“Azərbaycanla saziş Ermənistan və İran arasında dəmir yolu əlaqəsini açacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkian ilə keçirdiyi brifinqdə bildirib.
Həmçinin baş nazir iddia edib ki, Sünik bölgəsindən keçən marşrutun (Zəngəzur dəhlizi) təhlükəsizliyini Ermənistan qüvvələri təmin edəcək.
“Ermənistan ilə Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair paraflanmış saziş bütün regionun iqtisadi inkişafı üçün böyük perspektivlər açmağa yönəlib”, - Paşinyan bildirib.
Baş nazir Azərbaycanla kommunikasiya marşrutlarının yenidən açılmasına dair sazişə toxunaraq qeyd edib:
“Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam, qarşılıqlı hörmətlə yanaşı, regionda kommunikasiya marşrutlarının yenidən açılmasıdır. Bu, praktikada Ermənistan-Naxçıvan (Azərbaycan) dəmir yolu xətti, o cümlədən İran-Naxçıvan (Azərbaycan) dəmir yolu xətti ilə dəmir yolu əməkdaşlığı üçün yeni qapılar açacaq. Bu, İranın Ermənistana və son nəticədə Qara dənizə dəmir yolu çıxışı deməkdir.
Ermənistandan keçən kommunikasiya yolları müstəsna olaraq Ermənistanın yurisdiksiyasında olacaq, təhlükəsizliyi üçüncü ölkə deyil, Ermənistan təmin edəcək”.