AZ

Çin maşınları sürətlə ucuzlaşır - keyfiyyət problemi, ya...


Fərid Həşimov: “Çinin daxili və qlobal bazar üçün nəzərdə tutulan maşınları var”

Son zamanlar Azərbaycanın avtomobil bazarında Çin maşınlarına tələbat yüksəlib. Vətəndaşlar Avropa istehsalı olan avtomobillərə deyil, daha çox Çin maşınlarına maraq göstərir. Bunun səbəbi isə onların daha sərfəli olmasıdır.

Ancaq son zamanlar bu sahədə vəziyyət dəyişib. Ötən aylarla müqayisədə Çin maşınlarına maraq azalıb. Elan saytlarına nəzər yetirəndə məlum olur ki, həmin ölkəyə məxsus avtomobillərin qiyməti son 2 ayda 4 min manata yaxın ucuzlaşıb. Maraqlıdır, Çin avtomobillərinin qiymətində ucuzlaşmasının səbəbi nədir?

“Hazırda ölkəyə Çin avtomobillərinin əksəriyyəti qeyri-rəsmi idxalçılar tərəfindən gətirilir, bu da qiymətin enməsinə təsir edir”

Nəqliyyat eksperti Fərid Həşimov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, son illər Çin avtomobilləri ölkəmizə kütləvi şəkildə idxal olunur: “Bunun əsas səbəbi həmin maşınların ucuz olmasıdır. Çin avtomobilləri 2 formalı istehsal olunur. Çinin daxili və qlobal bazar üçün nəzərdə tutulan maşınlar var. Bu avtomobillərin yığımında və keyfiyyətində ciddi şəkildə fərqlər olur. Qlobal bazarın isə öz standartları və qatı təzyiqləri olduğuna görə, Çin keyfiyyətli avtomobil istehsal etməyə məcburdur. Qiymət keyfiyyətə təsir edən əsas səbəblərdən biridir. Qiymət aşağı düşdükcə, keyfiyyət də azalır. Danılmaz faktdır ki, son zamanlar Çin maşınların ölkəyə idxalı artıb. Hazırda ölkəyə Çin avtomobillərinin əksəriyyəti qeyri-rəsmi idxalçılar tərəfindən gətirilir. Yalnız 30 faizi rəsmi dilerlər vasitəsilə, birbaşa zavoddan və zəmanətlə satılır. Bu da qiymətin enməsinə təsir edir. Ümumiyyətlə, Çin istehsalı olan avtomobillər rəsmi dilerlərdən alınsa, daha yaxşı olar. Çünki maşın rəsmi dilerdən alınsa, sonra hansısa problem yarandığı təqdirdə sürücü çıxılmaz vəziyyətdə qalmaz. Ehtiyat hissəsini tapa bilməyəndə deyir ki, Çin avtomobili pisdir. Həmin avtomobillər Azərbaycana yeni daxil olur. Xüsusən də plagin-hibrid, hibrid avtomobillərinin yanacaq sərfiyyatı az olduğu üçün ölkəyə daha çox gətirilir. İnsanlar bu avtomobillərə üstünlük verirlər. Ona görə də bu avtomobilləri mütləq rəsmi dilerlərdən almaq lazımdır. Azərbaycanda hazırda kifayət qədər Çin avtomobillərinin rəsmi dilerləri var, satış yüksək səviyyədədir. Hətta Azərbaycana gətirilən Çin avtomobilləri içərisində özünü doğrultmuş markalar da var ki, illərdir Azərbaycan bazarındadır. Qiymət əlçatan olduğu üçün insanlar həmin avtomobilləri alır. Amma alanda diqqət etmək lazımdır ki, həmin avtomobilin Azərbaycanda rəsmi dileri varmı, ehtiyat hissələri tapılır, ya yox”.

Günel CƏLİLOVA

Seçilən
31
baki-xeber.com

1Mənbələr