AZ

Avtomobil krediti rahatlıq, yoxsa uzunmüddətli əsarət?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avtomobil bu gün sadəcə nəqliyyat vasitəsi deyil, həm də rahatlıq, bəzən isə status göstəricisi sayılır. Xüsusilə böyük şəhərlərdə “öz maşınım olsun” arzusu demək olar ki, hər kəsin qəlbində var. Amma bu arzunu gerçəkləşdirənlərin böyük əksəriyyəti bank kreditlərinə üz tutur.

Kreditlə maşın almağın ilk baxışda bir sıra üstünlükləri var. Məsələn, insan birdən-birə böyük məbləğ ödəmədən maşın sahibi olur, işə-gücə, ailəyə və şəxsi ehtiyaclara görə hərəkət sərbəstliyi qazanır, bəzi hallarda taksi və ictimai nəqliyyata sərf olunan puldan qənaət edilir.

İlk günlərdə yeni avtomobilin yaratdığı sevinc bütün bu detalların üstünə kölgə salır. İnsan özünü daha azad, daha rahat hiss edir. Amma işin görünməyən tərəfi də var. Bank krediti sadəcə rahatlıq deyil, həm də illərlə davam edən öhdəlikdir. Kredit müddəti boyu hər ay maaşın müəyyən hissəsi bank hesabına köçürülür. Maşının dəyəri azalır, amma borc qalır. Yəni bir neçə ildən sonra köhnəlmiş avtomobil, amma hələ də ödənilməmiş kredit qalır. Faizlər bəzən avtomobilin real dəyərini aşır. Yəni 20 min manatlıq maşın sonda 30 minə başa gəlir. İş yerində gözlənilməz dəyişiklik və ya xəstəlik kimi hallar borcun ödənməsini çətinləşdirir və s.

Kredit insanın düşüncəsini daim məşğul saxlayır. Hər ay bank günü yaxınlaşanda “borc qayğısı” özünü xatırladır. Bir çox insan üçün bu, azadlığın yox, əksinə əsarətin başlanğıcıdır.

Bəzi ölkələrdə insanlar avtomobil almağa tələsmir, çünki ictimai nəqliyyat kifayət qədər güclüdür. Bizdə isə bu sistem tam olaraq etibarlı olmadığından, maşın çox vaxt zərurətə çevrilir. Yenə də alternativlər var. Məsələn, daha münasib qiymətə ikinci əl avtomobil almaq, kreditdən əvvəl şəxsi yığım fondu yaratmaq, avtomobilin həqiqətən zərurət olub-olmadığını dəyərləndirmək.

Avtomobil krediti ilk baxışda rahatlıq gətirsə də, uzunmüddətli öhdəlik insanı maddi və psixoloji baxımdan məhdudlaşdırır. Hər ay ödəniləcək faizlər, azalacaq avtomobil dəyəri və daim üstündə duran borc yükü rahatlıqdan çox əsarət yaradır. Anlamaq olmur ki, biz maşını özümüz sürmək üçün alırıq, yoxsa borc bataqlığında onun arxasınca sürüklənmək üçün?

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
31
bizimyol.info

10Mənbələr