Bakı, 19 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Marz” MMC-yə məxsus məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonunda Heydər Əliyev prospekti, ev 103 ünvanında yerləşən “Metprof” MMC-yə məxsus qapı-pəncərə istehsalı sexlərində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yoxlamalar zamanı obyektlərin yanğına qarşı sistem və qurğularla təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin olunmadığı, obyektlərin ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin edilmədiyi, yanğın zamanı işçilərin təxliyəsi üçün köçürmə planı tərtib olunmadığı aşkarlanıb.
Eyni zamanda, həmin obyektlərin xüsusi razılıq (lisenziya) olmadan “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə zidd olaraq “Yanğınsöndürmə texnikası məhsullarının istehsalı və satışı, sınaqların keçirilməsi” fəaliyyəti ilə məşğul olduğu aşkar edilib.
“Beləliklə, mövcud vəziyyət obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar olunmuş sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib və qərarın bir nüsxəsi obyekt nümayəndələrinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb.