AZ

Atatürkün ikinci dəfnində iştirak edən Cümhuriyyət tələbəsi – FOTO/SƏNƏD

BAKI. 18 avqust. TELEQRAF

Azərbaycan Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri olan Həmid Xəlil 2 fevral 1900-cü ildə o zamanlar çar Rusiyasının işğalı altında olan Qars şəhərində doğulub. Babası Qarsda Sarı Xəlil ləqəbi ilə tanınan bir şəxs olub. Atası Məhəmməd bəyi kiçik yaşda itirən Həmid Xəlili anası Turunc xanım və atalığı böyüdüb. Həmid bəyin iki bacısı (Emeti və Səkinə), iki qardaşı olub. Qardaşı Temimdar bəy neft mütəxəssisi, digər qardaşı Müxlis bəy isə Qars Milli Şurasının üzvü olub, ingilislər tərəfindən Malta adasına sürgün edilib. Həmid bəy vəfat etdiyi zaman bacısı Səkinə xanımın 82 yaşı var idi və İrəvanda yaşayırdı. Həyat yoldaşı Şəfiqə xanımın yazdığına görə, 1973-cü ildə Səkinə xanım Türkiyəyə gəlib və bacı-qardaş uzun müddətdən sonra görüşə biliblər.

Həmid Xəlil ibtidai təhsilini Qarsda alıb. Böyük qardaşı Temimdar bəy rus işğalına qarşı partizan hərəkatı apardığı üçün Ataman ailəsinin bütün mülkləri əlindən alınaraq Besarabyanın cənubundakı Bolqrad şəhərinə sürgün edilib. Ona görə də Həmid Xəlil bəy orta məktəbə bu şəhərdəki bir liseydə davam edib. 1913-cü ildə Romanovlar xanədanlığının qurulmasının 300 illiyi münasibətilə verilən əfv fərmanından yararlanan Həmid Xəlil bəy Bakıya yerləşib, nəticədə orta təhsilini burada tamamlayıb. Belə ki, o, 23 sentyabr 1916-cı ildə Bakı 1-ci kişi gimnaziyasına daxil olub, 15 may 1919-cu ildə 8 siniflik tam kursu tamamlayıb.

Bu dövrdə Bakıda aktiv ictimai-siyasi mühit vardı, Həmid Xəlil bəy də bu ortamda özünü yetişdirib, 1918-ci ildə Bakının azad edilməsində iştirak edib.

Yüz tələbədən biri

11 avqust 1919-cu ildə Həmid Xəlil bəy xalq maarif nazirinə ərizə yazaraq hökumətin xaricə göndərəcəyi yüz tələbədən biri olmaq istədiyini bildirib. Onun ərizəsi müsbət dəyərləndirilib və İtaliyada təhsil alacaq 23 nəfərdən biri seçilib. 13 yanvar 1920-ci ildə ona dövlət hesabına xaricdə təhsil alacaq tələbələrdən olduğuna dair sənəd təqdim edilib. Lakin Həmid bəy daha sonra bir çox tələbə kimi İtaliyada deyil, Almaniyada oxumağa qərar verib. O, 1927-ci ildə Münxendəki Lüdviq Maksimilian Universitetinin tibb fakültəsini bitirib, bir müddət Almaniyada çalışıb. Elmi işi 1929-cu ildə Münxendə də çap olunub. (Bir neçə il əvvəl İstanbulda bukinistdə həmin elmi işin Rəsulzadəyə imzalanmış nüsxəsini görmüş, şəklini çəkmişdik).

Azərbaycan Cümhuriyyəti işğal olunduğu üçün bir çox tələbə kimi o da Vətənə qayıtmayıb, mühacirətdə istiqlal mübarizəsinə qoşulub. Azərbaycan İstiqlal Cəbhəsinin Münxen şöbəsinin sədri olub. 1936-cı ildə Varşavada keçirilən Müsavat Firqəsinin qurultayına Ankaradan nümayəndə olaraq seçilib. Qurultaya qatıla bilmədiyi üçün öz mandatını partiya divanı üzvlüyünə namizəd olan mühacirlərdən Kərim Odərə etibar edib.

Mühacirətdə onun ən yaxın dostluq etdiyi şəxslər müsavatçılardan Əbdülvahab Yurdsevər və Mirzəbala Məhəmmədzadə idi. Əbdülvahab bəy Həmid Atamanı “bizim müəllimimiz” adlandırıb. Hələ gənc ikən Qafqaz Tələbələrinin Mərkəzi Komitəsində yer alan bu şəxslər qurumun “Gənclər sədası” adlı qəzetini çap etmişdilər. Qəzetin rus versiyasını Həmid bəy, türkcə variantını isə Əbdülvahab bəy hazırlayırdı. Mirzəbala bəy isə qəzetin əsas yazarlarından idi.

