunçuları tərəfindən ciddi qəbul olunmayacaq”.
Vidadi ORDAHALLI