AZ

"Atamın vətəni Göyçəyə qayıtmaq istəyirəm, orada 6 babamın məzarı var"-FOTO+ÖZƏL

"Mənim atam Göyçə mahalının, Basarkeçər rayonunun, Daşkənd kəndində anadan olub. Babam Həsən Xəyallı, əmim Sərraf  Şiruyə də şair olublar. Bir çox aşıqlar və xanəndələr bu gün də əmimin şeirlərini oxuyurlar. Bizim kəndimiz 1953-cü ildə birinci dəfə deportasiya olunub. Kəndin yarısı o vaxt Bərdədə məskunlaşıb. Yarısı isə Göyçə mahalı, Basarkeçər rayonu, Daşkənd kəndində qalıb. Kəndin də adını Bərdər rayonunda Yeni Daşkənd olaraq əbədiləşdirmişik. Əmilərim 50-60-cı illərdə Bakıya gəliblər, atam isə 1981-ci ildə ali məktəbi başa vurandan sonra təyinatla Yevlaxa gəlib. 3 il orada Qaz istismar idarəsində işləyəndən sonra təyinatı üzrə Bərdəyə tikinti idarəsinə göndərilib. Atam 1983-cü ildən orada yaşayıb. Mən də orada anadan olmuşam. Göyçə mahalından 1988-ci ildə sonuncu deportasiya yadıma düşür və dayılarımın, babamgilin bizdə gəlib qalmaqlarını xatırlayıram. Onlar 3 ay bizdə qalandan sonra Şamaxı rayonunun, Mədrəsə qəsəbəsində məskunlaşdılar"
 
Bunu Moderator.az -a açıqlamasında əslən Qərbi Azərbaycandan olan şair-publisist Qılman İman deyib.
 
O daha sonra bildirib ki, atasının vətənini görməyə səbirsizlənir:
 
"Təkcə Qərbi Azərbaycanlı yox, həm də bir Azərbaycanlı kimi o torpaqlara qayıtmaq mənim böyük arzumdur. Mən gözümü orada açmasam da, o torpaqların nisgili, həsrəti ilə böyümüşəm. Nənəmin, babamın, əmilərimin, dayılarımın hamısı Göyçə ilə bağlı xatirələrini bölüşərdilər. Xəyalımızda Göyçəni şəkilləndirərdilər, tanıdardılar. Biz bu həsrətlə böyümüşük. Hər kəs istərdi ki, həsrəti vüsala qovuşsun. Mənim o kənddə 6 babamın qəbri var. Gedib o qəbirləri ziyarət etmək istəyirəm. Göyçə hər şeydən əvvəl Oğuz türklərinin məskənidir. Daşkənd kəndi çox qüdrətli saz-söz ustadları, elm adamları dünyaya bəxş edib. İstərdim qayıdış olsun, ora bir gedib atamın gözü ilə, nənələrimin, babalarımın, əmilərimin gözü ilə baxım. Qoy onların da ruhu rahatlıq tapsın. Mən bu qayıdışa inanıram. Gec-tez hansısa formada bu qayıdış  olacaq. Siyasi prosseslər də bunu deməyə əsas verir. Xüsusilə son günlər baş verən hadisələrdə də bir daha aydın olur ki, biz o torpaqlara qayıda biləcəyik" deyə o bildirib.
 
Qılman İman bildirib ki, Göyçə əzəldən aşıq sənətinin inkişafında böyük töhfələr verib:
 
"Göyçədə qədim ən-ənəyə malik bir aşıq mühiti var. Azərbaycanda Qərb aşıq mühiti deyiləndə ilk yada düşən Göyçə olur. Çünki Gəncəbasar da, Tovuz da, Qazax da Göyçənin qollarıdır. Göyçədə aşıq sənəti 18-19-cu əsrlərdə çox sürətlə inkişaf edib. Hələ 16-cı əsrdə ozan sənəti təşəkkül tapıb. Aşıq sənətinin əsas siması hesab edilən Aşıq Ələsgərin Göyçə mahalında dünyaya gəlməsi və onun sənətinin təşəkkül tapması,  bütün Azərbaycan aşıq sənətinə sirayət etməsi, Göyçə aşıq məkəbini bir az da qüvvətləndirdi.. Aşıq Alı ilə, aşıq Ələsgərlə aşıq sənəti daha da şöhrət tapdı. Onların sənətinin ucalığına xüsusilə o coğrafiyada yaşayanlar daha çox saza, sözə maraqlı olurdular. Çünki orada iqlim elə idi ki, 3 ay yay, 9 ay qış olurdu. Uzun qış gecələrində əsas informasiyanı aşıqdan alırdılar. El-oba nə xəbər tuturdusa, yeni nə var idisə aşıqdan öyrənirdi. Uzun qış gecələrində insanların məşğuliyyəti ancaq saz çalıb, söz qoşmaq, dastan danışmaq idi. Bu cür sənətkarlara görə orada aşıq sənətinə hər zaman maraq olub. İnsanlar sanki aşığa qeyri-adi varlıq kimi baxıblar. Aşıq məclisin, evin ən əziz qonağı olub. Aşığın sözü qılıncdan iti olub" deyə o bildirib.
 
Qeyd: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Qərbi Azərbaycan - maddi mədəni irsimiz” adlı layihəsi çərçivəsində hazırlanıb.

 

Seçilən
50
moderator.az

1Mənbələr