AZ

Sosial şəbəkələrin uşaqlara təsiri: Müsbət, yoxsa mənfi?

“Sosial şəbəkələrin uşaqların psixologiyasına təsirləri müsbət və mənfi ola bilər”. 

Bu sözləri psixoloq Səbinə Şirəlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

Lakin o bildirib ki, son illərdə sosial şəbəkələrin uşaqların psixologiyasına daha çox mənfi təsiri özünü biruzə verib:

“Məsələn, sosial şəbəkələr uşaqların şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərə bilir. Həmçinin, uşaqlar normal davranışlarından fərqli olaraq, sosial şəbəkələrdə gördüklərini təkrarlamağa başlayayırlar. Bu isə başqa insanları təqlid etmək olduğu üçün şəxsiyyət kimi formalaşmağın qarşısını alır. İnsanların bir hissəsi xarakter olaraq mənfiyə və qayda pozuntusuna yönümlü olurlar. Uşaqlar da həmçinin etik olmayan, mənfi davranışları daha tez götürə bilirlər”. 

Ekspert qeyd edib ki, sosial şəbəkələr həm də uşaqların psixoloji inkişafına mənfi təsir göstərir:

“Eyni zamanda, sosial şəbəkələr uşaqlarda diqqət dağınıqlığı və yaddaş pozuntusu kimi fəsadlara da gətirib çıxarır. Üstəlik, sözügedən platformalar onların nitqinə, daha dəqiq desək, sosiallaşmasına da mənfi təsir göstərir. Bu da uşaqların gələcəkdə digər insanlarla ünsiyyət qurma problem yaşamalarına və empatiya qabiliyyətinin formalaşmasında çətinliyə səbəb olur. Yanımıza gələn uşaqların bir çoxunun valideynləri onlarda nitq problemi olduğunu deyirlər. Səbəb olaraq isə övladlarının sosial şəbəkələr və televiziya qarşısında çox zaman keçirdiklərini göstərirlər”. 

Səbinə Şirəlizədanin sözlərinə görə, uşaqların “YouTube”, “TikTiok” və “Instagram” kimi platformalardakı paylaşımlardan götürdükləri davranışlar özünü biruzə verir: 

“Əksər uşaqlar hansısa cizgi filmdəki obrazlar kimi davranırlar. Sanki cizgi filmlərində gördüklərini əks etdirməyə başlayırlar. Buna görə də normal ünsiyyət qura bilmirlər. Bəli, bunun əsas səbəblərindən biri də məhz sosial şəbəkələrdir”.

Mütəxəssis bunun qarşısını almaq üçün atılacaq addımlardan da bəhs edib:

“Bunun qarşısını almaq üçün valideynlərə övladlarını sosial şəbəkələrdən maksimum şəkildə uzaqlaşdırmağı tövsiyə edirəm. Qadağa qoymasınlar, zamanla azaltmağa çalışsınlar. Çünki qadağa qoyduqları zaman uşaqlarda aqressiya formalaşmağa başlayacaq. Ona görə də onların telefondan və televizordan istifadə müddətini azaltmaq lazımdır. Həmçinin, uşaqları sosial cəhətdən idman, rəqs, gəzmək kimi müxtəlif fəaliyyətlərə yönləndirmək olar. Bundan başqa, onlara nağıllar oxusunlar, oyunlar oynasınlar”. 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr