Müqavilə əsasında Serbiyanın “Srvena Zvezda” komandasına məxsus olan və icarə əsasında ölkənin digər klubu “Qrafiçar”da çıxış edən Azərbaycanın U-17 millisinin futbolçusu İslam Həsənovun AZƏRTAC-a müsahibəsi
- Bu ilin yanvar ayında Serbiyanın “Srvena Zvezda” komandasından icarə əsasında ölkənin digər klubu “Qrafiçar”a keçdiniz. Bu komandadakı işləriniz necə gedir?
- Açığı, hər şey qaydasındadır. Artıq komandaya tam uyğunlaşmışam. Futbolçunun adaptasiya prosesi asan olmur, amma mənim üçün çətin keçmədi. Bu il daha güclü kollektiv formalaşıb. Bir-birimizi meydanda və meydandan kənarda çox yaxşı başa düşürük.
- Serbiyadakı həyat tərzindən razısınız?
- Peşəkar futbolçunun həyatı nizam-intizam tələb edir. Mən də əsl idmançı həyatı yaşayıram: məşq, ev, dərs və yenidən məşq. Elə vaxt olur ki, 2-3 dəfə məşq edirik. Mən bundan zövq alıram. Hər məşq məni həm fiziki, həm də psixoloji baxımdan gücləndirir. Ona görə də belə rejimdə yaşadığım üçün özümü xoşbəxt sayıram.
- Bu yaxınlarda “Qrafiçar”ın U-19 komandasının heyətində “Partizan”la matçın son dəqiqələrində qol vurdunuz və 3:2 hesablı qələbədə əsas pay sahibi oldunuz...
- Həmin oyuna 59-cu dəqiqədə daxil oldum. Artıq meydanda özümü yaxşı hiss edirdim və komandama kömək etməyə çalışırdım. 83-cü dəqiqədə isə qalibiyyət qolunu vurdum. Bu, mənim çempionatda ilk qolum idi və onu unutmaq mümkün deyil. Qol vurmaq futbolçunun ən böyük motivasiyasıdır. İndi çalışıram ki, uğurlu başlanğıcın davamı gəlsin. Bunun üçün məşqlərdə daha çox işləyirəm.
- Hansı mövqedə özünüzü daha rahat hiss edirsiniz?
– Məni həm hücumda, həm də yarımmüdafiədə oynadırlar. Hər iki mövqeyə uyğunlaşmışam. Amma fürsət yarandıqda əsas məqsədim qol vurmaqdır. İstəyirəm ki, komandama fayda verim və daha çox fərqlənim.
- Gələcək hədəfləriniz nədən ibarətdir?
- Hazırda ən böyük arzum əsas komandaya düşməkdir. Bu, mənim üçün böyük addım olar. Amma uzunmüddətli baxanda, başqa ölkəyə transfer olunub, daha yüksək səviyyədə oynamaq istəyirəm. Çünki hər bir gənc futbolçu kimi mən də daha böyük arenalarda özümü sınamaq arzusundayam. Ən böyük hədəflərimdən biri də “Real Madrid”in formasını geyinməkdir.
- Başqa komandalardan transfer təklifləri gəlir?
- Bildiyim qədəri ilə maraqlanan klublar olub, amma bu barədə daha dəqiq məlumatı menecerim verə bilər. Mənim işim meydanda ən yaxşı performansı göstərməkdir, digər məsələlərlə menecer məşğul olur.
- Siz həm də Azərbaycanın U-18 millisində çıxış edirsiniz. Yığmanın potensialını necə qiymətləndirirsiniz?
- Bəli, U-18 millimizdə çıxış edirəm. Komandamız çox güclüdür, hər bir oyunçu yüksək potensiala malikdir. Burada istedadlı uşaqlar oynayır və hər birimiz ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışırıq. İnanıram ki, gələcəkdə bu komanda daha böyük uğurlara imza atacaq.
- Azərbaycanlı gənc futbolçulara ölkə xaricində münasibət necədir?
- Mən burada özümü yad kimi hiss etmirəm. Mənə qarşı münasibət çox yaxşıdır. Klub daxilində də, gündəlik həyatda da ətrafımda olan insanların dəstəyini hiss edirəm. Bu da mənim tez uyğunlaşmağıma kömək edir. Özümü burada rahat hiss etdiyim üçün yalnız futbola fokuslana bilirəm.
İdman.biz