Bakı, 19 avqust, AZƏRTAC
Bakının Sabunçu və Nəsimi rayonlarında, eləcə də Sumqayıt şəhərində oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonunun Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov saxlanılıb.
Həmçinin Nəsimi rayon sakininə məxsus mağazadan 700 manat pul oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ə. Bədəlov tutulub.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə vətəndaşın bank kartından 1498 manat pul oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z. Teymurxanov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.