AZ

Ailə münasibətlərinin insan sağlamlığına təsiri

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ailə münasibətlərinin insan sağlamlığına təsiri

Ailənin insan sağlamlığına təsirləri sosial, psixoloji və bioloji aspektlərdən qiymətləndirilir. Alimlər qeyd edirlər ki, ailə üzvlərinin bir-birinə emosional, fiziki və maddi cəhətdən dəstək göstərməsi fərdin streslə mübarizəsini asanlaşdırır, ümumilikdə həyat keyfiyyətini yüksəldir.

Təbii ki, bəzən bunun əksi də müşahidə olunur. Sağlam dəyərlər üzərində qurulmayan, uşaqlara travma və stress yaşadan, fiziki və psixoloji sağlamlıq problemləri formalaşdıran ailələr də mövcuddur ( https://midus.wisc.edu/findings/pdfs/1826.pdf ). Bu baxımdan, ailə münasibətləri insan üçün çox mühümdür: ya rahatlıq, sevinc beşiyi, ya da əksinə, stres və narahatlıq mənbəyi kimi çıxış edir.

Uşaqlıq illərində müşahidə olunan ailədaxili münaqişələr, valideynlər arasında emosional soyuqluq və ya zorakılıq halları uşaqlarda posttravmatik stres pozuntusu, depressiya, hətta erkən yaşda hipertoniya və mədə-bağırsaq problemləri kimi fəsadlara yol açır. Ailə dinamikasının kliniki baxımdan yuxu və ürək-damar sağlamlığına təsiri də unudulmazdır. Mənfi ailə durumu zəif yuxu, ürək döyüntüsü və qan təzyiqinin artmasını stimullaşdırır ki, bu da hipertansiyonun inkişaf riski deməkdir (https://scholar.google.com/citations?view_op=view_citation&hl=en&user=ijdfJloAAAAJ&citation_for_view=ijdfJloAAAAJ:MXK_kJrjxJIC). Amerikalı tədqiqatçıların 2020-ci ildə apardığı araşdırmaya görə, ailə içində xoş münasibətlərə malik olan fərdlərin yuxu keyfiyyəti 25%-ə qədər daha yaxşı olur. Bu isə gündəlik fəaliyyət, yaddaş və emosional stabillik baxımından əhəmiyyətli nəticələr doğurur.

Təkcə uşaqlar deyil, yaşlı insanlar üçün də ailə sağlamlıq və rifahın vacib elementidir. Davamlı stres orqanizmin fizioloji sistemlərini zəiflədir, bu da müxtəlif xroniki xəstəliklərin yaranmasına zəmin yaradır. Elmi tədqiqatlar göstərir ki, ailə ilə sıx və xoş münasibətdə olan yaşlı insanların xəstəliklərdə sağalma tempi daha sürətli gedir. Məsələn, Kanadada aparılmış bir araşdırmada müşahidə edilib ki, həyat yoldaşı və övladları tərəfindən dəstəklənən yaşlı insanda cərrahi əməliyyat sonrakı reabilitasiya müddəti 30%-ə qədər qısa olmuşdur.

Ailə münasibətlərinə təsir edən faktorlar

Zaman keçdikcə “ailə” anlayışı da dəyişib. Əvvəllər ailələr bir yerdə yaşayır, nənə-babalar da uşaqların böyüməsində iştirak edirdilərsə, indi durum dəyişir. İnsanlar fərqli məkanlarda, daha çox şəhərlərdə yaşayışa üstünlük verirlər. Bir-birindən uzaqlarda olurlar. Bəziləri dost və tanışları öz ailəsi kimi qəbul edir. Bundan başqa, indi həm də qarışıq, qeyri-ənənəvi ailə modelləri dəbə minib ki, bütün bunlar ailə münasibətlərinə təsir edir. Bu dəyişikliklər ailə üzvləri arasında emosional məsafənin artmasına, qarşılıqlı anlaşmanın zəifləməsinə səbəb olur. Tədqiqatlar göstərir ki, ailə üzvlərinin bir-birilə açıq danışması, rollarını düzgün bölüşməsi və bir-birinə qarşı mehriban olması sağlam münasibətlər yaradır. Əksinə, ailə üzvlərinin bir-birindən uzaq düşməsi, sərt davranması və bir-birini anlamaması mənfi tendensiyalara yol açır (https://www.ncbi.nlm.nih.gov/books/NBK560487/ ).

