“Azərbaycanla Ermənistanın dayanıqlı sülh istiqamətində atdıqları addımlar bütövlükdə region ölkələrinin inkişafı üçün yeni əməkdaşlıq fürsətləri yaradır. Lakin Rusiya və İranın bu fürsətlərdən faydalanıb bölgədə dayanıqlı sülhün, inkişafın, təhlükəsizliyin təmin olunmasına töhfələrini vermək əvəzinə destruktiv mövqe sərgiləyərək, gərginliyə xidmət edən hərəkətləri böyük təəssüf hissi doğurur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycanın yaratdığı reallıqlar nəticəsində 8 avqustda Vaşinqtonda İrəvanla Bakı arasında imzalanan sənədlər və əldə edilən razılaşmalar Avrasiya coğrafiyasında yeni əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində üfüqlər açır:
“Xüsusən də bölgədə reallaşan nəqliyyat dəhlizləri region ölkələri üçün yeni-yeni əməkdaşlıq imkanları yaradır. Moskva və Tehranın bu prosesin irəli aparılmasına təkan vermək əvəzinə, bölgədə proseslərin tormozlanmasına, geriyə dönməsinə və gərginliyin davam etməsinə xidmət edən fəaliyyətlə məşğul olması təəssüf doğurur. Düzdür, biz zaman-zaman Moskva və Tehranın Cənubi Qafqazda dayanıqlı sülhə və sabitliyə xidmət etməyən fəaliyyətinin şahidi olmuşuq, amma yekunda Azərbaycanın yürütdüyü məqsədyönlü və qətiyyətli siyasət nəticəsində bütün bu çətinliklər geridə qalıb. Moskva və Tehranın son vaxtlarda yenidən Azərbaycanı tutduğu yoldan döndərmək üçün başlatdığı genişmiqyaslı bu təhdid siyasəti nəticə etibarilə iflasa uğrayacaq. Heç bir təhdid və təzyiq Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Çünki Azərbaycanın hədəfi həm bölgəni hər hansı qarşıdurma məkanına deyil, əksinə sülh, bərabərhüquqlu və birgə qarşılıqlı əməkdaşlıq coğrafiyasına çevirməkdir. İkinci Qarabağ savaşından sonra Azərbaycan yaratdığı bu reallığın çağırışlarına uyğun olaraq bütün səyini bu istiqamətə yönəldib. Təkcə Rusiya və İran deyil, Azərbaycanın yaratdığı bu reallığı həzm edə bilməyən dünyanın digər güclərinin ölkəmizə qarşı təxribat xarakterli siyasəti də sonunda iflasa uğrayıb. Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və çevik diplomatiyası nəticəsində bu maneələri dəf edərək uğurlara, qələbələrə imza atıb. Bu gün beynəlxalq aləmdə təcrid vəziyyətində olan, dostlarını itirməkdə olan Moskva və Tehran bundan nəticə çıxarıb Azərbaycanın yaratdığı reallığın fürsətlərindən faydalansalar daha yaxşı olar, nəinki mane olmaq... Onsuz da Moskva və Tehran indiyədək olduğu kimi, bundan sonra da Azərbaycanın yaratdığı reallığı qəbul etmək məcburiyyətində qalacaqlar. Bu destruktiv fəaliyyətləri isə onlara başucalığı gətirməyəcək, əksinə beynəlxalq aləmdəki heç də müsbət olmayan imiclərinə daha ciddi zərbə vurmuş olacaq. Nəticədə itirən tərəf olacaqlar. Sülhə, əməkdaşlığa xidmət etməyən siyasətləri Rusiya və İranı üzləşdikləri təcrid vəziyyətinin daha da pisləşməsinə sürükləyəcək. Seçim Moskva və Tehranın əlindədir. Amma yanlışlıqdan dönmək heç zaman gec deyil. Necə ki, sonunda Ermənistan bunu etmək məcburiyyətində qaldı”.
Mürtəza