Bu ilin ilk 7 ayında ölkəyə 57,1 milyon dollar dəyərində 4 min 759 ədəd yük daşımaq üçün nəqliyyat vasitəsi idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxal sayı demək olar dəyişməsə də (23 ədəd və ya 0,5% azalıb), onların idxalına çəkilən xərc kəskin şəkildə azalıb. Belə ki, idxalın ümumi dəyəri 22,9 milyon dollar və ya 28,6% aşağı düşüb.
Əvvəlki ildə Azərbaycana 80 milyon dollar dəyərində 4 min 782 ədəd yük avtomobili gətirilmişdi.
Nəticədə, 1 ədəd yük avtomobilinin orta idxal qiyməti kəskin ucuzlaşıb. Bu il orta qiymət 12 min 8 dollar (20 min 414 manat) olub ki, bu da ötən ilki qiymətlə (16 min 739 dollar və ya 28 min 456 manat) müqayisədə 4 min 731 dollar və ya 28,3% azalma deməkdir.