Azərbaycanda kriptovalyuta əməliyyatlarından əldə olunan gəlirlər artıq vergi qanunvericiliyi çərçivəsində tənzimlənəcək. Bəs bu bazara hansı təsirləri göstərəcək?
Bu barədə Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev Missiya.Az-a danışıb.
Kriptovalutaya maraq və müştərinin artdığı bir zamanda Azərbaycanda bu istiqamətdə gəlir əldə edənlərin vergi prosesinə cəlbini necə qiymətləndirirsiniz?
-Hazırda Azərbaycanda kriptovalyutalara maraq və istifadəçi sayı sürətlə artır. Bu sahədə gəlir əldə edənlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulsa da, əməliyyatların izlənməsi üçün xüsusi mexanizmlər olmadığına görə proses faktiki olaraq yalnız könüllülük prinsipi əsasında mümkündür. Dünyanın heç bir ölkəsində bu sahədə tam şəffaf izləmə aləti mövcud deyil, lakin lisenziyalaşdırılmış birjalar, bank nəzarəti və blockchain-analiz vasitələri tətbiq olunduqda əməliyyatların böyük hissəsini real şəkildə izləmək mümkündür. Azərbaycanda da bu istiqamətdə hüquqi baza və texnoloji infrastruktur formalaşdırılarsa, həm dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması, həm də investorların daha etibarlı mühitdə fəaliyyət göstərməsi təmin edilə bilər.
Vergi islahatlarının tətbiqi ölkə daxilində bu istiqamətdə yatırım edən fiziki şəxslərin azalmasına səbəb olacaqmı?
-Vergi islahatlarının tətbiqi, təbii ki, kriptovalyutaya investisiya edən fiziki şəxslərin davranışına təsir göstərə bilər. Əgər mexanizmlər sərt və investor üçün əlavə yük yaradan formada həyata keçirilərsə, qısa müddətdə bəzi vətəndaşların fəaliyyətini dayandırması və ya əməliyyatlarını xarici platformalara yönəltməsi mümkündür. Lakin beynəlxalq təcrübə göstərir ki, şəffaf hüquqi baza və balanslaşdırılmış vergi siyasəti tətbiq olunduqda, bu, əksinə, bazarı legitimləşdirir və daha çox investoru cəlb edir. Azərbaycanda da əsas məqsəd sərmayədarları cəzalandırmaq deyil, onları qanuni çərçivəyə gətirmək, həmçinin dövlət büdcəsinə əlavə vəsait təmin etməkdir. Əgər islahatlar mərhələli, ədalətli və aydın qaydalar əsasında həyata keçirilərsə, kriptovalyuta bazarının inkişafına mənfi deyil, müsbət təsir göstərəcək.
2025-ci ilin sonu üçün kriptovalyuta bazarında tənzimlənmələrin təsirindən hansı qiymət dəyişiklikləri bizi gözləyə bilər?
-2025-ci ilin sonuna qədər kriptovalyuta bazarında gözlənilən tənzimləmələr qısamüddətli dalğalanmalara səbəb olsa da, uzunmüddətdə bazarı daha stabil və şəffaf edəcək. Bitcoin-in 118.000–120.000 min dollar aralığında möhkəmlənməsi, Ethereum-un isə 5,500–6,500 dollar civarında dəyər qazanması mümkündür. Altkoin-lərdə isə yalnız real tətbiqi olan layihələrin ayaqda qalacağı gözlənilir. Yəni sərt qaydalar bəzi oyunçuları bazardan çıxarsa da, ümumilikdə bu islahatlar kriptovalyutanı daha etibarlı investisiya mühiti kimi formalaşdıracaq.
İlahə Qənbərli Missiya.Az