AZ

Lider böhranı Avropanı çökdürür... Trampın hüzurunda hər kəs aydın göründü...


Bu gün Avropanın üzləşdiyi problemlərin kökündə dayanan başlıca məqamlardan biri də lider faktoru ilə bağlıdır. Avropa lider sarıdan, belə demək mümkünsə, indi ciddi kasadlıq çəkir.

Qeyd edək ki, XX əsrin ortalarına qədər Avropada bir sıra güclü siyasi liderlər formalaşmışdı. Onlar dövlətlərin inkişaf yolunu müəyyənləşdirir, qlobal siyasətdə söz sahibi olurdular. Uinston Çörçill, Şarl de Qoll, Konrad Adenauer kimi şəxsiyyətlər həm ölkələrinin, həm də bütövlükdə Avropanın siyasi xəttini müəyyən edirdilər. Soyuq müharibə dövründə isə Qərbi Avropa ABŞ-ın himayəsi altında olsa da, yenə də özündə müstəqil siyasi iradə nümayiş etdirən liderlər yetişdirirdi. Bu liderlərin əsas xüsusiyyəti milli maraqlarla qlobal çağırışlar arasında balans yarada bilmələri idi. Bugünkü Avropada isə belə xarizmatik və uzaqgörən liderlərin çatışmadığı müşahidə olunur. Xatırladaq ki, 2008-ci il qlobal maliyyə böhranı Avropa iqtisadiyyatını ciddi sarsıtdı. Yunanıstan, İtaliya, İspaniya kimi ölkələr dərin maliyyə böhranına düşdü. Almaniya və Fransa müəyyən qədər bu böhranı idarə etməyə çalışsalar da, liderlik boşluğunun fonunda vahid mövqenin formalaşması çətinləşdi. Avropa xalqları iqtisadi çətinliklər fonunda siyasi liderlərə inamını itirməyə başladı. Populist qüvvələrin güclənməsi də məhz bu etimad böhranından qaynaqlandı. 2015-ci ildə Yaxın Şərqdən və Afrikadan Avropaya kütləvi qaçqın axını başladı. Bu proses Avropa dövlətlərinin həm daxili sabitliyini, həm də birgə siyasət yürütmək imkanlarını sınağa çəkdi. Almaniya kansleri Angela Merkelin miqrantlara qapıları açıq saxlaması Avropa üçün mühüm qərar olsa da, qitədə vahid mövqeyin formalaşmasına gətirmədi. Əksinə, Şərqi Avropa ölkələri sərt mövqeləri ilə fərqləndi, Avropa ittifaqı axilində parçalanma dərinləşdi. Merkel müəyyən dövrdə liderlik nümayiş etdirsə də, onun siyasəti birmənalı qarşılanmadı və yekdil şəkildə dəstəklənmədi. Bu isə Avropada liderlik böhranının miqyasını daha da artırdı. Avropa hazırda ABŞ, Çin və Rusiya kimi qlobal güclərin təsir mübarizəsində qalıb. ABŞ-ın Avropadan təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməsini istəməsi, Rusiyanın enerji və təhlükəsizlik təhdidləri, Çinin iqtisadi təsir imkanlarının artması Avropadan güclü liderlik tələb edir. Lakin Aİ-nin rəhbər strukturları və milli hökumətlər arasında razılaşmaların çətinliklə əldə olunması qlobal miqyasda qitəni zəif tərəfdaş kimi göstərir. Bu vəziyyətdə Avropa dünyada öz sözünü demək iqtidarında olan vahid lider fiquru ortaya qoya bilmir. Qeyd edilənlər ABŞ prezidenti Donald Trampın Vaşinqtonda Avropa liderləri ilə keçirdiyi görüş fonunda özünü bir daha qabarıq büruzə verdi. Burada Ukrayna lideri Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcia Meloni, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də iştirak etdikləri görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna savaşının dayandırılması istiqamətində vacib qərarların qəbul edilməsi olub. Bu görüşdə aparılan müzakirələr, tərəflər arasında razılaşdırılan məsələlərlə bağlı müxtəlif fikirlər, rəylər səsləndirilir.

Görüş zamanı diqqət çəkən əsas məqamlardan biri də çəkilən fotolarlabağlıdır. Fotoların birində Avropa liderləri Donald Trampın qarşısında, bir sırada oturub diqqətlə Ağ Ev rəhbərinə qulaq asırlar. Sanki müəllim öz şagirdləri sıraya düzüb onlara təlimat verir. Ekspertlər isə qeyd edir ki, bu mənzərə vaxtilə qüdrətli liderləri ilə ad çıxarmış Avropanın nə durumda qaldığını əyani şəkildə göstərir. Burada Tramp hansısa Avropa liderini öz səviyyəsində görmür. Burada bir məqamı xüsusi xatırlamaq lazım gəlir ki,avqustun 8-də Tramp Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bu zamanı çəkilən foto və videokadrlarda tamam fərqli mənzərə olub. Həmin görüntülərdə ABŞ və Azərbaycan liderləri yanaşı oturub, səmimi söhbət edir, eyni zamanda əməkdaşlıq sənədlərinə imza atırlar. Beləliklə, fotoların birində böyük hörmətlə Trampın masasının arxasına dəvət edilmiş Azərbaycan rəhbəri, digərində isə ABŞ rəhbərinin qarşısında sıraya düzülmüş Avropa liderləri var. Bunlar kimin əsl lider kimi qəbul olunduğunu açıq göstərir. Avropa həqiqətən də lider böhranı yaşayır. Bu səbəbdəndir ki, son illərdə Avropada populist liderlərin artması diqqət çəkir. Fransa və digər ölkələrdə populist qüvvələrin hakimiyyətə gəlməsi Avropa daxilində gərginliklərə səbəb olur. Bu liderlər qısa müddətli xalq dəstəyi qazanmaq üçün radikal çıxışlar etsələr də, uzunmüddətli strategiya formalaşdıra bilmirlər. Nəticədə Avropanın strateji problemləri daha da dərinləşir. Avropa cəmiyyətləri sürətlə dəyişir. Texnoloji inkişaf, iqlim dəyişmələri, enerji böhranı, demoqrafik problemlər yeni yanaşmalar tələb edir. Gənc nəsil daha çevik, innovativ və şəffaf idarəçilik istəyir. İndiki siyasi liderlər isə bu çağırışlara adekvat cavab verə bilmir. Bu isə siyasətdə boşluq yaradır və radikal qüvvələrin güclənməsinə zəmin hazırlayır. Avropada lider böhranı həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Qlobal güclər arasında balans yaratmaq, iqtisadi və sosial problemləri həll etmək üçün qitə güclü və vizioner liderlərə ehtiyac duyur. Lakin hazırda Avropa bürokratik idarəetmə sistemi, populist siyasətçilərin yüksəlişi və milli maraqların toqquşması səbəbindən belə liderlərin ortaya çıxmasına şərait yaratmır. Avropa üçün çıxış yolu yeni liderlik modelinin formalaşmasından keçir. Bu model çevik, şəffaf, xalqların ehtiyaclarına cavab verən və qlobal miqyasda rəqabət apara bilən liderlər yetişdirməyi tələb edir. Əks halda Avropa həm daxildə parçalanma, həm də qlobal siyasətdə mövqelərinin zəifləməsi ilə üzləşməyə davam edəcək.

Nahid SALAYEV

Seçilən
28
baki-xeber.com

1Mənbələr