AZ

Əməliyyat zamanı canlı yayım açan həkimi hansı cəza gözləyir? RƏSMİ

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər sosial şəbəkələrdə bəzi həkimlərin əməliyyat və prosedurlar zamanı qeyri-etik hərəkətləri ölkədə müzakirə mövzusuna çevrilib.

Həkimlərin əməliyyat və ya müayinə zamanı xəstənin icazəsi olmadan video və foto çəkməsi, yaxud əməliyyat otağında rəqs etməsi tibbi etikanın pozulmasının göstəricisidir.

Bəs tibbi etik qaydaların qorunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, əməliyyat zamanı icazəsiz çəkiliş qanunsuzdur və cərimələr tətbiq olunur:

“Vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Belə hallarda zərurət yarandıqda qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir. Məhz son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır, nəticə olaraq xəbərdarlıq və cərimələr tətbiq edilir.

Həmçinin, AEM tərəfindən hər bir fakt üzrə həkimlər və klinikaların rəhbərliyi Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli “Həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında” Əmri barədə məlumatlandırılır. Tibb müəssisələrində sanitariya-gigiyena və infeksiyadan qorunma qaydalarına əməl olunması qanunla müəyyən edilmiş tələblərdəndir.

Əməliyyat zamanı çəkilişin aparılması yalnız elmi-tədris məqsədi ilə, cərrahiyyə otaqlarında gigiyenik normalara və texniki tələblərə uyğun şəkildə həyata keçirilə bilər. Əks halda, bu, infeksiya yayılması və sanitar qaydaların pozulması riski yaradır”.

Bildirilib ki, əməliyyat zamanı qeyri-etik hərəkətlər həkim etikasına ziddir:

“Qeyd olunan davranış, yəni əməliyyat zamanı həkimin sosial şəbəkələrdə canlı yayım etməsi həm “Həkimlərin etik davranış qaydaları”na, həm də reklam və şəxsi maraqların təbliği ilə bağlı qanunvericiliyə ziddir.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 29 dekabr 2011-ci il tarixli əmrilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydalarının” VI bəndinə əsasən: “Həkimlərin tibbi xarakterli nəşrlərdə, elmi forum və ictimai çıxışlarında, habelə media ilə maarifləndirmə fəaliyyətində etik normalara əməl etməsi, çıxışların yalnız elmi-praktik məzmun daşıması, reklam və qeyri-sağlam rəqabət elementləri daşımaması tələb olunur. Həkim öz vəzifəsindən digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir”.

Qeyd olunub ki, əməliyyat zamanı icazəsiz sosial şəbəkə yayımı qanun pozuntusudur və həkimlərə 300–500, müəssisələrə 1000–2000 manat cərimə tətbiq oluna bilər:

“Əməliyyat zamanı sosial şəbəkə vasitəsilə qeyri-rəsmi çəkiliş və yayım halları bu prinsiplərin pozulması sayılır və müvafiq inzibati məsuliyyət yaradır. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən, müalicə, profilaktika və diaqnostika xidmətlərinin reklamı yalnız müəyyən olunmuş qaydada həyata keçirilə bilər.

Bu tələblərə əməl edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilərlər.

Media və sosial şəbəkələrdə canlı yayım vasitəsilə bu qaydaların pozulması halları ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən mütəmadi olaraq həkimlərə və tibb müəssisələrinə rəsmi sayt (www.pharma.az) və sosial media platformaları vasitəsilə xəbərdarlıqlar edilir”.

Gülər

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr