AZ

Türkiyədən Avropaya Ukrayna xəbərdarlığı - sülhməramlı qüvvələr gərginliyi daha da artıra bilər...


Türkiyə Avropanın Ukraynaya qoşun yeritmək planına qarşı çıxır. “Turkish Today” mənbələrə istinadən yazır ki, Ankara Avropada yerləşən sülhməramlı qüvvələr ideyasını qeyri-real hesab edir.

Mənbələrin sözlərinə görə, Ankara belə bir addımın Rusiya tərəfindən birbaşa müharibənin tərəfi kimi qəbul ediləcəyinə və bunun regional gərginliyi daha da artıracağına inanır. Ankara hesab edir ki, belə bir təşəbbüsün uğur qazanması üçün təkcə Qərb dövlətləri deyil, münaqişədə bitərəf qalan ölkələr də prosesə cəlb edilməlidir.

Milli Müdafiə Nazirliyindəki mənbə “Turkish Today”ə bildirib ki, Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək planlarını nəzərdən keçirmək hələlik tezdir: “Əgər gələcəkdə atəşkəs əldə olunarsa və sülhməramlı missiya yaradılarsa, o, ilk növbədə neytral ölkələrdən ibarət olmalıdır”.

Mənbə onu da vurğulayıb ki, indiki vaxtda belə bir planı müzakirə etmək düzgün deyil: "Biz hesab edirik ki, bu cür müzakirələrin aparılması tezdir. Vaxtı gələndə buna qiymət veriləcək".

Qeyd edək ki, Finlandiyada çıxan “İltalehti” qəzeti potensial atəşkəsdən sonra Britaniya və Fransanın rəhbərlik etdiyi 50 min nəfərlik sülhməramlı qüvvələrin Ukraynaya yerləşdirilməsi planları barədə məlumat yayıb. Qeyd edilir ki, bu qüvvə “Könüllülər Koalisiyası” adı altında fəaliyyət göstərəcək və qərbli bir generalın komandanlığı altında olacaq.

Bununla belə, türk mənbələri müharibənin hazırkı dinamikasını və belə bir qüvvələrin mümkünlüyünü nəzərə alaraq, Avropanın rəhbərlik etdiyi missiyanın yerləşdirilməsinin “real görünmədiyini” bildirir.

Məsələ ilə yaxından tanış olan ekspertlərin fikrincə, Rusiyanın Avropanı münaqişə tərəfi kimi görməsiAvropanın rəhbərlik etdiyi sülhməramlı qüvvələrin yaradılmasını çətinləşdirə bilər. Türkiyə hesab edir ki, sülhməramlı missiyaya neytral aktorlar cəlb edilməlidir.

Bu arada, Qərb KİV-i yazır ki, potensial sülh razılaşmasından sonra Ukraynaya qoşun göndərməyə hazırlaşan 10 ölkə arasında Türkiyə də yer alır. Fransa prezidenti Makronun açıqladığı plana görə, bu qoşunlar cəbhə xəttində yerləşdirilməyəcək, hava, dəniz və quru təhlükəsizliyinə cavabdeh olacaq.

“Bloomberg”in etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Avropa ölkələrindən ibarət çoxmillətli qrup ilkin olaraq Ukrayna ordusuna təlim və maddi-texniki dəstək verəcək. ABŞisə qoşun göndərməyəcək, əvəzinə kəşfiyyat mübadiləsi, sərhəd nəzarəti, silahların ötürülməsi və potensial hava hücumundan müdafiə dəstəyi təmin ediləcək.

TAHİR

Seçilən
52
baki-xeber.com

1Mənbələr