Bakı şəhərində bir qrup ərəb turistin Şəhidlər Xiyabanında etik normalara zidd davranışlar sərgiləməsi və həmin anları videoya çəkərək sosial şəbəkələrdə paylaşması ictimaiyyətdə ciddi narazılıq doğurub. Maraqlıdır, Şəhidlər Xiyabanında hörmətsizlik edən şəxsləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, turistlərin bu davranışı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin xırda xuliqanlıq tələblərinə uyğun olaraq qiymətləndirilir:
“Həmin maddənin sanksiyasına əsasən, özgənin əmlakına və ya ictimai qaydaya zidd hərəkətlər edən şəxslər 50 manatdan 100 manatadək cərimə edilə bilərlər. Eyni zamanda, halların ağırlığından asılı olaraq, bu şəxslərin 15 günədək inzibati həbs olunması da mümkündür.
Hüquqşünas qeyd edib ki, əgər inzibati məsuliyyət yetərli sayılmasa, məhkəmə qərarı ilə həmin şəxslər ölkədən deport oluna bilərlər.
“Beləliklə, Şəhidlər Xiyabanında hörmətsizlik edən əcnəbiləri cərimə, inzibati həbs və deportasiya cəzası gözləyir”.
Aynurə İsmayıl
KONKRET.az