AZ

Konfet kağızlarının üzərinə şirkət adı yazırdıq Rəssam Rafael Əsədov

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müsahibimiz kino və televiziya rəssamı, Əməkdar mədəniyyət işçisi Rafael Əsədovdur. O, "Ac həriflər", "Bala-başa bəla", "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Topal Teymur" kimi televiziya tamaşalarının quruluşçu rəssamıdır.

Rafael Əsədov ilə söhbəti təqdim edirik.

- Rafael Əsədovun yaradıcılıq hekayəsi necə başladı?

- Uşaqların təxminən 70-80 faizi şəkil çəkməyi sevir. Amma müəyyən yaşdan sonra hər kəs fərqli sahələrə yönəlir: biri fizik olur, biri ədəbiyyatçı, biri riyaziyyatçı. Kim ki rəssamlıqdan ayrıla bilmir, zaman keçdikcə bu sahəyə daha çox bağlanır və davam edir. Rəssam olmaq istəyir, amma bu, hər zaman gerçəkləşmir - sadəcə istək olaraq qala bilər. Sonrakı mərhələ taleyin işidir: ya ali məktəbə qəbul olur, ya olmur, ya da həvəsdən düşür. Əgər insanın içində rəssam olmaq arzusu varsa, bu yolun sonuna qədər gedəcək. Ən vacib olan həvəsdir. Həvəs varsa, istər-istəməz insan hər şeyə nail olur. Bu yolda mübarizə aparırsan, bəzən səndən daha istedadlı insanlarla qarşılaşırsan və ruhdan düşürsən. Amma həm həvəs, həm də istedad varsa, bir müddət sonra yenidən davam edirsən. Bu, marafon yarışı deyil ki, kiminləsə ötüşəsən. Hər rəssamın öz baxışı, öz üslubu var. Ola bilər ki, hansısa rəssam sənə xoş gəlməsin, yaxud sən onun xoşuna gəlməyəsən. Əsas odur ki, yaratdığın əsər əvvəlcə özünə xoş gəlsin.

- Bəziləri sənətə maddiyyat mənbəyi kimi yanaşır. Sizin yanaşmanız necədir?

- Rəssamlar çoxdur. Elələri var ki, yalnız dolanışıq üçün bu yolu seçiblər, sənətini satır, ailəsini dolandırır. Bu mənə çatmır. Sən bu işi yaradırsansa, o, artıq sənin özününküdür, öz balan kimidir. Onu pula satırsansa, əlindən gedir. Hətta yaxşı qiymətə satsan belə, bilməlisən ki, onu kimə satırsan. Mən elə insanlara rast gəlmişəm ki, hansısa rəssamın hədiyyə etdiyi əsəri bir küncə atıb, ya da ailəsindən kimsə bəyənmədiyi üçün dəyərsizləşdirib. Belə halları görəndə adamın ürəyi sızlayır. Axı bu, sənətkarlığın məhsuludur, buna zəhmət çəkilib. Əsər ya muzeydə olmalıdır, ya da sənəti dərindən bilən bir insanda. Mən çəkdiyin işi kimə gəldi satmağı qəbul edə bilmirəm, özüm də heç vaxt satmamışam. Səttar Bəhlulzadə böyük rəssam və ürəyiaçıq insan olub. Əsərlərinin çoxunu hədiyyə edib. İndi onun işlərini elə insanların əlində görürəm ki, baxanda çəkilən zəhmətə heyifim gəlir.

- Sizin heyif olan hansısa əsəriniz olubmu?

- Yox, olmayıb. Amma belə bir hal olub ki, dərs dediyim vaxt işlərimdən bir neçəsini öyrənmək üçün tələbələrimdən birinə vermişəm. Sonra həmin işlər geri qayıtmayıb. Tələbə özü də harada olduğunu bilmədiyini deyib. Bu, mənə pis təsir edir, çünki həmin əsərlər xoşuma gəlirdi və digər tələbələrimə də göstərə bilərdim. Amma heç öz əsərimi kiməsə hədiyyə verməmişəm.

- Necə oldu ki, AzTV-yə gedən kimi baş rəssam oldunuz?

