AZ

Saç ustası liposaksiya əməliyyatını necə edir?

"Bunun bir adı var - anarxiya. Onun ağır cəzası olmalıdır, liposaksiya edən xanım həbs olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Müşfiq Hüseynov sosial şəbəkələrdə liposaksiya əməliyyatı zamanı video çəkib paylaşaraq qeyri-etik hərəkətləri ilə gündəmə gələn həkimin görüntülərindən danışarkən deyib. 

Ekspertin sözlərinə görə, görüntüdə əsas məsələ həkimin rəqsi deyil, icazəsi, sertifikatı, lisenziyası və ən başlıcası tibb təhsili olmadan əməliyyatın aparılmasıdır:

"Bu sahəyə nəzarət edən hər hansı qurumların da işi bu halda sorğulanmalıdır. Çünki təxminən iki-üç ay əvvəl kütləvi şəkildə bu halların qarşısını almaq üçün nə qədər həkimin, plastik cərrahların lisenziyası Azərbaycanda ləğv olundu. Bəs bu xanım necə olub ki, kənarda qalıb? Bu araşdırılmalıdır. Necə ola bilər ki, saç ustası gəlib liposaksiya kimi çox ağır, təhlükəli risk daşıyan əməliyyata girə bilir? Özü də əl-qolunu rahat sallaya- sallaya. Bunun mütləq cəzası olmalıdır".
 


Ekspert hesab edir ki, cəza olmasa, belə hallar təkrarlanacaq:


"Yerdə qalan həvəskarlar nəticə çıxarmalıdır, bilsinlər ki, insan taleyi ilə oynamaq olmaz. Yoxsa biz ölüm hallarının qarşısını ala bilməyəcəyik".

Ekspert bu hadisənin artıq dəfələrlə təkrarlandığını deyib:

"Bundan əvvəl də ginekoloqlardan birinin doğuş zamanı ad günü qeyd edilib. Doğuş zamanı tort kəsilib. Həkim də tortun üstündəki şamı üfürmüşdü".

Qeyd edək ki, sosial şəbəkələrdə liposaksiya əməliyyatı aparan həkimin qeyri-etik hərəkətlərni əks etdirən videogörüntülər yayılıb. Bu hadisə cəmiyyətdə böyük narahatlıq yaradıb. 

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Məlum olub ki, əməliyyat edən həkim Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Bahar Rüstəmli

Seçilən
22
1
azia.az

2Mənbələr