1959-cu ildə Mirzəbala Məhəmmədzadənin vəfatı ilə bağlı qələmə aldığı məqaləsində Həmid Xəlil bəy yazırdı: “1916-1920-ci illərdəki Bakıdakı çalışmaları gözümün önündə canlandı. Azərbaycanın istiqlalından öncə və sonra bərabər çalışdığımız günlər yaddaşımda canlandı. Qırmızı rus istilası, həbslər və amansız işgəncələr film lenti kimi gözümün önündən keçdi... Şiller ölməz şeirlərini şiddətli maddi sıxıntı içərisində yazdığı kimi Mirzəbala da bir çox məqaləsini pendir-çörək yeyərək qələmə almışdı”.

Türkiyəyə gəlişi

Həmid bəy 1934-cü ildə Türkiyəyə gəlib, Kırklareli şəhərində Bahaeski hökumət təbibliyində çalışıb. Daha sonra Ankara Nümunə Xəstəxanasında qulaq-burun-boğaz bölümündə professor M. Mayerin assistenti olaraq çalışıb. 1938-ci ildə yenə həmin sahə üzrə Manisa dövlət xəstəxanasına təyin edilib. 1941-1942-ci illərdə hərbi xidmətdə olub. Qayıtdıqdan sonra Ankarada Uşaq İslah Evində təqaüdə çıxdığı 1965-ci ilə qədər həkim kimi fəaliyyət göstərib. Eyni zamanda Ankaranın Samanpazarı səmtində öz müayinəxanasını açıb, soydaşlarımıza xüsusi xidmət göstərib. 27 aprel 1945-ci ildə Ankara Nümunə Xəstəxanasının altıncı tibbi toplantısında Həmid bəy “Rubrofenle adenit tedavisi” mövzusunda çıxış edib.

Həmid bəy 1946-cı ildə Qars Milli Şurasının təmsilçilərindən Məhəmməd Əlibəyzadənin qızı Dr. Şəfiqə Əlibəyzadə ilə ailə həyatı qurub, bu evlilikdən Turunc (diş həkimi olub) və Narınc (əczaçı olub) adında qızları dünyaya gəlib.

Qeyd edək ki, Azərbaycan İrtibat Heyətinin sədri Əbdürrəhman Fətəlibəylinin həyat yoldaşı Leyla Qazıyeva Şəfiqə xanımın qohumu olub. Leyla xanım 1947-ci il oktyabrın 6-da İtaliyadakı Reggio-Emiliya qaçqın düşərgəsindən türk jurnalist Ziyad Əbüzziyaya göndərdiyi məktubunda Ankarada yaşayan qohumları olaraq Əlibəyzadə ailəsini göstərib, Şəfiqə xanımın da adını çəkib.

Şəfiqə xanımın yazdığına görə Həmid bəy rus və alman dillərini ana dili kimi bilirdi, orta dərəcədə də fransızcaya vaqifdi, türk tarixinə dair kitabları oxumağı çox sevərmiş.

Azərbaycan Kültür Dərnəyində

1 fevral 1949-cu ildə Ankarada Azərbaycan Kültür Dərnəyi qurulub. 1949-cu ilin aprelin 17-də bazar günü saat 10-da dərnəyin Ankara Xalq Evində vəkil Hüseyn Aksunun sədrliyində ilk ümumi yığıncağı keçirilib. Quruculardan Dr. Həmid Atamanın qurultayı açmasından sonra sədrlik divanı seçilib. Pilot Məhəmməd Altunbay dərnəyin qayəsi haqqında qısa çıxışından sonra təşkilatın nizamnaməsi müzakirəyə çıxarılıb, bəzi dəyişikliklər edilib. Nizamnamənin yekdilliklə qəbulundan sonra gizli səsvermə ilə idarə heyəti müəyyənləşdirilib. Səsvermə nəticəsində sədrliyə Dr. Həmid Ataman seçilib. Ümumi katibliyə Əziz Alpoud, mühasibliyə Məhəmməd Altunbay, üzvlüyə Feyzi Aküzüm və Hüseyn Aksu seçiliblər. Dərnəyin fəxri sədrliyinə Məhəmmədəmin Rəsulzadənin seçilməsi alqışlarla və coşquyla qarşılanıb. Dərnəyin qeydiyyat dəftərində də ilk ad-soyad Həmid Xəlil bəyə məxsusdur.

