AZ

Trampın həyat yoldaşının məktubu da Putinin ürəyinə rəhm salmadı...


Azər Həsrət: “Xanımlar bu cür məsələlərdə kişilərə nisbətən daha rəhmli, həssas olur, qeyri-siyasi davranmağa üstünlük verir”

ABŞ Prezidenti Donald Tramp ötən həftə Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampdan məktub çatdırıb.

Melania Tramp özü səfər zamanı yoldaşını müşayiət etməyib. O, məktubda Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar məsələsinə toxunub.

Maraqlıdır, məktubun Melania tərəfindən yazılmasının nə anlamı var? Həmin sözləri Tramp görüş zamanı Putinə deyə bilməzdi?

“Rusiya Ukrayna xalqına qarşı dəhşətli vəhşiliklər edir, o zamanməktubun hər hansı bir reaksiyaya səbəb olmayacağını proqnozlaşdırmaq elə də çətin deyil”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, o məktubun mətnini tam oxuyub: “Bu məktub olduqca duyğusaldır. Həmin məktubda müharibəyə, siyasi məsələlərə toxunulmur. Sadəcə olaraq insanların duyğularına toxunan üslubda yazılıb. Melania Tramp bir qadın, dünyanın ən güclü dövlətinin birinci xanımı olaraq bu məsələyə bu cür yanaşma sərgiləyib. Məktubun mətnində nəzərdə tutulan mövzu doğru yanaşmadır. O bir xanım olaraq qeyd edir ki, siz nə edirsiniz, müharibə aparırsız, işğalla məşğul olursuzsa olun, bu işlərə qarışmıram, sadəcə uşaqların taleyin məni düşündürür, körpələrə humanist yanaşılmalıdır. Hesab edirəm ki, Melania Trampın bu yanaşması təqdirəlayiqdir. Əlbəttə, xanımlar bu cür məsələlərdə kişilərə nisbətən daha rəhmli, həssas olur, qeyri-siyasi davranmağa üstünlük verir. Putinin bu məsələyə necə reaksiya verəcəyi olduqca maraqlıdır. Nəzərə almaq lazımdır ki, Rusiya Ukrayna xalqına qarşı dəhşətli vəhşiliklər edir. O zamanməktubun hər hansı bir reaksiyaya səbəb olmayacağını proqnozlaşdırmaq elə də çətin deyil. Ancaq istənilən halda, Putin xanım Melania Trampın məktubuna bir jest edə bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Rusiya müharibə zamanı Ukraynadan 10 minlərlə uşağı aparıb. O uşaqlar evindən, ata-anasından ayrılıb: “Hətta həmin uşaqların ad-soyadların dəyişdirilməsi ilə bağlı məlumatlar da yayılır. O uşaqlara Ukrayna dilində danışmaq qadağan edilib, rus dilində danışmağa məcbur edirlər. Belə vəhşi yöntəmi olan dövlət rəhbərindən Melania Trampın duyğusal məktubuna müsbət reaksiya gözləmək şəxsən mənim üçün o qədər də asan deyil”.

Günel CƏLİLOVA

Seçilən
62
38
baki-xeber.com

10Mənbələr