AZ

Gənc ekoliderlər iqlim çağırışlarına cavab axtarırlar

“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclər üçün ekoloji texnologiyalar və sosial sahibkarlıq düşərgəsi” layihəsinə start verilib.

Düşərgənin əsas məqsədi gəncləri ətraf mühit problemlərinə yaradıcı həllər təqdim etməyə, yaşıl texnologiyalar və sosial sahibkarlıq üzrə bacarıqlarını inkişaf etdirməyə yönəltmək, eyni zamanda, onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı təşəbbüslərə sövq etmək üçün gücləndirməkdir.

Ekologiya.az xəbər verir ki, Şəki rayonunun səfalı bir guşəsində, təbiət qoynunda təşkil edilən düşərgənin açılışı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi, dövlətimizin başçısı tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bu əsasda təşkil olunan tədbirlər gənclərimizin həm yerli, həm də beynəlxalq səviyyədə ətraf mühit məsələlərinin müzakirəsi və həllində rolunu ciddi şəkildə aktivləşdirib. “Ecoinnovators” layihəsi də COP29 mirasını davam etdirərək, gənclərin ekoloji təşəbbüslərə qoşulmasına və qlobal çağırışlara cavab verməsinə şərait yaradır.

Qeyd olunub ki, layihəyə gənclər tərəfindən yüksək maraq göstərilib və 450-dən çox gənc müraciət edib. Bu da layihənin gənclər üçün əhəmiyyətini bir daha göstərir. Bu istiqamətdə layihələr təşkilat tərəfindən bundan sonra da həyata keçiriləcək.

Layihənin koordinatoru Ləman Qurbanova AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib ki, açıq havada çadır şəraitində keçirilən düşərgə 5 gün davam edəcək. Düşərgənin ilk günlərində gənclər mütəxəssislər tərəfindən keçirilən “Sosial ekologiya nədir və ekoloji izimiz”, “Regionlarda ekoloji problemlər və onların həll yolları” mövzularında təlimlərdə iştirak ediblər. Növbəti günlərdə isə ekoliderlər iqlim dəyişmələrinə uyğunlaşma, sosial sahibkarlıq, yaşıl texnologiyalar üzrə nəzəri və praktiki təlimlərə qatılacaqlar. Proqramda təlimlərlə yanaşı, vörkşoplar, infosessiyaların təşkili və iməciliyin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, layihə iki il ərzində 6 mindən çox insanı ekoloji maarifləndirmə kampaniyaları ilə əhatə edəcək. Gənclər tərəfindən təşkil olunacaq təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılacaq maarifləndirici məlumatlar yerli icmalarda dəyişiklik yaradacaq. Düşərgədən sonra iştirakçılar öz bölgələrində 1000 nəfərə yaxın gənci təlimləndirərək, ən azı 10 davamlı icma təşəbbüsünə start verməyə çalışacaqlar. Layihənin uzunmüddətli hədəfi gənclərdən ibarət liderlər şəbəkəsi yaradaraq ekoloji məsuliyyət mədəniyyətini genişləndirməkdir.

Təlimlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, "SABAH.HUB", Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və digər qurumlardan ekspert və mütəxəssislər, eləcə də peşəkar təlimçilər cəlb ediliblər.

 

Seçilən
3
3
ekologiya.az

4Mənbələr