2022–2024-cü illərdə Azərbaycan startapları müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.
"Bu, həm ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsidir. Son illər Azərbaycanda da startap ekosisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü və sistemli addımlar atılıb. Ekosistemi bir çətir altında birləşdirən Agentlik olaraq yerli və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyimiz proqramlar nəticəsində artıq konkret nəticələrə nail olmuşuq", - deyə o qeyd edib.
F.Osmanovun sözlərinə görə, Agentlik bir neçə ildir ki, ölkədə inkubasiya və akselerasiya proqramlarının təşkil edilməsi istiqamətində fəal çalışır: "Bu il biz iki mühüm akselerasiya proqramına imza atmışıq. Bunlardan biri "Sabancı ARF" və "Viveka" ilə birgə reallaşdırdığımız "4+1 ClimAccelerator" proqramıdır. Proqramın məqsədi iqlim innovasiyalarını təşviq etmək, region ölkələri arasında əməkdaşlıq platforması yaratmaqdır. Nəticələr kifayət qədər təsirlidir: 14 ölkədən 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap COP29 çərçivəsində təqdim olunub. İstanbulda keçirilmiş bağlanış mərasimində AZIRRIGATION adlı yerli startap 50 000 avro qrantla mükafatlandırılıb.
Digər təşəbbüs isə "Startup Wise Guys" akseleratoru ilə birlikdə keçirilən, "SaaS" istiqamətli beynəlxalq akselerasiya proqramıdır. Məqsədimiz bu sahədə fəaliyyət göstərən yerli startapların qlobal bazarlara çıxışını və rəqabət qabiliyyətini gücləndirməkdir. Eyni zamanda biz startapların yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da tanıdılması üçün dəstək göstəririk. “Roadshow” layihəsi çərçivəsində müxtəlif startaplarımızın beynəlxalq tədbirlərdə iştirakı təmin olunub, şəbəkələşmə və investorlarla əlaqələrin qurulması üçün şərait yaradılıb".