AZ

Tramp: Biz Ukraynaya çox yaxşı  dəstək verəcəyik

ABŞ prezidenti Donald Tramp Ukraynaya sülh prosesinin bir hissəsi olaraq çox yaxşı müdafiə təmin ediləcəyini bildirib. O, Kiyevin NATO ilə müqayisə oluna biləcək təhlükəsizlik zəmanətləri alıb-almayacağı barədə suala cavabında: “Bilmirəm, buna belə ad vermək olarmı” – deyə qeyd edib.

Ulusal.az xəbər verir ki, Trampın sözlərinə görə, Ukraynaya veriləcək ABŞ silahlarının ödənişini NATO həyata keçirəcək. Prezident Vladimir Zelenski isə bildirib ki, Kiyev hazırda Amerika silahlarının alınmasında çətinliklər yaşayır.

Açıq hissəsi mətbuata təqdim olunan görüşdən sonra iki lider qapalı qapılar arxasında danışıqlarını davam etdiriblər. Tramp bəyan edib ki, görüşdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır: “Bəlkə də üçtərəfli görüş baş tutacaq və yaxşı ehtimal var ki, hər şeyi bitirə bilək”, – deyə o vurğulayıb.

ABŞ lideri həmçinin Avropanın Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu, Vaşinqtonun isə bu prosesdə yardım göstərəcəyini açıqlayıb.

Tramp Ukraynada atəşkəs məsələsinə də toxunaraq bildirib ki, artıq müvəqqəti atəşkəsə ehtiyac yoxdur: “Bizim məqsədimiz müvəqqəti atəşkəs deyil, davamlı sülhdür. Mən düşünmürəm ki, atəşkəs olacaq. Biz döyüşlər gedə-gedə də sülhə nail ola bilərik”.

ABŞ prezidenti çıxışının sonunda qeyd edib: “Mən ukraynalıları sevirəm. Mən hamını, rusları da sevirəm. İstəyirəm ki, bu müharibə bitsin”.

 

 

Seçilən
38
50
moderator.az

10Mənbələr