AZ

Azərbaycanın artan regional rolu və müstəqil enerji strategiyası Rusiyanı narahat edir AÇIQLAMA

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev Rusiyanın Ukraynada SOCAR-a məxsus enerji obyektini vurmasını şərh edib.

O, AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu hücumlar təsadüfi deyil və Azərbaycanın Ukrayna ilə formalaşdırdığı strateji əməkdaşlığı zəiflətməyə yönəlib:

"Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə, Rusiyanın Odessa vilayətində SOCAR-a məxsus neft anbarını beş "Shahed" dronu ilə hədəfləməsi təkcə enerji infrastrukturuna zərbə deyil, həm də regional geosiyasi və enerji təhlükəsizliyi baxımından ciddi siqnaldır. Bu hücumlar Azərbaycan-Ukrayna tərəfdaşlığını zəiflətmək məqsədi daşıyan məqsədyönlü strategiya kimi dəyərləndirilə bilər. İyul ayında Ukrayna ilk dəfə Transbalkan marşrutu vasitəsilə Azərbaycan qazının test həcmini ötürüb və idxalı artırmaq planlarını açıqlayıb. Bu, Rusiyanın enerji hegemonluğuna ciddi təhdid idi. Moskvanın hücumları isə təsadüfi deyil – əsas məqsəd enerji sektorunda üstünlüyü qorumaq və Ukraynanın enerji mənbələrini diversifikasiya etmək səylərinin qarşısını almaqdır”.

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycanın artan regional rolu və müstəqil enerji strategiyası Rusiyanı narahat edir:

"Rusiya bu hücumlarla bölgədə təsirini qorumağa, yeni geosiyasi blokların yaranmasının qarşısını almağa çalışır. Amma Azərbaycan və Ukrayna prezidentlərinin telefon danışığında vurğulandığı kimi, bu hücumlar iki ölkə arasında enerji əməkdaşlığını dayandırmayacaq. Əksinə, Bakının mövqeyi göstərir ki, əməkdaşlıq daha da güclənəcək. Regional enerji təhlükəsizliyi və geosiyasi sabitlik baxımından bu proseslərin izlənməsi və düzgün qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir”.

Oksana Orucova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
azxeber.com

1Mənbələr