- Gedən kimi olmadım. Həyata və yaradıcılığa yeni qədəm qoyanda, hara ilişirsənsə, ora sənin taleyini müəyyənləşdirir. Mən AzTV-yə gedəndə ağlıma belə gətirməzdim ki, quruluşçu rəssam olacağam. Hətta o vaxt quruluşçu rəssamın nə olduğunu belə bilmirdim. Əvvəllər rəssamlıq məktəbini bitirəndən sonra ali məktəbə qəbul olunmaq üçün iki illik staj lazım idi. Əvvəlcə bir müddət rayonda müəllim kimi işlədim, amma gördüm ki, bu, mənlik deyil. Şəhərə gəldim və istehsal dizaynı ilə məşğul olmağa başladım. Konfet kağızlarının üzərinə xırda hərflərlə şirkətin adını yazırdıq. Rəssamlığı bitirmiş bir insan kimi belə xırda işlə məşğul olmaq mənə ağır gəlirdi, əsəbləşirdim. Amma dolanmaq lazım idi. Əslində, bu çətinliklər insana güc verirdi, çünki bilirdim ki, buradan çıxmalıyam. Bu vəziyyət müvəqqəti idi. O vaxt "Ulduz" jurnalı yeni çıxmışdı. Dostum Ədalət Əzizov orada bədii redaktor idi. Mənə dedi ki, səni tanıyıram, illüstrasiya edə bilərsən? Razılaşdım. Dedi ki, əvvəlcə redaktor baxsın. O vaxt baş redaktor Yusif Səmədoğlu idi. Çingiz Ələkbərovun "Vulkan" əsərini hazırladım. Ədalət işləri baş redaktora apardı, o da bəyəndi. O vaxtdan illüstrasiya ilə məşğul olmağa başladım. Orada iki-üç rəssam işləyirdi. Sonralar nəşriyyatlardan da sifarişlər almağa başladım. Ədalət həm də AzTV-də və "Danışır Bakı" qəzetində işləyirdi. O, mənə dedi ki, gəl burada şrift yazan rəssamlarla işlə. Razılaşdım. Artıq bu işi az-çox bilirdim. Bir müddət bununla məşğul oldum. Amma mənim üçün bu, vaxt itkisi idi. Çünki başqa işlərlə də məşğul ola bilərdim. Halbuki 6 il oturub şrift yazdım və bu illər ömrümdən getdi. Daha sonra rejissor Rauf Kazımovski məni quruluşçu rəssam kimi işləməyə dəvət etdi, Ramiz Mirzəyev və Tariyel Vəliyevlə işlədim. İllər keçdikcə püxtələşib baş rəssam səviyyəsinə qədər yüksəldim. Mənim adım baş rəssam idi, amma bunu heç vaxt kiməsə hiss etdirməmişəm. Adi rəssam işlədiyim dövrlə baş rəssam olduğum dövrü bir-birindən ayırmıram. 40 il AzTV-də çalışdım. Bayaq dediyim kimi, insan hara ilişirsə, taleyi də orada həll olunur. Halbuki mən tamam başqa ümidlərlə yaşayırdım.

- Hələ də həmin ümidlərlə yaşayırsınız?