Ailə daxilində maliyyə sabitliyi, sosial dəstək sistemlərinin mövcudluğu, zorakılıq hallarının olmaması sağlamlıq üçün mühüm rol oynayır. Birləşmiş Millətlər Təşkilatının Ailə üzrə Komissiyasının 2022-ci il hesabatında qeyd olunur ki, ailədaxili zorakılıq yaşayan fərdlərin psixiatrik yardım alma ehtimalı zorakılıq yaşamayanlarla müqayisədə 3 dəfə yüksəkdir.

Ailənin sağlamlığının təmin edilməsində dövlətin rolu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı bizimlə söhbətində qeyd edib ki, ailə ilə dövlət arasında münasibətlər qarşılıqlıdır:“Bəzən deyirlər ki, ailə özü bir dövlətdir. Təməli möhkəm olan ailələrdən sağlam cəmiyyət və dövlət formalaşır. Ailə cəmiyyətin kiçik modelidir. Sağlam ailədə böyüyən uşaqlar gələcəkdə cəmiyyətin möhkəm dayağı olurlar. Bu mənada ailə təkcə fərdlərin birliyi deyil, həm də xalqın, millətin və dövlətin təməlidir”.

Millət vəkili qeyd edir ki, ailə mənəvi və fiziki cəhətdənsağlam olmalıdır: “Mənəvi cəhətdən sağlam ailə odur ki, Azərbaycan xalqının mənsub olduğu milli dəyərlərə uyğun uyğun prinsiplərləformalaşıb, bu dəyərləri öz həyatında yaşadır. Fiziki cəhətdən də sağlamlıq təmin olunmalıdır. Deyim var ki, sağlam bədəndə sağlam ruh olar. Sağlamlıq problemi olan ailə sağlam nəsil yetişdirə bilməz. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva parlamentdəki çıxışında evlənmək istəyən gənclərin bir-birinə sağlamlıqları haqqında arayış təqdim etməsi barədə təklif irəli sürmüşdü. Həqiqətən də irsi xəstəliklərin, qan xəstəliklərinin, genetik xəstəliklərin sağlamlıq problemlərinin aradan qaldırılması üçün bu, çox mühüm məsələdir”.

Məlahət İbrahimqızının sözlərinə görə, dünyanın bir çox ölkələrində nikahdan öncə tibbi müayinənin məcburi olması artıq qanunvericiliklə tənzimlənir: “Məsələn, Sinqapur, Çin və Türkiyədə evlənməzdən öncə qan qrupu, hepatit və genetik xəstəliklər üzrə analizlər tələb olunur. Bu yanaşma, fiziki baxımdan sağlam ailə quruculuğunun təməl prinsipi kimi qəbul edilir”.

Nəticə olaraq bildirək ki, ailənin insan sağlamlığına təsiri yalnız fərdlər səviyyəsində deyil, cəmiyyət və dövlət səviyyəsində də böyük əhəmiyyət daşıyır. Sağlam ailələr sağlam və dayanıqlı cəmiyyətlərin formalaşmasında əsas rol oynayır. Bu səbəbdən ailə münasibətlərinin inkişafı, ailədaxili harmoniyanın təmin olunması və dövlət tərəfindən dəstəklənməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilir.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. Media təmsilçilərində Modern ailə dəyərlərinin təşviq edilməsində jurnalistlərin rolunun artırılması mövzusunda təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Ənənəvi dəyərlərin mediada təşviqi" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 14 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININQEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINADÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
bakivaxti.az

2Mənbələr