İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclərüçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” keçirilir. Şəki şəhərində keçirilən düşərgənin əsas məqsədi gəncləri ətraf mühit problemlərinə yaradıcı həllər təqdim etməyə, yaşıl texnologiyalar və sosial sahibkarlıq üzrə bacarıqlarını inkişaf etdirməyə yönəltmək, eyni zamanda onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı təşəbbüslərə sövq etmək üçün gücləndirməkdir.
18-22 avqust tarixlərini əhatə edən düşərgənin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxış edib.
Bildirilib ki, COP29-un ölkəmizdə keçirilməsi, ölkə başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi” və bu əsasda təşkil olunan tədbirlər gənclərimizin həm yerli, həm də beynəlxalq səviyyədə ətraf mühit məsələlərinin müzakirəsi və həllində rolunu ciddi şəkildə aktivləşdirib. “Ecoinnovators” layihəsi də COP29 mirasını davam etdirərək gənclərin ekoloji təşəbbüslərə qoşulmasına və qlobal çağırışlara cavab verməsinə şərait yaradır. Layihəyə gənclər tərəfindən yüksək maraq göstərilib və ümumilikdə 450-dən çox gənc müraciət edib. Bu da layihənin gənclər üçün əhəmiyyətini bir daha göstərir.
Açıq havada çadır şəraitində keçiriləcək düşərgə 5 gün müddətində davam edəcək və gənclər mütəxəssislər tərəfindən keçirilən “Sosial ekologiya nədir və ekoloji izimiz”, “Regionlarda ekoloji problemlər və onların həll yolları” və.s mövzularında təlimlərdə iştirak edəcək. Növbəti günlərdə isə ekoliderlər iqlim dəyişmələrinə uyğunlaşma, sosial sahibkarlıq, yaşıl texnologiyalar üzrə nəzəri və praktiki təlimlər də alacaqlar. Proqramda təlimlərlə yanaşı, vörkşoplar, info sessiyaların təşkili və iməcilik də nəzərdə tutulub.
Qeyd edək ki, layihə proqram xarakterli olub, iki illik bir dövrü əhatə edəcək. Bu müddətdə 6000-dən çox insanı ekoloji maarifləndirmə kampaniyaları ilə məlumatlandırmaq nəzərdə tutulub. Gənclər tərəfindən təşkil olunacaq təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılacaq maarifləndirici kontentlər yerli icmalarda dəyişiklik yaradacaq. Düşərgədən sonra iştirakçılar öz bölgələrində 1000 nəfərə yaxın gənci təlimləndirərək ən azı 10 davamlı icma təşəbbüsünə start verməyə çalışacaqlar. Layihənin uzunmüddətli hədəfi gənclərdən ibarət liderlər şəbəkəsi yaradaraq ekoloji məsuliyyət mədəniyyətini genişləndirməkdir. Bu istiqamətdə layihələr təşkilat tərəfindən bundan sonra da həyata keçiriləcək. Təlimlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, "SABAH.HUB", Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzi və.s qurumlardan ekspert və mütəxəssislər, eləcə də peşəkar təlimçilər cəlb edilib.