AZ

Avtomobil parkını yeniləmək hara, 2 nazirliyin 50 yaşlı avtomobillərini əhaliyə satmaq hara?


Məqsəd ölkədə ekologiyanı qorumaq, yol hərəkətində təhlükəsizliyi təmin etməkdirsə, ilk növbədə hökumət nümunə göstərməlidir

Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinə məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır. Məlumata əsasən, siyahıda ümumilikdə 68 ədəd nəqliyyat vasitəsi yer alıb.

Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1974-cü ildən 2019-cu ilədək, start qiyməti isə 6 200 manatdan başlayaraq 58 000 manatadək dəyişir.

Azərbaycan hökuməti bir tərəfdən ölkənin nəqliyyat parkını yeniləmək siyasəti yürüdur, digər tərəfdən 1974-cü ilin avtomobilini hərraca çıxarıb satmaq istəyir. Bu cür texnikaların utilizasiyasi real çıxıs yolu deyilmi?

Baki-xeber.com-a görə, Azərbaycan hökuməti bir neçə ildir ki, dövlət qurumlarında, o cümlədən ölkədə nəqliyyat parkının yenilənməsi siyasəti həyata keçirir. Bu prosesin əsas məqsədi istismar xərclərinin azaldıldılması (köhnə texnika daha çox yanacaq sərf edir, tez xarab olur və təmir xərci yüksəkdir), təhlükəsizlik standartlarının artırılması və ekoloji tələblərə uyğunlaşmaqdır.

Lakin belə hərraclarda maraqlı nüans var. Praktiki baxımdan 1970-1980-ci illərin avtomobillərinin çoxu texniki cəhətdən artıq sıradan çıxıb. Onların gündəlik istifadə üçün yararlı olmaması ehtimalı yüksəkdir. Belə maşınların utilizasiyası daha məntiqli görünür. Çünki belə avtomobillər nə yol təhlükəsizliyi, nə də ekoloji baxımdan normalara cavab verir.

Bəzi köhnə maşınların kolleksiyaçı və ya retro avtomobil həvəskarları üçün dəyəri ola bilər. 1974-cü ilin avtomobili hərracda alıcı taparsa, bu artıq sırf iqtisadi deyil, həm də tarixi və hobbi marağı ilə bağlı olar. Ancaq siyahıda yer alan 1974-cü ildə buraxılan maşınlar yük avtomobilləridır və onu alan sahibkarlar ondan istehsalatda intensiv şəkilə istifadə etməyi nəzərdə tutur. Bu isə o deməkdir ki, həmin yük maşınları həm ekologiyanı korlayacaq, həm də yol hərəkətində təhlükə yaradacaq.

Utilizasiya təcrübəsinə nəzər saldıqda görürük ki, bir çox ölkədə köhnə dövlət avtomobilləri metallom kimi utilizasiya olunur, dövlət isə bunun müqabilində gəlir əldə edir. Azərbaycanda isə hökumət əvvəlcə satış imkanını yoxlayır. Əgər maşına real alıcı tapılmasa, utilizasiya son addım ola bilər.

Lakin digər tərəfdən, hökumət istehsal tarixi 2015-ci ildən daha əvvəl olan avtomobillərin ölkəyə idxalına qadağa qoyub. Necə olur ki, sahibkar 2015-ci ildən əvvəl istehsal tarixi olan avtomobili ölkəyə idxal edə bilmir, amma hökumət 1974, 1980, 2005-ci illərdə istehsal edilmiş avtomobilləri hərraca çıxarır? Məqsəd ölkədə ekologiyanı qorumaq, yol hərəkətində təhlükəsizliyi təmin etməkdirsə, ilk növbədə hökumət nümunə göstərməlidir. Yəni hökumət öz avtomobil parkındakı 2015-ci ildən əvvəl istehsal edilmiş avtomobilləri metalloma göndərməlidir ki, cəmiyyətdə bu cür suallar yaranmasın.

Lakin hökumət iki mərhələli yanaşma tətbiq edir: əvvəlcə satmaqla dövlət büdcəsinə əlavə vəsait cəlb etmək, alınmasa, utilizasiya etmək. Amma ekoloji və texniki baxımdan, 1974-1980-ci illərin maşınlarının əksəriyyətinin istifadəsi real həyatda təhlükədir, ona görə utilizasiya daha məntiqli və səmərəli çıxış yolu hesab oluna bilər.

Bu heç bir məntiqə sığmır ki, yol polisi yollarda 2015-ci ildən əvvəl istehsal tarixinə malik avtomobillərin texniki göstəricilərini yoxlayır ki, birdən texniki göstəriciləri müsair standartlara uyğun olmaz, taksidə belə avtomobillərin istifadəsinə qadağa qoyulur ki, mühərrikləri ekologiyaya ziyan vurur, belədə isə hökumət ötən əsrin 70-80-ci illərində istehsal edilmiş avtomobillerini hərraca çıxarıb satmaq, bununla büdcəyə daha çox vəsait cəlb etmək istəyir. Bu çox məntiqsiz bir addımdir, həmin hərrac siyahısından 2015-ci ildən əvvəl istehsal tarixi olan bütün avtomobillər çıxarılmalı və utilizasiyaya verilməlidir.

Akif NƏSİRLİ

Seçilən
6
baki-xeber.com

1Mənbələr