ABŞ prezidenti Donald Tramp, Avropa liderləri və ukraynalı həmkarı Vladimir Zelenski arasında keçiriləcək görüşdə tərəflər gələcək sülh sazişində Ukrayna üçün təhlükəsizlik təminatlarının necə olacağını müzakirə etməyi planlaşdırırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa rəsmisinə istinadla NBC News məlumat yayıb.
Telekanalın digər mənbəsi bildirib ki, Ukrayna bu görüşdən NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş təminatlara oxşar təminatları müzakirə etmək üçün istifadə etmək istəyir. Bu bənd alyansa üzv olan ölkələri hücum zamanı bir-birini müdafiə etməyə məcbur edir.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff bildirib ki, Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada danışıqlar zamanı Ukrayna üçün təhlükəsizlik təminatları barədə razılığa gəliblər. Amerika rəsmisinin sözlərinə görə, bu, NATO-nun 5-ci maddəsi ilə analoqdur. Vladimir Putin amerikalı həmkarı ilə danışıqlardan sonra bildirib ki, Rusiya Ukraynanın təhlükəsizliyini təmin etmək üçün işləməyə hazırdır.
Avqustun 18-də Vladimir Zelenski Vaşinqtona gələcək və Donald Trampla Rusiya ilə sülh sazişinin şərtləri ilə bağlı danışıqlar aparacaq. Liderlərə daha sonra Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Giorgio Meloni qoşulacaq.