Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Xurafat, batil inanclar - cəmiyyətin inkişaf etməyinin qarşısını alar. Bəzi insanların sadəlövh və tez inanan olması bu iş üçün şərait yaradar. Təəssüf ki, bu ənənə bütün cəmiyyətlərdə mövcuddur, tarix boyu özünü göstərib və bu gündə var".
Bu barədə sosioloq Elçin Bayramlı Missiya.Az-a danışıb.
"Burada əsas məsələ insanların biliksizliyi və maariflənməməsi ilə birgə elm və dinlərə dərindən yiyələnməməsidir. Problemi aradan qaldırmaq üçün insanlar elmi biliklərini artırmalı, eyni zamanda dinləri həqiqi mənbədən öyrənməlidir. Dini bilməyən adamlar xurafat və cəhalətə yuvarlanıb bunu din kimi qələmə verirlər. Halbuki, mövhumat və din tamamiylə bir-birinə zidd olan şeylərdir. Dinin özü mövhumatı və cəhaləti qadağan edir, hətta onu günah sayıb onunla mübarizə aparır".
Sosioloqun sözlərinə görə, əsas məsələ düzgünlük, ədalət və elmin təbliğidir. İnsani yaşayış, haqq və hüquq da bu qəbildəndir. Ona görə də, həqiqi dindən xəbəri olmayanlar xurafata inanmağı seçirlər. Bu xurafatlar bir-birilərindən eşitdikləri müxtəlif rəvayətlər və uydurulmuş hədislərlə yayılır. Bu təbiiki başqa dövlətlər və cəmiyyətlərdə də var. Məsələn, buddistlər, hindustlar, xristianlarda da xurafat mövcuddur. Bəzi təriqət və məzhəblər var ki, onlarda daha çox xurafatlara üstünlük verirlər. Bu da cəmiyyətlərin savadlılıq dərəcəsi ilə bağlıdır:
"Nə vaxt ki, cəmiyyətdə təhsil səviyyəsi düşür, savadsızlıq və düşüncəsizlik baş alıb gedir, dinlərin həqiqi mahiyyəti anlaşılmır bu zaman hər hansı bir mollaların, şeyxlərin və yaxud təriqətlərin uydurmaları həqiqət kimi qəbul edilir. Bu gün dünyada din adıyla olan mövzularda bir çox xurafatlar var. Məsələn, islam ilə bağlı bəzi xurafatlar tamamilə ona ziddir və dinə qarşıda dünyada əks rezonansa səbəb olur".
Elçin Bayramlı bildirib ki, insanlar həqiqəti dərk etmək istəyindədirlərsə, burada iki tərəfli fəaliyyət göstərməlidirlər. Birincisi, elmi bazasının artırılması, ikincisi isə dini düzgün mənbələrdən, yəni müqəddəs kitabların özündən öyrənməkdir. Onda görəcəklər ki, elmdə din eyni bir sistem üzərində qurulub. Biri həyat və yaradılışın ruhi-mənəvi əsaslarını, digəri isə maddi aspektdən praktik həyat tərzini ortaya çıxarır. Onlar bir bütövün yarısıdırlar:
"Necəki insan həm ruhi, həm fiziki varlıqdır və vahid orqanizm kimi bir aradadır, din və elm də həmçinin belədir. İnsan hər ikisini bilmədən yarımçıq olur. Ağıllı cəmiyyətlərdə xurafatı yaymaq olmur. Mövhumat cəmiyyəti zəhərləndirən bir məsələdir və cəmiyyət istərsə də, dövlət özü buna qarşı mübarizə aparmalıdır. Yaxşı olardı ki, ailələr uşaq yaşlarından övladlarını elmə yönləndirsinlər və dini aspektdə gəldikdə isə müqəddəs kitabları ilkin mənbədən oxumaq lazımdır ki, mahiyyətini doğru anlamaq olsun. Baxmayaraq ki, indi informasiya və texnologiyalar dövrüdür təhsilsizliyin artdığı bir zamanda hər kəs vaxtını şəxsi inkişafına ayırsa belə hallar aradan qalxa bilər",- E.Bayramlı əlavə edib.
İlahə QənbərliMissiya.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.