AZ

Azad Laçın sevincli günlərini yaşayır


Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən 26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir.Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindətarixi Zəfəri siyasi müstəvidə də öz təsdiqini tapdı. Belə ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda isə Laçın geri qaytarıldı.Üç il bundan əvvəl,2022-ci avqustun 26-da isəAzərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 beynəlxalq, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan muzdlu ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

44 gündə 30 ilin işğalına son qoyan, ədaləti bərpa edən Azərbaycan azad edlimiş ərazilərimizdə apardığı bərpa-quruculuq işləri ilə dünya hərb tarixində də ilkə imza atdı. Müharibədən dərhal sonra başlanan bərpa-quruculuq işləri dünyanı heyrətləndirdi. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixindəAzərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağı ucaldıldı. Bununla da Azərbaycanın həyatından yeni dövr başlamaqla yanaşı, azad edilmiş bütün ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri geniş miqyas aldı.

Bu gün azad Laçının dirçəlişindən, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Qürurvericidir ki, azad edilmiş ərazilərimiz üzrə şəhər günlərini qeyd edir, görülən işlərin miqyasından, bu torpaqların diplomatik mərkəz kimi dünyanın diqqətində olmasından qürurla bəhs edirik. Tarixi Zəfərimizdən ötən bu dövrdə dövlət başçısı İlham Əliyevin Laçın rayonuna 8 səfəri reallaşıb. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Belə ki, Prezident İlham Əliyevxeyli sayda sosial obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak etmiş, görülən işlərlə tanış olmuşdur. Dövlətimizin başçısının bu ilin28 May-Müstəqillik Günü ərəfəsində Qarabağa səfəri zamanı Laçında açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibi zəngindir. Belə ki, “LATIFA” Laçın tikiş fabrikinin, «PIRSHAGHI» ayaqqabı fabrikinin Laçın filialının, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, Bəylik kəndinin, “Laçın” İstirahət Kompleksinin, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarınınaçılışı oldu, Laçın kanat yolunun təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyev Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim etdi. Ölkə Prezidentinin bu səfəri həm Laçın Beynəlxalq Hava Limanın açılışı, həm dəAzərbaycan,Türkiyəvə Pakistan liderlərininZirvə görüşü ilə tarixə yazıldı. Azad edlimiş ərazilərimizdə inşa olunan Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının açılışıAzərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirilib.

2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verildi. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən“İndi Laçın rayonunda artıq dörd yaşayış məntəqəsi bərpa edilib. Amma, ümumiyyətlə, bərpa edilmiş şəhər və kəndlərimizin sayı 15-ə çatıb. Bütün bunları qısa müddət ərzində etmişik və işlər davam etdirilir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirmişdir ki, indi bizim gözəl tarixlərimiz,bayramlarımız var. 18 may - Laçının işğal günü, 8 may - Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. İşğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu, hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. İndi 8 Noyabr günümüz var - Zəfər Günü,26 Avqust günümüz var.Laçının azad olunması günü və Laçın Şəhəri Günü kimi qeyd olunur. 23 Aprel var. O vaxtLaçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq vəsərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük. Təbii ki, 20 Sentyabr - bu daböyük Zəfər günümüzdür. Birgünlük antiterror əməliyyatı nəticəsində separatizmin kökü kəsildi, Ermənistan ordusu tam təslim oldu. Artıq yeni dövr başlamışdır və bütün dünya bununla hesablaşmağa məcbur oldu.

Göründüyü kimi, şanlı Zəfərimiz biri-birindən möhtəşəm günlərə, tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrə yol açdı. Bütün azad olunmuş torpaqlarımız dirçəlir, özünün sevincli, xoşbəxt günlərini yaşayır. 30 il səbirsizliklə gözlədiyimiz bu sevincin şahidinə çevrilmək, bu hissləri yaşamaq böyük xoşbəxtlikdir.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Seçilən
47
7
baki-xeber.com

8Mənbələr