- Hazırda rəngkarlıqla məşğulam, indiki yaradıcılığım buna yönəlib. Yağlı boya ilə işləməyə 50 yaşdan sonra başladım və sənətin ləzzətini əslində o zaman hiss etdim. Televiziya məni bağışlasın. Orada hər hansı tamaşanın ərsəyə gəlməsi üçün 40-45 nəfər çalışır: ssenari müəllifi, rejissor, operator, səs rejissoru, musiqi tərtibatçısı və başqaları. Hər kəs elə bilir ki, tamaşa onun tamaşasıdır. Bu, müştərək işdir. Rəssam nə edirsə etsin, tamaşa yenə də rejissorun adı ilə bağlanır. Düzdür, orada qiymətləndirirdilər, rejissorların çoxu yaxşı iş gördüyüm üçün mənimlə işləyirdi. Amma nə olsun? Həmçinin bir kitabı müəllif yazır, rəssam isə ona illüstrasiya çəkir, amma ikinci planda qalır. Sözsüz ki, rəssam hansı sahədədirsə, orada öz qabiliyyətini göstərməlidir. Kitaba illüstrasiya çəkmək üçün müəllifi hiss etməlisən, onu başa düşməlisən. Məsələn, mənə Məhəmməd Füzulinin kitabını təklif edəndə imtina etdim. Çünki özümə onu rəva bilmədim. Hamımız Füzulini sevirik, amma mən yenə də imtina etdim. Çünki onu tam dərindən anlamaq lazımdır. Azərbaycan ədəbiyyatında Nizami Gəncəvidən,  Tağı Şahbazidən tutmuş müasir yazıçıların əsərləri və rus klassiklərinin əsərləri üzərində işləmişəm - Çexov, Turgenyev, Tolstoy və başqaları. Amma yenə də bu, müştərək işdir. Teatrda da eyni vəziyyətdir. Bir məqamı qeyd edim, televiziyada və teatrda rəssam dramaturgiyanı çox vaxt daha dərindən hiss edir. Bu da yəqin ki, tək işləməkdən irəli gəlir. Elə anlar olur ki, hansısa əsərdə elə bir ideya verirsən ki, rejissor təəccüblənir. Deyir, bu, ağlına necə gəldi? Hətta bəzən qısqanclıq hissi yaranır. O vaxt kvalifikasiyanı artırmaq üçün kurslar keçirilirdi. Orada Rusiyanın aparıcı rejissorlarından biri mənə dedi ki, bizdə paxıllıq hissi olur, çünki bizim ağlımıza gəlməyən şeyləri rəssamlar görə bilir.

- Bəs bu reallıqları nə vaxt hiss etdiniz?

- Mən bunu həmişə hiss etmişəm. İndiki aparıcı rəssamlarla birgə oxumuşam. Bayaq dediyim kimi, insanın düşdüyü yer onun taleyini həll edir. Mən AzTV-yə gəldikdən sonra həmin rəssamlardan bir müddət ayrı düşdüm, sərgilərdə iştirak etmirdim. Hər dəfə öz-özümə deyirdim ki, bu tamaşa bitsin, başlayacağam öz işimə. Amma orada iş heç vaxt bitmirdi. Bir gündə üç dekorasiya qurmaq lazım gəlirdi. Beləcə, ömür keçdi.

- Bunu əvvəldən bilə-bilə nə üçün bu yola davam etdiniz?

- Səhv etdim. Bilirsiniz, bəzən həyatda seçimləri insan özü etmir, həyat məcbur edir. Amma bu gün artıq sırf rəngkarlıqla məşğulam və kifayət qədər işlərim var.

- AzTV-də "Ac həriflər", "Bala- başa bəla" kimi tamaşalarda işləmisiniz. Onlar hələ də aktuallığını itirməyən, yaxşı işlərdir. Yəni bu tamaşalarda işləmək də sizə təsəlli olmur, eləmi?

- Baxın, mən hətta bəzən təəssüflənirəm. Ömrümü mənə daha yaxın olan sənət növünə, sevdiyim rəngkarlığa həsr edə bilərdim.

- AZTV-dən çıxandan sonra fəaliyyətinizi harada davam etdirdiniz?

- Təqaüdə çıxan ərəfədə Mədəniyyət və İncəsənət Universitetindən dəvət elədilər. Hazırda tələbələrə öz təcrübəmi öyrədirəm. Bu, mənim üçün gözlənilməz və xoş təsadüf oldu. Ürəyimcə sənətimi öyrədirəm və bundan zövq alıram.

- Rafael müəllim, indi gənc nəsillə yaşlı nəsil arasında tez-tez konflikt yaşanır. Bu hal sizdə də olubmu?

- Şəxsən məndə olmayıb. Mən onlardan razıyam. Belə. İndi de görüm başqa nə deyirsən?

- Daha heç nə. Siz nəsə demək istəyirsiniz?

- Dahilərdən birinin belə bir sözü var, insana yaşamaq üçün iki səbəb lazımdır: yaradıcılıq və sevgi. Kim olursan ol, əgər qəlbində sevgi yoxdursa, sən heç kimsən.

Rafael müəllim sevgidən danışdıqca bu mövzuya həsr olunan mahnıları xatırlamağa çalışdım. Amma nədənsə qulaqlarımda istər-istəməz "Səadət" mahnısı səslənməyə başladı. Nə qədər düşünsəm də, sevgiyə aid bir mahnı da yadıma düşmədi. O an anladım ki, bəlkə elə sevgi səadətin özüdür.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
21
525.az

10Mənbələr