AZ

"Prezidentin addımları geoiqtisadi sabitlik gətirdi" - ŞƏRH EDİLDİ

"Vaşinqton səfəri Azərbaycan prezidentinin triumfudur. 2000-ci illərin əvvəllərində Azərbaycanla Amerika arasında yüksək səviyyəli münasibətlər mövcud idi. Lakin Azərbaycana düşmən olan və ölkəmizi sevməyən qüvvələr həmin münasibətləri zəiflətmək üçün əllərindən gələni etdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qədir Aslan deyib.

Onun sözlərinə görə, Vaşinqtondan Azərbaycana baxış heç vaxt birmənalı olmayıb, ümumiyyətlə, orada oturuşmuş elita və isteblişmentin Azərbaycana dair fikirləri həmişə müsbət olub. Qeyd etmək lazımdır ki, o vaxt “Əsrin kontraktı” da ABŞ-ın nüfuzunu və sözünün çəkisini ortaya qoyması ilə baş tutmuşdu: "Bizim aramızda münasibətlər bəzən aşağı, bəzən isə yüksələn mərhələdə olub. Lakin mən proqnozlarımda həmişə demişəm ki, Azərbaycan və Amerika bir gün çox mühüm sənədlər imzalayacaqlar — və budur, həmin gün gəldi.

Azərbaycan prezidenti bu səfərdə triumf qazandı, zəfəri çaldı — geostrateji, geoiqtisadi və geosiyasi baxımdan. Təsəvvür edin ki, üç istiqamətdə də Vaşinqtonda imzalanan sənəd Azərbaycanın əl-qolunu açdı. Bundan əlavə, həmin sənədlərin imzalanması xarici investisiyaların — münaqişə dövrünün bitməsi və sülh dövrünün başlanması ilə — Qafqaza və konkret olaraq Azərbaycana axınını tətikləyib, yolunu açdı.

Bundan əlavə, həm ölkə daxilində, həm də regionda demokratik islahatların, iqtisadi və maliyyə islahatlarının başlanmasına zəmin yaradıldı. Yəni, islahatlar və reformalar artıq başlayacaq. Qafqaz regionunda yaşayan xalqların hər mənada həyatı təkmilləşəcək və irəli gedəcək.

Region ölkələrindən imperialist baxışa malik olan dövlətlər mövcuddur — bunlar əsasən Rusiya və İrandır. Təbii ki, bu ölkələr Azərbaycan prezidentinin baxışlarını qəbul etmirlər. Onlar bu siyasətə qarşı kontur siyasəti yürüdüb diversiyalar həyata keçirirlər. Son dönəmlərdə isə həmin sənədlərin imzalanmasından sonra, istər sosial mediada, istərsə də ənənəvi mediada informasiya diversiyası və obyektivliyin təhrif olunması istiqamətində addımlar atılıb. Azərbaycana qarşı xüsusi psixoloji və informasiya əməliyyatları aparılır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
1
1
sia.az

2Mənbələr