AZ

Təbiətlə üz-üzə, mədəniyyətlə yan-yana

Qarabağ  və Şərqi Zəngəzurda aqroturizmin imkanları genişdir

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizdə dönüş nöqtəsi oldu. Qarabağ və ətraf rayonların azad edilməsi iqtisadi və sosial sahələrdə yeni imkanlar yaratdı. Kənd təsərrüfatı ilə turizmin sintezi olan aqroturizm  də azad olunmuş ərazilərdə əsas prioritet kimi ön plana çıxdı. 

Aqroturizmə meyvə yığımı, heyvandarlıqla tanışlıq, kənd ərazilərində gəzinti, yerli mətbəxlə tanışlıq və kənd həyatına dair digər interaktiv işlər daxildir. İnkişaf etmiş ölkələrdə aqroturizm kənd yerlərinin sosial-iqtisadi inkişafının vacib alətlərindən biri hesab olunur. Çünki zaman dəyişir, insanın təbiətə və sadə həyata olan ehtiyacı isə qalır. Sürətlə artan dünya əhalisi, betonlaşan şəhərlər, səs-küylü küçələr və texnologiyadan doymuş həyat tərzi insanları yeni axtarışlara sövq edir. Artıq bir çoxları üçün "dəniz, qum və günəş" formulunu ehtiva edən klassik istirahət öz cazibəsini itirməkdədir. İnsanların çoxu rahat hotellərdə deyil, torpaq ətri gələn kənd evlərində gecələməyi, səhərlər xoruz səsi ilə oyanmağı, süfrəyə hələ təzəcə sağılmış südlə, təzə nehrə yağı ilə oturmağı arzulayır.

Bu baxımdan aqroturizm  sadəcə kəndə səyahət deyil, həm də şəhər adamının kəndlə, təbiətlə, torpaqla yenidən bağ qurmaq cəhdidir. İndi şəhərdən uzaqlaşıb bir fermada bir neçə gün yaşamaq, odun sobasında bişmiş çörək yemək, toyuq-cücə arasında vaxt keçirmək bəlkə də ən böyük lüksdür. Üstəlik, həm təbiətə qayıdış, həm də mədəniyyətə bir səyahətdir. Bu zaman insanlar səfər etdikləri bölgələrin adət-ənənələri, yerli mətbəxi, dadı heç yerdə olmayan təamları ilə tanış olurlar. 

Aqroturizm insana təkcə kəndi deyil, özünü kəşf etməsi üçün də fürsət verir. Təbiətin qoynunda səmimi insanlar arasında dincəlmək və yaşamaq baxımından bu turizmin üstünlükləri var. Burada ziyarətçilər ənənəvi kənd həyatını yaşayaraq, yerli ailələrlə birgə çörək bişirə, mal-qara bəsləyə, üzüm, zəfəran, alma, fındıq və digər məhsulların becərilməsində iştirak edə, arıçılıq, ipəkçilik kimi qədim sənətkarlıq sahələri ilə tanış ola, xüsusi ekoloji bağçalarda təbii məhsullarla qidalanaraq sağlam həyat tərzi yaşaya bilirlər. 

Qarabağ və Şərqi Zəngəzur kimi tarixi, mədəni və coğrafi baxımdan zəngin ərazilərdə bu turizm növü daha dərin mənalar daşıyır. Təmiz hava, büllur bulaqlar, məhsuldar torpaqlar, füsunkar dağ mənzərələri və zəngin kənd təsərrüfatı potensialı bölgəni aqroturizm üçün nadir bir məkana çevirir. Burada artıq aqroturizmin inkişafı üçün ilkin qiymətləndirmələr də aparılır.

