AZ

Qarabağ erməniləri Paşinyanın Qarabağdan imtinasını fəal dəstəklədi... Vəziyyət dəyişdi...


Qarabağ münaqişəsinin artıq tarix olduğu bütün dünyada qəbul edilsə də, Ermənistanda müəyyən qüvvələr hələ bu xüsusda spekulyasiyalarla məşğul olmağa can atırlar. Elə bu səbəbdəndir ki, baş nazir Nikol Paşinyan “Qarabağ ermənilərinin geri qayıtması real deyil” deyəndən sonra İrəvanda buna etiraz səsləri eşidilir. Radikal müxalifət, vətəndaş cəmiyyəti bunu qızışdırıcı hal hesab edir. Amma Qarabağ erməniləri Paşinyanı haqlı sayır.

Paşinyan xalqa müraciətində bildirib ki, onunla razılaşmayanlar istər-istəməz münaqişənin yenidən canlandırılması məntiqinə qapılırlar: “Qarabağdan didərgin düşmüş həmvətənlərimiz Ermənistanda məskunlaşmalı, burada yaşamalı, yaradıcı fəaliyyətlə məşğul olmalı və Ermənistan Respublikasının tamhüquqlu vətəndaşı kimi cəmiyyətə inteqrasiya olunmalıdırlar”. Paşinyan sülhün regionda bərqərar olduğunu deyib. Ermənistan parlamentində “Hayastan” blokundan olan deputat Kristin Vardanyan bildirib ki, Qarabağ ermənilərinin məsələsini həll etmədən münaqişənin çözülməsi və sülh mümkün deyil: “Ənənəvi bəyanatlar vermək, kommunikasiya yollarını açıq saxlamağı və güc tətbiq etməməyə söz vermək. Amma əgər insanlara harada yaşayacaqları və birgə necə yaşayacaqları deyilməzsə, bu, necə sülh gətirə bilər?”. Qarabağdan erməni əhalisinin köçü 2023-cü ilin sentyabrında Azərbaycanın birgünlük antiterror əməliyyatlarından sonra olub. Azərbaycan hökuməti həmin vaxt Qarabağ ermənilərinin reinteqrasiya planını da açıqlamışdı. Planda qayıdacaq ermənilərə öz dillərində danışmaq, sosial güzəştlər, məşğulluq proqramları, bəzi vergilərdən azad olmaq vədi verilir, onların təhlükəsizliyini Azərbaycan polisi təmin edir. Xankəndidə doğulub böyüyən, Azərbaycanın birgünlük əməliyyatlarından sonra o şəhəri tərk edən Marut Vanyan “Azatutyun” radiosuna açıqlamasında Paşinyanın qarabağlılarla bağlı bəyanatını belə şərh edir: “Paşinyan 100 faiz haqlıdır. Ancaq onun bunu deməsinin bir anlamı yoxdur. Bunu elə Qarabağdan gələnlər deyir... İndi siz adi bir Qarabağ ermənisindən geri qayıtmaq haqda soruşsanız, deyər ki, reallıq nədir, bu, sadəcə bir xəyaldır. İki-üç il uzun bir müddət deyil, insanların hələ də yaddaşında acı xatirələr var, nifrət var, qorxu var, etibarsızlıq var. Əlbəttə, evini itirmək çox ağırdır. Bu, məşhur zarafata da oxşayır: “Çemodanımı oğurlasalar da, evimin açarı ki cibimdədir”. Biz Azərbaycanın Qarabağdan çəkdiyi videolara baxırıq, əlbəttə, darıxırıq”. İrəvanda regional araşdırmalar mərkəzinin rəhbəri Riçard Qiraqosyan deyir ki, qarabağlıların Paşinyan hökumətindən küskünlüyü var. O, Paşinyanın açıqlamalarını qarşıdurma yaradacaq açıqlama hesab etsə də, müxalif kəsimin də elə bir nüfuzunun olmadığını deyir: “Bu baxımdan, onların hər hansı siyasi səfərbərlik və ya təşkilatlanma ehtimalı azdır. Ancaq bu onları Ermənistan hökumətindən uzaqlaşdırır, Ermənistan siyasətinə qoşulmaqdan da imtina etdikləri anlamına gəlmir”.

