AZ

Rusiyada zavodda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb

Rusiya Federasiyasının Ryazan vilayətindəki zavodlardan birində baş vermiş fövqəladə hadisə nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Bu barədə avqustun 19-da Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Ryazan vilayətində daha bir ölən şəxsin cəsədi çıxarılıb. Yenilənmiş məlumata görə, 158 nəfər yaralanıb, onlardan 25-i dünyasını dəyişib", - Telegram kanalında dərc edilən nəşrdə deyilir.

Avqustun 15-də Ryazan vilayətinin Şilovski rayonunda yerləşən “Elastik” zavodunun barıt sexində partlayış baş verib. Hakimiyyət fövqəladə vəziyyət elan edib. Qeyd olunub ki, barıt sexinin binası tamamilə dağılıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi ehtiyatsızlıqdan iki və daha çox insanın ölümünə səbəb olan təhlükəli istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması maddəsi ilə cinayət işi açıb.

Bir sıra Telegram kanalları partlayışın döyüş sursatının partlaması nəticəsində baş verdiyini yazıb. Təcili yardım xidmətləri partlayışın təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verdiyini bildirib. Bundan əvvəl müəssisədə fövqəladə vəziyyətlə əlaqədar Ryazan vilayətində bir günlük matəm elan edilib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
3
azerbaijan-news.az

1Mənbələr