AZ

Azərbaycan QHT-ləri Ankara Böyük Şəhər Bələdiyyəsinin ictimai iştirakçılıq və nəzarət təcrübəsini öyrəniblər - FOTOLAR

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin heyəti Anakara Böyük Şəhər Bələdiyyəsinin ictimai iştirakçılıq və nəzarət sahəsində QHT-lərlə əməkdaşlıq təcrübəsini, ən yaxşı nümunələri öyrənib.

QHT.az xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin, Türkiye Kadın Dernekleri Federasyonu, Kadının Sosyal Hayatını Araştırma ve İnceleme Derneği (KASAİD) heyəti Ankara Böyük Şəhər Bələdiyyəsinin (ABB) Sosial media şöbəsinin müdiri Yüksəl İşıkla görüşüblər.

Türkiye Kadın Dernekleri Federasyonu başkanı Canan Güllü görüşün məqsədi, Azərbaycan QHT-lərinin maraq dairəsində olan və öyrənmək istədikləri məsələlər barədə məlumat verib.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı isə icra olunan “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsindən bəhs edib. O, layihənin məqsədinin Azərbaycanda ictimai iştirakçılıq və ictimai nəzarət təcrübəsinin inkişafına dəstək göstərmək, qabaqcıl beynəlxalq təcrübədən yaxşı nümunələrin tətbiqinə yardım etmək olduğunu qeyd edib. Bənənyarlı əlavə edib ki, sözügedən layihə və Ankara səfəri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. “Məqsədimiz Türkiyədə QHT-lərin ictimai iştirakçılıq təcrübəsini öyrənmək və bu sahədə əməkdaşlığı gücləndirməkdir” – deyə sədr vurğulayıb.

Yüksəl İşık Anakara Böyük Şəhər Bələdiyyəsinin vətəndaşların qərar qəbuletmə prosesinə cəlb olunması, Ankara Kent Konseyinin (Şəhər Şurası) fəaliyyəti, şəffaflıq və hesabatlılıq, müzakirə, ictimaiyyətlə kommunikasiya mexanizmləri barədə təcrübəsini bölüşüb. O, həmçinin bələdiyyə ilə QHT-lər arasında əməkdaşlığın gücləndirilməsinin şəhər idarəçiliyinə gətirdiyi faydaları vurğulayıb. O, qeyd edib ki, Kent Konseyi institutu yerli idarəetmədə dialoq, şəbəkələşmə və birgə qərarverməni gücləndirir. AKK-nin nəzdində tematik “Məclislər” (gənclik, qadın, əlillik, ətraf mühit və s.) və çoxsaylı işçi qrupları fəaliyyət göstərir; bu platformalar vasitəsilə QHT-lər, mütəxəssislər, könüllülər və vətəndaşlar bələdiyyə ilə davamlı ünsiyyətdə olur.

Həmçinin, ABB rəhbərliyi mütəmadi olaraq muxtarlarla görüşlər keçirir, tələbləri birbaşa dinləyir. “Sivil Toplum Buluşmaları” çərçivəsində AKK könüllüsü muxtarlarla geniş müzakirələr aparılıb. Bu görüşlər məhəllə səviyyəsində prioritetlərin toplanması üçün əsas kanaldır. ABB, həmçinin plan-sənədlərini onlayn açıqlayır; bu, maraqlı tərəflərin planlara etiraz və təkliflərini vaxtında təqdim etməsinə imkan verir. ABB eyni zamanda strateji planlaşdırma mərhələsində QHT-lərin fəal iştirakını təmin edir. 2025–2029 Strateji Planının hazırlanması zamanı ABB “tematik fokus qrup” toplantıları və geniş tərəfdaş müzakirələri keçirmiş, QHT-ləri, akademik dairələri, özəl sektoru və vətəndaşları prosesə cəlb etmişdir. Bu mexanizm illik proqram və büdcə prioritetlərinin müəyyənləşməsində bilavasitə təsir göstərir. Strateji planlaşdırma dövrlərində tematik məsləhətləşmələr QHT-lərin sosial siyasət, nəqliyyat, ekologiya kimi sahələr üzrə konkret təkliflərini planlaşdırmada nəzərə alınmasında imkan yaradır. ABB-nin 24/7 çağrı və müraciət mərkəzi (153) şikayət, təklif və məlumat sorğularını telefon, mobil tətbiq və veb üzərindən qəbul edir; müraciətlərə baxılma statusunu onlayn izləmək mümküdür.

Y.İşık qeyd edib ki, ən faylaı alətlərdən biri “Şəffaf Ankara” – açıq məlumat ekosisteminin yaradılmasıdır. ABB açıq məlumat platformasını istifadəyə verib, burada məlumat dəstləri, xəritələr və göstəricilər ictimaiyyətə təqdim olunur, həmçinin idarəetmədə şəffaflıq gücləndirilir. ABB tenderləri (satınalmalar) canlı yayımlayaraq şəffaflığı və ictimai nəzarəti artırır; iclas və elanlar rəsmi sayt və sosial media hesablarından geniş paylaşılır.

Görüşün sonunda tərəflər Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi, ictimai iştirakçılıq və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gələcək birgə təşəbbüslərin vacibliyini qeyd ediblər.

Seçilən
66
2
qht.az

3Mənbələr