AZ

“Vosmoy” bazarında xiyar özündən razıdır, pomidor əzilib, suya dönüb - REPORTAJ + FOTO

Yay fəsli bitir, amma “Vosmoy”un qiymətləri sanki heç dəyişməyəcək, tərpənmək bilmir.
 
Moderator.az bildirir ki, Musavat.com-un əməkdaşı bazara baş çəkib. İndi bazarda ən çox eşidilən sual “Bəs bu qiymətlər nə vaxt düşəcək”dir. Cavabı isə satıcıların ironik yumorunda gizlənib. Pomidor sırasındakı bir satıcı əlində iri bir pomidoru göstərib, gülümsəyir:
 
– Düşüb də, ötən yay bu vaxt 1.50, 2 manat idi, indi 50 qəpikdir, nə aşağı, nə yuxarı! Budey, pomidor qalıb, suya dönür, alan da yoxdur, qışda da 5 manat olacaq.
 
Xiyarın qiyməti də “təmtəraqlı” – 90 qəpik, 1 manatdır:
 
-İstəyirsən, yarısını kəsib verim, 45 qəpik! Amma toxluq da yarıbayarı olar!
 
Meyvə sırasına yaxınlaşanda vəziyyət daha gülməlidir. Gilas 6-8 manat, “öküz ürəyi” 13 manat. Satıcı istehzalı baxır:
 
- Bu “öküz ürəyi”ni indiyə saxlamaq üçün biz də öküz kimi əziyyət çəkmişik. Ona görə bahadır!
 
Çiyələk 2 manata, qarpız 70 qəpikdən satışdadır, almanın qiyməti 1 manat 50 qəpikdir.
 
 Bir satıcı gülümsəyərək əlavə edir:
 
– Bizim almanın dadı dollar kimidir, amma qiymətini hələlik manatla yazırıq, bu da şükür!
 
Satıcıların izahı dəyişmir: “Havalar dəyişkəndir, məhsul da sabit durmur, ona görə ucuzlaşma yoxdur”. Amma bazarın ümumi mənzərəsi göstərir ki, səbəb hava deyil.
 
“Vosmoy”da qiymətlər qalxdıqca, qalxır, alıcı da, satıcı da bununla barışıb. Satıcı zarafat edir, malını satır, alıcı isə acı-acı gülümsəyir...
Seçilən
56
1
moderator.az

2Mənbələr