AZ

Aslan Kərimov: "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsini təmin etdiyini əsla deyə bilmərik"

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsini təmin etməyib".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov deyib.

O, "Qarabağ"ın ötən gün Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirdiyi oyunu şərh edib:

"Təmsilçimiz səfərdə yaxşı üstünlük əldə etdi. Lakin qəti sürətdə demək olmaz ki, "Qarabağ" məsələni həll edib. Bu futboldur və hər şey baş verə bilər. İnşallah, Bakıdakı görüşdə də nəticə istədiyimiz kimi olacaq".

Mütəxəssis səfərdə qazanılan qələbəyə baxmayaraq, Ağdam təmsilçisinin mükəmməl oyun sərgiləmədiyini söyləyib: "Nəticə əladır, lakin məncə, "Qarabağ" mükəmməl oynamadı. Yəni, həm "Ferentsvaroş"un, həm də "Qarabağ"ın müdafiəsində səhvlər var idi. Elə o səhvlərdən birinin ucbatından qapımızda qol gördük. Hətta bir neçə qol epizodunda rəqibin bəxti gətirmədi. Bu o deməkdir ki, hələ heç nə bitməyib. Lakin real danışsaq, Liqa mərhələsinə çıxmaq üçün şansımız böyükdür".

Kərimov Macarıstan klubunun ikinci hissədə durğunluq yaşadığını bildirib: "Əslində "Ferentsvaroş" gözlədiyim kimi çıxış edirdi. İlk hissədə pressinq edirdilər, hücumlara da sürətli atılırdılar. Bir neçə epizodda "Qarabağ"ın müdafiədən hücuma atılmasının qarşısını alırdılar. Lakin ikinci yarıda sanki dayandılar. Təbii ki, bu da yorğunluqdan irəli gəlirdi. Bundan maksimum istifadə edən "Qarabağ" lazımi qolları vura bildi".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"a 3:1 hesabı ilə qalib gəlib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

İdman.biz

Seçilən
38
3
idman.biz

4Mənbələr