 Dövlət Turizm Agentliyinin məlumatına görə, bölgənin təbii resursları və mədəni irsi aqroturizm üçün əlverişli şərait yaradır. O da qeyd olunub ki, regionda turizmin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib: "Turizm potensialı baxımından seçilən əsas bölgələrdən biri olan Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı kimi qədim tarixi abidələri, muzeyləri və geniş turizm infrastrukturu ilə fərqlənir. Şəhərin beynəlxalq səviyyəli festivalların və irimiqyaslı turizm tədbirlərinin keçirilməsi üçün baza rolunu oynaması nəzərdə tutulur. Laçın rayonu meşəlik və dağlıq relyefi sayəsində dağ turizmi üçün əlverişli imkanlara malikdir. Rayonda ekoturizm marşrutlarının və yay istirahət mərkəzlərinin yaradılması planlaşdırılır. Kəlbəcər rayonu isə mineral su ehtiyatları, müalicəvi iqlimi və dağlıq təbiəti ilə sağlamlıq və qış turizminin inkişafı baxımından yüksək potensiala malikdir. Zəngilan və Qubadlı rayonları Araz çayı boyunca uzanan landşaftları və zəngin bioloji müxtəlifliyi ilə ekoturizm və aqroturizmin təşkili üçün əlverişli hesab olunur. Füzuli və Cəbrayıl rayonları da tarixi abidələri, qədim yaşayış məskənləri və su ehtiyatları ilə turizm fəaliyyətinin genişləndirilməsi üçün perspektivli ərazilərdir".

Bu təbii və tarixi zənginliklər yalnız ekoloji və iqtisadi potensialla məhdudlaşmır, eyni zamanda milli-mədəni irsimizin yaşadılması, eləcə də təqdim olunması üçün geniş imkanlar açır. Qarabağ və Şərqi Zəngəzurda aqroturizm həm də milli-mədəni kimliyimizin dünyaya tanıdılması üçün unikal bir platformadır. Kənd evlərində keçirilən folklor gecələri, milli geyimlər, saz-söz məclisləri və yerli mətbəx nümunələri bölgənin ruhunu yaşadır. Bu turizm növü mədəniyyətimizin canlı sərgisi olaraq diqqət cəlb etməyə bilmir. İşğaldan azad olunmuş ərazilərdə aqroturizmin inkişaf etdirilməsi həm ekoloji balansın qorunması, həm kənd təsərrüfatı ənənələrinin bərpası, həm də turizm sektoruna yeni nəfəs gətirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki Qarabağ və Şərqi Zəngəzur  iqlim və relyef baxımından olduqca əlverişlidir. Dağlıq və dağətəyi relyef, meşəliklər, çaylar və bulaqlar, təmiz hava və münbit torpaq ehtiyatları aqroturizmin inkişafı üçün mükəmməl təbii şərait yaradır. Regionda həm yay, həm də qış mövsümündə kənd turizminin müxtəlif formalarını təşkil etmək mümkündür - çadır düşərgələri, kənd evləri, ekoloji turlar və sair. 

Qeyd edək ki, regionun kəndləri qədim və zəngin mədəni irsə sahibdir. Yerli memarlıq üslubu, kənd həyat tərzi, folklor və mətbəx turistlər üçün maraqlı ola bilər. Turistlərin kənd həyatına inteqrasiya etməsi aqroturizmin  əsas prinsipi olduğu üçün bu gün Qarabağ və Şərqi Zəngəzurda həm yerli mədəniyyətin tanıdılması, həm də onun qorunması üçün real fürsətlər var. Deyilənlərin  həyata keçirilməsi üçün hazırda ərazilərdə avtomobil və dəmir yolları, hava limanları (məsələn, Füzuli, Zəngilan və Laçın Hava limanları) və digər nəqliyyat infrastrukturu qurulur ki, bu da bölgəyə turist axınını asanlaşdırır. 

İşğaldan azad edilmiş ərazilər  Azərbaycanın "yaşıl enerji zonası" elan edilib. Bu yanaşma turizm və kənd təsərrüfatında da ekoloji və dayanıqlı fəaliyyətin əsas götürülməsini təşviq edir. Aqroturizm layihələrinin "yaşıl", ekoloji təmiz və müasir texnologiyalarla birləşdirilməsi bu sahənin gələcək inkişafını daha səmərəli və uzunmüddətli edəcək.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr