Venesuela Prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın bəyanatı fonunda ölkə daxilində 4,5 milyondan çox hökumətyönlü silahlı qüvvələrin yerləşdirildiyini açıqlayıb.
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, Maduro dövlət televiziyası vasitəsilə ABŞ-nin Venesuela liderini saxlamağa kömək edə biləcək məlumatlara görə mükafatı iki dəfə - 25 milyon dollardan 50 milyon dollara qədər artırdığını bildirib.
"Bu həftə mən 4,5 milyondan çox silahlının bütün ölkəni əhatə etməsini təmin edəcək xüsusi plan hazırlayacağam", - Latın Amerikası ölkəsinin prezidenti vurğulayıb.
O, bu qərarın "sülhü təmin etmək planı"nın bir hissəsi kimi hazırlandığını bildirib və könüllü döyüşçüləri "hazır, aktiv və silahlı" olmağa çağırıb.
Maduro qeyd edib ki, milli milis ölkənin bütün bölgələrində yerləşdiriləcək. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkotik kartelləri ilə mübarizədə ordudan daha geniş və effektiv istifadəyə imkan verən sərəncam imzalayıb. Bu addım beynəlxalq hüquqa uyğun olub-olmaması ilə bağlı müzakirələrə yol açıb.
İki yüksək rütbəli hərbi məmur CNN-ə bildirib ki, Trampın əmri çərçivəsində müxtəlif tapşırıqları yerinə yetirmək üçün bölgəyə 4000 dəniz piyadası və əsgər göndərilib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”