15 yanvar 1950-ci ildə Azərbaycan Kültür Dərnəyinin ikinci qurultayı keçirilib. Qurultay saat 09:30-da Ankara Xalq Evində toplanıb. Tədbirdən öncə Atatürkün müvəqqəti qəbri ziyarət edilərək çələng qoyulub. Ziyarətdə Rəsulzadə ilə birlikdə Həmid Ataman, Əbdülvahab Yurdsevər, Kərim Odər və başqaları iştirak ediblər. Ziyarətdən sonra Xalq Evinə gələn dərnək qurucuları və üzvlər saat 10-da ikinci qurultayın açılışını ediblər. İstiqlal marşı oxunduqdan sonra dərnəyin idarə heyətinin sədri Dr. Həmid Ataman açılış nitqini söyləyib.

10 noyabr 1953-cü ildə Mustafa Kamal Atatürkün Etnoqrafiya muzeyindəki müvəqqəti qəbrinin Anıtməzara nəql edilməsi ilə bağlı baş tutan cənazə törənində Azərbaycan Kültür Dərnəyi adına Rəsul Ünsal, Həmid Ataman və Kərim Odərdən ibarət heyət iştirak edib.

Həmid bəy dərnəyə iki dəfə sədrlik edib. Birinci sədrliyi 17 aprel 1949 - 18 noyabr 1953, ikinci sədrliyi 1 mart 1955 – 3 mart 1957 tarixlərində olub. Sonrakı illərdə dərnəkdə müxtəlif vəzifələrdə yer alıb, vəfatına qədər qurumla münasibətini kəsməyib. Dərnəyin quruluşunun 25-ci ildönümündə şərəf bəlgəsinə layiq görülüb. Həmid bəy eyni zamanda Azərbaycan Milli Mərkəzinin və Türk Dil Qurumunun da üzvü olub.

Həmid bəy 18 mart 1979-cu ildə vəfat edib, 20 martda Ankarada Karşıyaka məzarlığında dəfn olunub. Azərbaycan Kültür Dərnəyinin sədri Feyzi Aküzüm mərasimdə çıxış edib, onun həm həkim kimi, həm də dərnək sədri kimi fəaliyyətindən ehtiramla bəhs edib.

“Azərbaycan” jurnalının 230-cu sayında Həmid bəyin həyat hekayəti ilə bağlı maraqlı yazılar dərc olunub. Feyzi Aküzüm, Əhməd Qaraca və xanımı Şəfiqə Ataman onun ali keyfiyyətə malik şəxsiyyəti haqqında dəyərli yazılar qələmə alıblar. Onun haqqında ən geniş məqalə isə professor Ədalət Tahirzadə ilə Oğuztoğrul Tahirlinin müəllifləri olduğu “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabındadır.

Məktubları

Şəxsi arxivimizdə Həmid Atamana aid bir məktub, vizitka və tərcüməçisi olduğu bir əsərin imzalı nüsxələri var. 20 fevral 1952 tarixli məktubunda Həmid Ataman Mirzəbala Məhəmmədzadəyə yazırdı:

“Hörmətli Mirzəbala bəy,

Dərnəyimiz adından Ankarada “Azərbaycan Cümhuriyyəti tarixi” mövzusunda bir konfrans verməyiniz barədə etdiyimiz xahişimizi qəbul edərək bizə minnətdarlıq bəxş edən dəyərli vədinizə nail olmuşduq. Bu dəfə isə verəcəyiniz konfransın yazılı bir nüsxəsinin göndərilməsini, hansı tarixdə gələ biləcəyinizin mümkünlüyünü bildirməyinizi, konfrans günündən ən az on gün əvvəl Ankarada ola biləcəyiniz günün xəbər verilməsini və bu məqsədlə çəkəcəyiniz xərcləri qarşılamağı düşündüyümüzdən mümkün görünən xərclərinizin miqdarını bildirməyinizi hörmətlə rica edir, bu istəyimizin də qəbul ediləcəyinə böyük ümid bəslədiyimizi ərz edirik. Hörmətlə”.

