AZ

Deputat: Moskva Bakının yaratdığı reallıqla hesablaşmalı olacaq

“Azərbaycana qarşı qərəzli təziyq və təhdid siyasətini həyata keçirən Rusiya ən müxtəlif təxribatxarakterli addımlara əl atmaqdadır. Son günlərdə artıq Rusiyanın Azərbaycanın Ukraynaya nəql etdiyi qaz infrastrukturlarını və yanacaqdoldurma məntəqələrini, neft bazalarını PUA-larla hədəf alması davamlı xarakter almaqdadır. Ruslar avqustun 17-də Odessaya PUA və raketlərlə hücumu zamanı enerji obyektlərini - “Nova Poşta” terminalı və Azərbaycan şirkəti olan SOCAR-ın neft bazası da vurub. Zərbələr nəticəsində bir neçə çən, nasos stansiyasının binası, operator və tərəzi otaqları, texniki otaqlar zədələnib, hasar dağılıb. Moskvanın bu hərəkəti ilə təkcə bəşəri dəyərləri və beynəlxalq hüququ ayaqlar altına atmır, həm də qlobal təhlükəsizlik sisteminə ciddi təhdid yaradır. Rusiyanın bu hərəkəti eyni zamanda beynəlxalq hüquqi məsuliyyəti yaradır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, müharibənin aparılmasının da öz qaydaları var. “Münaqişə tərəfləri müharibə apararkən beynəlxalq hüququn qaydalarına da riayət etməlidir. Münaqişə ərazisində yerləşən digər ölkələrin obyektlərini hədəf seçilməməlidir. Bu beynəlxalq hüquq norma və prinsiplərinə ilə yanaşı, Rusiya ilə Azərbaycan arasında imzalanmış və qüvvədə olan bir çox sənədlərin ruhuna ziddir. Çünki Rusiyanın Azərbaycanın Ukraynadakı enerji obyektləri beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilir və enerji təminatına xidmət edir. Yəni bu obyektlər heç bir ölkəyə qarşı deyil. Bu baxımdan Rusiyanın SOCAR-a məxsus infrastruktura hava zərbələri endirilməsi yolverilməz olmaqla bərabər, beynəlxalq hüquqa ziddir və bu hüquqi məsuliyyət əməli yaradır", - o qeyd edib.

Deputat əlavə edib ki, Moskvanın yürütdüyü bu qərəzli təhdid siyasətinin  araxasında Azərbaycanın yürütdüyü müstəqil siyasətdən və tutuduğu mövqedən, yoldan geri çəkməyə xidmət edir: “Amma Moskvadakılar unutmamalıdır ki, ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycanı diz çökdürüb yenidən öz imperiya siyasətinə xidmət etdirmək üçün davamlı təhdid siyasətini həyata keçirib. Hətta Azərbaycan xalqını susdurmaq üçün rus ordusunu xalqın üzərinə yeridib. Amma heç bir nəticəsi olmayıb. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da biz dəfələrlə Rusiyanın ölkəmizin müstəqilliyinə qarşı qəsdlərin, terror hadisələrinin, təxribatların, dövlət çevrişilinə cəhdlərin şahidi olmuşuq. Ancaq Azərbaycan xalqı xilaskarı Ulu öndər Heydər Əliyevin və onun siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin  ətrafında bir yumruq kimi birləşərək bu cür təhdidləri dəf ediblər. Əgər Rusiya Azərbaycanın o zəif dönəmlərində Azərbaycanı tutduğu yoldan döndərə bilməyibsə, bu gün dünyada nüfuz, güc sahibi olan ölkəmizi yolundan və yürütdüyü siyasət yolundan döndərmək mümkün olmayacaq.  Əgər Moskva düşünürsə ki, bu yolla nəyəsə nail olacaq, səhv yoldadır. Əslində, Rusiya bu metodlarla yalnız Azərbaycanı və digər qonşularını özündən uzaqlaşdırır. Bundan itirən tərəf özü olacaq. Digər tərəfdən Rusiya onsuz da reputasiyası yaxşı olmayan beynəlxalq aləmdəki nüfuzuna daha sarsıdıcı vurmuş olur.

Azərbaycan müəyyən etdiyi yolla uyğun olaraq davamlı və qətiyyətli şəkildə həyata keçirəcək. Nəticə etibarilə Rusiya necə ki, indiyədək Azərbaycanın yaratdığı reallıqları qəbul edib, bundan sonra da qəbul etmək məcburiyyətində qalacaq”.

Mürtəza

Seçilən
71
35
olke.az

10Mənbələr