Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytı məlumat yayıb.
MOK-un inzibati binasında Albaniyanın idman rəsmiləri ilə görüş olub.
Toplantıda qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, MOK-un xarici əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirak ediblər.
Görüşdə Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı memorandumun imzalanması məsələləri müzakirə olunub.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlər və qazanılan uğurlar barədə ətraflı məlumat verib.
Çingiz Hüseynzadə söhbət zamanı Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyətindən danışarkən bu idman növü üzrə də idmançılarımızın Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırdığını qeyd edib. O, həmçinin iki ölkə arasında memorandum imzalanmasından sonra yerli federasiyaların da daha sıx əlaqələr quracağına inandığını bildirib.
Albaniya Olimpiya Komitəsinin prezidenti Fidel İlli bildirib ki, ölkəmizə budəfəki səfərinin əsas məqsədi Azərbaycan Milli Olimpiya Komitəsi və federasiyaları ilə əməkdaşlıq imkanlarını genişləndirməkdir:
“Bizim infrastrukturumuz sizin qədər geniş olmasa da, çox yaxşı əlaqələrimiz var. Bundan istifadə edərək əlaqələrimizi daha da genişləndirmək olar. Onu da qeyd etmək istəyirəm ki, biz bu görüşdən istifadə edərək, memorandumun imzalanma prosesini də müzakirə edə bilərik. Albaniya bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. İstərdik ki, birlikdə tərəfdaşlığımıza başlayaq və uğurla davam etdirək”.
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti, Albaniya Ağırlıqqaldırma Fedeasiyasının prezidenti Astrit Hasani də Bakıda olmaqdan məmnunluğunu bildirib. O, Azərbaycan və Albaniya arasındakı əlaqələrin, həmçinin, Avropa Olimpiya Akademiyasının ağırlıqqaldırma üzrə fəaliyyətinin də genişləndirilməsinin vacibliyini qeyd edib. Astrit Hasani həmçinin bildirib ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının məsləhətçisi vəzifəsinə namizədliyi irəli sürülüb. O, eyni zamanda, Səbinə Rzayevanın isə beynəlxalq qurumun Gender Bərabərliyi Komissiyasının üzvülüyünə namizədliyinin irəli sürüldüyünü də diqqətə çatdırıb.
Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay Azərbaycan Gimnastika Federasiyası ilə olan əlaqədən danışaraq son dörd ildə təmsilçilərimiz arasında treninqlərin həyata keçirildiyini qeyd edib. O, bu tərafdaşlığın idmanın inkişafına və qarşılıqlı əlaqələrin genişlənməsində də böyük rol oynayacağını bildirib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynazadə Azərbaycanda Gimnastika idman növünün də inkişaf etdiyini deyib. O, bildirib ki, gimnastika üzrə qrup hərəkətləri komandamız ötən il keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında beşinci yeri tutub: “İnanıram ki, ağırlıqqaldırma ilə yanaşı, gimnastika üzrə də əlaqələrimiz genişlənəcək”,
Daha sonra MOK-un vitse-prezidenti memorandumda əks olunacaq məsələlərlə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd edib.