Həmid bəy Ervin Rosen adlı müəllifin “Amerikalı” adlı kitabını türk dilinə çevirib. Bu tərcümə Kərim Yaycılının nəşr etdiyi “Türk birliyi” və dərnəyin “Azərbaycan” jurnalında da hissə-hissə dərc olunub. Əsərini qarslılara həsr edən Ataman kitabın giriş sözündə Qarsın tarixi ilə bağlı mühüm bilgilər verib:

“1877-ci ildən 1920-ci ilə qədər Qars əhalisinin üzləşdiyi iztirabları müəyyən dərəcədə Anadolu bölgələrinin digər hissələri də yaşamışdır. Lakin bu proses onların məkanında daha qısa sürmüşdür. Müqəddəs vətənimizin hər guşəsi 1918-ci ildən sonra başlayan fəlakəti 1921-ci ilə qədər yaşamış, üç il ərzində bu ağır sınaqları üzərindən ataraq xilas olmuşdur. Qars isə 1877-ci ildə çar Rusiyası tərəfindən işğal edilmiş, 1918-ci ildə isə çarlığın süqutu ilə azadlığa qovuşmuş, lakin yalnız 1920-ci ildə, uzun illərin misli görünməmiş işgəncə və iztirablarından sonra yenidən Ana vətənlə birləşmişdir.

Çarlıq dövründə maarif yolu qarslıların üzünə qapanmışdı. Çünki yeddi yaşlı uşaqlardan belə rus dilində danışmaq tələb edilirdi. Xalqın torpağı müxtəlif hiylə və məkrli üsullarla əlindən alınır, həyat çətinləşdirilirdi. Lakin bütün bu təzyiqlərə baxmayaraq Qars xalqı ruhdan düşməmiş, Ana yurda qovuşmaq arzusunu heç vaxt itirməmişdir. Mənəvi və maddi cəhətdən məhvə sürüklənən xalq öz haqqına sahib çıxmış, çar idarəsinin təzyiqlərinə qarşı dirəniş göstərmiş, oraq və sapandla torpağa bağlanaraq müqəddəs vətənin bütövlüyü uğrunda misilsiz fədakarlıqlar nümayiş etdirmişdir. Bu gün Qars xalqı azad iradə ilə addımlayaraq, sinəsini qürurla gərərək, başı uca halda, saysız-hesabsız təpələrdə dalğalanan al bayrağını salamlayır.

1917–1920-ci illərdə bölgə əhalisinin yaşadığı iztirablar, tarixə düşən faciələr yazmaqla da, danışmaqla da tam ifadə oluna bilməz. Ərdahan, Qars və İğdırın hər daşı, hər ağacı altında bu gün yaşayanların yaxınlarının bir çoxu şəhidlik zirvəsinə ucalmışdır. Qars xalqı isə Ana vətənə məhəbbətini və bağlılığını heç vaxt itirməmiş, müxtəlif təbliğatlara əhəmiyyət verməmiş, ən ümidsiz günlərində belə müqəddəs Türkiyəsi uğrunda mübarizə aparmışdır. Bu gün də həmin iradə daha da dərinləşmiş, möhkəmlənmiş şəkildə davam edir və gələcəkdə də davam edəcəkdir. Qars xalqı öz vilayətinin Ana vətəndən əsla ayrılmaz bir bütöv olduğunu dərk etmiş və bunu 43 illik ağır mübarizəsi ilə sübut etmişdir. Qarslılara həsr etdiyim bu kiçik yazı, onların qəhrəmanlıq və fədakarlıq irsinin bir yadigarıdır.

Əzablı illər geridə qalmışdır. Bəlkə də, aranızda həmin qara günləri unudanlar da vardır. Ancaq, xeyr – unutmaq olmaz! O qorxunc günləri xatırlamalıyıq ki, bu günün xoşbəxtliyinin dəyərini bilək. Dəyişən dünyaya uyğunlaşmaq zəruridir. Kəndlimizin gün doğmadan bir parça azuqə ilə tarlaya getməsi, gün boyu torpaqla mübarizə aparması və yalnız gecə evinə dönməsi onun zəhmətsevərliyinin göstəricisidir. Bu zəhmət tükənməz bir sərvətdir. Lakin daha səmərəli olması üçün dünyanın ən inkişaf etmiş xalqlarının həyat tərzini və iş üsullarını öyrənmək və göstərmək vacibdir. Zəhmətkeş, doğru və fədakar yurddaşlarımız və qarslı qardaşlarımız bundan fayda götürməlidirlər. Doğrudan da, vəziyyətin təsəvvürü belə dəhşətlidir. Bizim üçün çıxış yolu yalnız işləmək, daha çox işləmək və səmərəli işləməkdir.

Manisa, 26/8/1943

H. Ataman”

Beləliklə, Azərbaycan Cümhuriyyəti tələbələrindən Həmid Xəlil Atamanın Qars-Bakı-Münxen-Ankara ömrü dəyərli və şərəfli keçmişdir...

Seçilən
51
22
teleqraf.com

10Mənbələr