2023-cü ildə Qarabağdan köç edən ermənilərin əksəriyyəti Ermənistana gəlib. Rəsmi açıqlamalara görə, bu ilin avqustuna qədər 10 mindən çox Qarabağ ermənisinə Ermənistan pasportu verilib. Onların bir hissəsi isə müxtəlix xarici ölkələrə köç edib. Bunlar fonunda Ermənistan artıq başa düşür ki, Azərbaycanla razılaşmadan heç bir gələcəyi yoxdur. Nikol Paşinyanın mövqeyindən yanaşdıqda, Qarabağın işğalı, Azərbaycanla münaqişənin davam etdirilməsi ölkəsinin suverenliyi baxımından iki ciddi problemə səbəb olub. Birincisi, Azərbaycan kimi özündən böyük bir dövlətlə münaqişəni davam etdirməkdən ötrü Ermənistanın Rusiya, Fransa, İran və başqa dövlətlərdən dəstək almaq üçün öz suverenliyindən güzəştə getməsi qaçılmazdı. Belə ki, bu halda Ermənistan öz dəmiryollarını, digər kommunikasiya xətlərini əlverişsiz şərtlərlə həmin ölkələrin istifadəsinə verməklə tam müstəqil aktor kimi hərəkət edə bilməyəcəkdi. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan dönəmində bu özünü qabarıq göstərdi. Köçəryan ölkəsinin borcları qarşılığında Ermənistanın strateji obyektlərini Rusiyaya verdi və İrəvan hələ də bunun əziyyətini çəkir. İkinci məsələ odur ki, üçüncü tərəflər bu münaqişə çərçivəsində Ermənistanda türk düşmənliyini artıraraq öz maraqlarına uyğun siyasət yürüdürdülər. İndi Paşinyanın bütün bunları anlaması müsbət haldır. Baş nazir dərk etdiyi reallığı xalqa çatdırır, işarə edir ki, Ermənistanın təcrid vəziyyətindən çıxmaq, layihələrə qoşulmaq, can verən iqtisadiyyatını dirçəltmək üçün yeganə yolu Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə razılıq vermək, kommunikasiyaları açmaqdır. Bu həm də sərhədlərin demarkasiya və delimitasiyası prosesinin sürətlənməsi deməkdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Nikol Paşinyan dəfələrlə Tavuş istiqamətində demarkasiya edilən sərhəd xəttini ən təhlükəsiz ərazi adlandırıb. Artıq digər ərazilərin də dəqiqləşdirilməsi Ermənistan üçün daha vacibdir. Bununla yanaşı, hökumət başçısı etiraf edib ki, Azərbaycanın bir sıra əraziləri də demarkasiya və delimitasya yolu ilə əsl sahiblərinə qaytarılacaq. Bu, rəsmi Bakının haqlı tələblərindən biri idi və artıq İrəvan reallığı dərk və qəbul edərək, ilk addımı atmaq üzrədir. Qeyd olunduğu kimi Paşinyanın erməni xalqına müraciətində Qarabağ məsələsinin bağlandığını bildirib. O qeyd edib ki, bu məsələ bağlanmasaydı, sülhə nail olmaq mümkün olmazdı. Bununla da Paşinyan ölkədəki Rusiyapərəst qüvvələrə, Qarabağ mövzusunu daim gündəmdə saxlamağa çalışan müxalifət qanadına, erməni diasporuna açıq-aydın daha bir təsir rıçaqının qüvvədən düşdüyünü bildirib. O, müraciətində etiraf edib ki, Qarabağ mövzusu sülh qarşısında ən böyük əngəl olub. İndi bu əngəl aradan qalxır.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr