AZ

Soyuq Alyaskada isti müzakirələr...

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tramp - Putin görüşü: nəticənin başlanğıcı

Mərkəzi Avropada nələr olacaq?

İsti yay günündə soyuq Alyaskada baş tutmuş Tramp - Putin görüşünün siyasi təzadları, ziddiyyətləri və ən əsası isə müharibələri “sərinlədəcəyi” gözlənilirdi. Avqustun 15-də baş tutan görüş yeni dünya nizamı üçün olduqca əhəmiyyətli konturlar müəyyənləşdirirdi. Qeyd edilməlidir ki, hələ görüş öncəsi dünya mətbuatı, xüsusilə Qərb mətbuatı təması “yeni yüz il üçün danışıqlar” adlandırırdılar. ABŞ Prezidentinin sülh üçün ortaya qoyduğu səylər, Rusiyanın tələbləri, Ukraynanın isə hələlik müşahidəçi qismində son qərarı vermək üçün gözləməsi danışıqlar müstəvisini daha da daraltmışdı. O baxımdan ki:

- Qərb (Avropa) müharibənin necə nəticələnəcəyi (sonlanacağı demək olmaz) haqda cavabsız suallar qarşısında (narahat) idi;

- Görüşdə müzakirə predmetləri barədə geniş məlumat verilmədiyi üçün hansısa sensasion bir hərəkətlənmə belə gözlənilən idi;

- Bu görüş Ukrayna-Rusiya müharibəsinin bitməsindən çox, ən yüksək səviyyədə ABŞ-Rusiya təmaslarının başlanması kimi xarakterizə olunurdu.

İlkin rəy - qalibin müəyyənləşməməsi üçün....

Görüş iki istiqamət üzrə, həm Rusiya-Ukrayna müharibəsi, həm də ABŞ-Rusiya münasibətlərində yeni dövrün başlanğıcı kimi önə çəkilirdi. İqtisadi münasibətlərin hərbi-siyasi davranışların önünə keçmə ehtimalı böyük idi - müharibənin dayandırılması və ya yeni bir müstəvidə danışıqlar prosesinin başladılması isə növbəti mərhələ üçün konte?stlər yaradırdı.

Nəhayət, görüş baş tutdu - tədbir öncəsi davranışlar, hətta biri-birinin ünvanına səslənən müəyyən komplimentlər tərəflərin konsorsium üçün kökləndiklərini ortaya qoyurdu. Bir çox Qərb politoloqları görüşöncəsi davranışı “qalibin müəyyənləşməməsi üçün zəmin” adlandırmışdı - onlar fikirlərini belə izah edirdilər ki, hətta görüş gözlənilən ən pis nəticələrlə sonlandırılsa belə, mətbuat üçün təmasöncəsi “soyuq gülümsəmələr” işə yarayacaq.

Beləliklə, ABŞ-Rusiya liderləri masa arxasına keçməzdən öncə vəziyyəti belə təsvir etmək mümkün idi:

- Müharibənin dayanması, atəşkəsin əldə olunması üçün tərəflərin İstanbulda və Əbu-Dabidə müəyyənləşdirdikləri təkliflər üzərində “gəzişmələr” olacaq;

- Şərtlər müəyyənləşdiriləcək və ortaq müstəvi formalaşdırılacaq;

- Təkliflər üzərindən real nəticələr (məsələn sülh müqaviləsi və ya ilkin çərçivə sazişi) üçün yol xəritəsi hazırlamaq...

Alyaska görüşü: nəticələr nə vəd edir?

Nəhayət avqustun 15-dən 16-na keçən gecə gözlənilən tarixi görüş baş tutdu - vurğulayaq ki, görüşün hansı nəticələrlə yekunlaşması ilə bağlı tərəflər geniş və hətta gözlənilən açıqlamaları vermədilər, detallı məlumat yaymadılar. İlk baxışdan görünən isə o idi ki, Tramp-Putin görüşündə o qədər də böyük nəticə əldə olunmamışdı - ən azından, görüşdən sonra Rusiya-Ukrayna cəbhəsində qeyd-şərtsiz atəşkəsə nail olunması ilə bağlı gözləntilər də boşa çıxmışdı.

Görüşlə bağlı təhlillər isə verilən qısaməzmunlu açıqlamalar üzərindən şərh olunur. 

- Rusiya ilə ABŞ arasında mümkün iqtisadi əlaqələrin bərpası məsələsi gündəmə gəldi. Tramp görüşdən əvvəl Rusiyanın “biznes istəklərini” dilə gətirmişdi. Əgər müharibənin yekunlaşması istiqamətində irəliləyiş olsa idi, bəzi sanksiyaların yumşaldılması və iqtisadi əməkdaşlığın bərpa olunması müzakirəyə çıxarıla bilərdi. Bu, ABŞ şirkətləri üçün enerji, mineral resurslar və bazara çıxış imkanları, Rusiya üçünsə maliyyə və texnologiya dəstəyi demək ola bilərdi. Nəzərə alsaq ki, hələlik real nəticələr olmadığı üçün Vaşinqtonun Rusiyaya qarşı mövqeyində dəyişiklik müşahidə oluna bilməz. Təsadüfi deyil ki, danışıqların yekunu üzrə mətbuata açıqlamasında Rusiya lideri ikitərəfli münasibətlərdə səhifəni çevirməyə və əməkdaşlığa qayıtmağa çağırış edib, Trampı Moskvaya dəvət edib.

- Putin görüşdən sonra verdiyi açıqlamada ilk dəfə olaraq “Article 5” təhlükəsizlik zəmanətinə razı olduğunu bildirdi. Kiyevin NATO üzvü olmaması qarşılığında seçiləcək bu yol NATO Nizamnaməsinin 5-ci maddəsinə (Article 5) istinad edir. Bu, NATO-nun rəsmi üzvü olmadan onun prinsiplərinə oxşar müdafiə mexanizmini nəzərdə tutur. Başqa sözlə, ABŞ və ya Qərb ölkələri Ukraynaya qarşı hücum olacağı təqdirdə NATO üzvü kimi deyil, amma eyni şəkildə dəstək verə biləcək. Bu, hüquqi baxımdan NATO müqaviləsi olmasa da, siyasi və hərbi müdafiə öhdəliyi yaradır. Bunun necə mümkün olacağına gəldikdə isə, siyasi mütəxəssislər iki yol olduğunu deyir - birincisi, ikitərəfli müqavilədir ki, ayrı-ayrı NATO ölkələri buna imza ata bilər. Paralel olaraq çoxtərəfli təminat məsələsi də gündəmə gələ bilər ki, burada da Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-ın ortaq mövqeyi nəzərə alınacaq.

Məğlub yoxdur, proses var...

Nəticə etibarı ilə görüş “nəticəsiz” adlandırılır - çünki hər hansı bir qərar yekdilliklə iki tərəfdən təsdiq edilməyib. Amma proseslərin inkişafı göstərir ki, məsələ bu qədər sadə deyil - bəzilərinin ABŞ-ı görüşdə üstünlüyü əldən verməsi kimi “şərhlər” səsləndirməsi aldadıcıdır. Maraqlıdır ki, bu detala ABŞ ?rezidentinin özü də reaksiya verib. Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçirilən görüşdən sonra ölkə mediasını saxta xəbərlər yaymaqda ittiham edib. Prezident bu barədə özünün “Truth Social” hesabında yazıb. Tramp bildirib ki, görüşü “ABŞ prezidentinin böyük məğlubiyyəti” kimi təqdim edən jurnalistlər həqiqəti təhrif edirlər: “Feyk nyuz” artıq üç gündür iddia edir ki, mən guya böyük məğlubiyyətə uğramışam və guya Putinə ABŞ-da böyük sammit keçirməyə icazə vermişəm. Halbuki Putin bundan daha çox başqa yerdə görüşmək istəyirdi. Bunu media da yaxşı bilir. Əgər sammiti başqa yerdə keçirsəydik, o zaman da eyni media bunun “dəhşətli qərar” olduğunu deyəcəkdi. Bu insanlar xəstədir”, - deyə Tramp vurğulayıb.

ABŞ-ın dövlət katibi Marko Rubio isə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqları çox məhsuldar adlandırıb. İki lider arasında aparılan danışıqlarda iştirak edən Rubio deyib: “Görüş çox yaxşı, çox məhsuldar olub”.

Təbii ki, hər iki dövlət başçısının mediaya açıqlamalarında səsləndirmədikləri mühüm məqamlar mövcuddur və prosesin gələcək inkişafı bu detalların üzərinə işıq salacaq.

Ukrayna üçün 2 ssenari...

Siyasi ekspertlər iddia edirlər ki, Alyaska görüşü ABŞ-Rusiya ikitərəfli əlaqələrinə qısa müddətdə müsbət atmosfer, uzun müddətdə isə qeyri-müəyyənlik gətirdi. Bu görüş real güzəştlərdən çox, siyasi simvolizm daşıdı. Əgər bundan sonra konkret addımlar (sanksiyaların yüngülləşməsi, Ukraynada gərginliyin azalması) atılmasa, ABŞ-Rusiya münasibətlərində əsaslı dönüş olmayacaq.

Bu arada “Wall Street Journal” (WSJ) Alyaska sammitindən sonra Ukraynanın gələcəyi ilə bağlı 2 əsas ssenari təqdim edib. Birinci ssenariyə görə, Ukrayna dövlət kimi qalacaq, lakin ərazi baxımından kiçildilmiş formada, eyni zamanda təhlükəsizlik zəmanətləri əldə edəcək.

WSJ qeyd edir ki, həm Kiyev, həm də onu dəstəkləyən Avropa faktiki olaraq Rusiyanın bəzi ərazilərə nəzarətini qəbul etməyə hazır ola bilər, baxmayaraq ki, bu, rəsmi şəkildə beynəlxalq səviyyədə tanınmayacaq. Nəticədə, konfliktin yekunu 1953-cü ildə Koreya müharibəsinin sona çatması ssenarisini xatırlada bilər - Cənubi Koreya Qərb tərəfindən qorunub saxlanıldı.

İkinci ssenari Ukraynanın həm ərazilərini, həm də suverenliyini itirməsi və Rusiyanın təsiri altında qalmasıdır.

WSJ bildirir ki, bu halda yalnız cənub və şərq bölgələrinin itirilməsi deyil, həm də ölkənin “Rusiya protektoratı”na çevrilməsi mümkün olacaq ki, bu da faktiki kapitulyasiyaya bərabər sayılır.

22 avqustda...

“Axios” portalı isə ABŞ rəhbərliyi Prezident Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli sammitin 22 avqust tarixində keçirilməsinin planlaşdırıldığını yazıb. “NBC News”un məlumatına görə isə, ABŞ Ukrayna üçün gələcək sülh sazişi çərçivəsində NATO tipli təhlükəsizlik zəmanətləri verməyə hazırdır, lakin Donald Tramp ölkədə Amerika hərbçilərinin yerləşdirilməsini nəzərdən keçirmir.

Məsələ ilə bağlı danışıqları ABŞ-ın dövlət katibi Marko Rubio və vitse-prezident aparır. Onlar Ukrayna rəsmiləri, o cümlədən Prezident Aparatının rəhbəri Andrey Yermak ilə görüşlər keçirirlər.

Konstitusiya öhdəliyi, yoxsa....

Görüşlə bağlı diqqət çəkən məqamlardan biri ABŞ ?rezidentinin müşaviri Stiv Vitkoffun Putinə “müqavilə sonrası yenidən hücum etməmək” qərarını Rusiya konstitusiyasına əlavə edə bil?cəyini deməsi olub. Bu fikir siyasi texnoloqlar tərəf?ndən birmənalı qiymətləndirilməyib. İddia olunur ki, post-Putin dövründə Rusiyanın davranışları ilə bağlı indidən proqnoz səsləndirmək çətindir - bu nöqteyi-nəzərdən, hücum etməməklə bağlı məsələnin konstitusiyaya salınması arxayınlıq yaradacaq. Gözlənilməz hər hansı bir hücum isə həm Avropanı, həm də digər bölgələri çətin vəziyyətə salar. Bunun əksinə, Moskvanın hücum etməyəcəyi ilə bağlı öhdəliyi beynəlxalq sənədlərlə təsdiqlənməli və öhdəlik Kremlə məhz beynəlxalq standartlar üzərindən çatdırılmalıdır.

Saat gəlib çatdı...

Rusiya-Ukrayna müharibəsinin yekunlaşması siyasi-hərbi, iqtisadi məsələ olmaqla yanaşı, həm də bir sülh məsələsi olacaq. Ötən 3 il ərzində öldürülən günahsız insanlar bu müharibənin məhz günahsız qurbanlarıdır. Bu qurbanların davam etməməsi üçün sülhə imza atılmalıdır - bu fikir ABŞ-ın birinci xanımı Melaniya Trampın Rusiya Prezidenti Vladimir Putinə məktubunda əsas xətt kimi qeyd edilib.  Meloni Tramp məktubu Rusiya prezidentinə həyat yoldaşı Donald Tramp vasitəsilə çatdırıb. Məktubda deyilir: “Hər bir uşağın - şəhərdə doğulmasından və ya kənddə böyüməsindən asılı olmayaraq eyni səmimi arzuları vardır: sevgi, imkanlar və təhlükəsizlik. Valideynlər və liderlər olaraq biz növbəti nəsilin gələcəyini qorumaq məsuliyyətini daşıyırıq, bu məsuliyyət fərdi rahatlıqdan üstündür. Uşaqlar təvazökar, saf və günahsız doğulurlar, bu saflıq coğrafiya, dövlət və ideologiyadan yuxarıdır. Bəzi uşaqların həyatı qaranlıq qüvvələr tərəfindən pozulur, lakin Putinin hərəkəti ilə bu uşaqlara melodik, səssiz gülüşlərini geri qaytarmaq mümkündür.”

Daha sonra Tramp məktubunda xatırladır: “Onların günahsızlığını qoruyaraq, siz yalnız Rusiyaya deyil, bütöv insanlığa xidmət edəcəksiniz. Bu cəsarətli fikir insan münaqişələrindən üstündür və siz bunu bir imza ilə həyata keçirə bilərsiniz.”

Məktub “saat gəlib çatdı” sözləri ilə bitir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniazerbaycan.com

2Mənbələr