Ses qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Elçin Bayramlı
Azərbaycanda erkən yaşda qadınlar arasında abort sayı artıb. “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsinə görə, 2024-cü ildə ölkədə 78 245 abort qeydə alınıb. Onlardan 72-si 15-17 yaş, 2 751-i isə 15-19 yaş qrupuna aiddir.
BMT-nin araşdırmalarına görə, hər il dünyada 55 milyondan çox qadın abort olunur. Onların 20 milyondan çoxu qeyri-leqal abortlardır ki, bu da ana ölümü hallarının artmasına səbəb olur.
Dünya üzrə hər 1000 qadına il ərzində 35 abort düşür. Bu sahədə ən aşağı göstərici Hollandiya, Belçika, Almaniya və İsveçrədədir- il ərzində 1000 qadına 10 abort. Ən yüksək göstəricilər Vyetnam, Rumıniya və Kubadadır- hər 1000 qadına il ərzində təxminən 80 abort.
Bir çox müsəlman ölkələrində (İran, Misir, Əfqanıstan, Türkiyə, BƏƏ, İraq, Suriya, Yəmən) abortla qanunla qadağandır. Yalnız Səhiyyə Nazirliyi mütəxəssislərinin rəyindən sonra və yalnız hamiləliyin 4-6 həftəsinədək aborta icazə verilə bilər.
Azərbaycanda isə qanunvericilik, abortları qadağan eləmir. Lakin, Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur eləmək cinayət məsuliyyəti yaradır.
Rəsmi məlumatlara görə, hər il ölkədə 80 min civarında abort əməliyyatı aparılır. Nəzərə alsaq ki, bizdə faktiki edilən abortların böyük hissəsi qeydiyyata alınmır, o zaman məlum olar ki, Azərbaycanda bu sahədə vəziyyət təsəvvür edildiyindən də ağırdır.
Abort əksər hallarda qadının öz arzusu ilə reallaşır. Amma deməliyəm ki, bəzən onları bu addıma ailədə məcbur edirlər. Hətta, bəzi hallarda qadınlar körpəsini dünyaya gətirmək istəyində olsa da, onu zorla aborta məcbur edirlər.
Abort etdirənlər arasında başqası ilə könüllü cinsi əlaqədə olan və ya zorlanan məktəbyaşlı qızların sayı getdikcə artır. Belələri, gənc oğlanlarla cinsi münasibətdə olurlar və hamilə qaldıqları məlum olanda ailələrindən xəbərsiz abort etdirirlər. Tanış həkimlər deyir ki, onlara hətta 14-15 yaşlı qızlar da müraciət ediblər abort üçün, bəziləri ildə 2-3 dəfə gəlir.
Burda sosial problemlərlə yanaşı, mənəvi psixoloji problemlər də mühüm roy oynayır. Şəxsən mən hesab edirəm ki, abortların arasında ən çoxu elə mənəvi səbəblərdən yaranan abortlardır ki, burda da cəmiyyətin əxlaqi dəyərlərinin getdikcə daha çox deqradasiya olduğunu görürük.
Müxtəlif beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan dünyada ən çox selektiv abort baş verən ölkələrdən biridir. Son dövrdə oğlan uşaqlarının sayı sürətlə artır. 10 il əvvəl qızların oğlanlara nisbəti 49:50 idisə, indi 48:52-dir. Buna səbəb qız uşaqlarının doğulmamışdan əvvəl cinsinə görə abort etdirilməsidir.
Azərbaycanda qız uşaqlarının son illər daha çox abort etdirilməsinin səbəbi bu göstərilirdi ki, ölkədə ultrasəs müayinəsi son illərdə keçmiş dövrə nisbətən daha əlçatan olub. Lakin respublikamızda həkimlərə USM müayinəsi zamanı uşağın cinsiyyətini demək qadağan olunub, bu, yalnız abort edilmə vaxtı keçəndən sonra, doğuşa az qalmış mümkündür.
Buna baxmayaraq, selektiv abortların sayı azalmaq əvəzinə artır. Demək, valideynlər bunu öyrənməyin yolunu tapıblar. Ya rüşvət qarşısılığında həkimlər deyir, ya da hansısa yolla aydınlaşdırırlar.
Qeyd edək ki, təbii halda hər 100 qıza qarşı 105 oğlan doğulur. Amma bəzi ölkələrdə bu balans selektiv abortlarla oğlanların xeyrinə dəyişdirilir. Hazırda hər 100 qıza qarşı Azərbaycanda isə 115 oğlan doğulması düşür.
Bu göstərici artıq SOS siqnalıdır. Buna görə də, abort faktiki qətl hesab olunmalı, buna görə ağır cəza tətbiq edilməlidir. Əks halda, yaxın gələcəkdə cox ciddi demoqrafik problemlərlə qarşılacağıq.
Abortun qadağan edilməsi insan hüquqlarına zidd deyil, tam əksinə- bu, insan hüquqlarını qorumaqdır, elm təsdiq edib ki, doğulmamiş körpə hələ 1 aylığından sonra insana xas əksər əlamətlərə malikdir. Faktiki olaraq, abort birbaşa qətl hadisəsidir, insan öldürməyə görə verilən cəzalar burada da tətbiq edilməlidir. Uşaq qatilləri ciddi cəzalandırılmalıdır, burada iştirak edən həkim də, digər ailə üzvləri də.
Yalnız ciddi və ağır cəzalarla bu problemin qarşısını almaq mümkündür. Əks halda vəziyyət getdikcə pisləşəcək. Sağlam gələcək istəyiriksə bunu etməyə məcburuq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.